AZ EN RU

Muzey ziyarətləri davam edir - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizi, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Muxtar respublikamızın Culfa rayonu ərazisində yerləşən Əlincəqala və Gülüstan türbəsi Tarixi memarlıq abidələrində olublar. 

Ekskursiya ərzində qonaqlar ilk əvvəl Əlincəqala Muzeyi ilə yaxından tanış olublar. Məlumat verilib ki, Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur. Bununla yanaşı bu orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur.

Muzeylə tanışlıq zamanı diqqətə çatdırılıb ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev Əlincəqala abidəsinin tarixi və mədəni əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda, ümumilikdə, 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir.

Daha sonra muzey ziyarətçiləri Gülüstan türbəsi ilə də tanış olublar. Türbənin tarixi haqqında məlumat verilərək bildirilib ki, Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir. Gülüstan  türbəsi Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir. Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və ornamentlərlə doldurulmuşdur. Həmin naxışların özünəməxsus xüsusiyyətlərinə və tarixinə nəzər saldıqda demək olar ki, türbə XII əsrdə inşa olunmuşdur. Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamı ilə ilkin görünüşü və tarixi arxitekturası qorunub saxlanılmaqla bərpa olunmuşdur.

Məcid  RƏŞADƏTOĞLU

 

 

Nəşr edilib : 30.04.2022 19:14