AZ EN RU

Muzey ziyarətləri davam edir-foto

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur.    

Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizi, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarixi-Memarlıq Muzey Kompleksində olublar.

Ekskursiya çərçivəsində qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr sırasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi mühüm əhəmiyyət kəsb edir. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda, Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş “Naxçıvanqala” müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə “Naxçıvanqalanın” bərpasına başlanılmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi mədəni irsinin mühavizəsini təmin etmək məqsədilə burada “Naxçıvanqala” Tarix-Muzey Kompleksinin yaradılması haqqında qərar qəbul edilmişdir. Orjinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar muzeyin eksponatları sırasındadır. Bununla yanaşı, kompleksin ekspozisiyasındakı görkəmli rəssam Şamil Qazıyevin (1908-1980) “Xırmanda”, “Taxılbiçənlər”, “Çarıqçılar”, “Qalayçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvanqala”, “Köhnə Naxçıvan” və başqa tabloları realist təsviri və etnoqrafik cizgiləri ilə qədim Naxçıvan haqqında təsəvvür yaradır.

Qeyd olunub ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan Muxtar Respublikasının ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaradıb. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan “Naxçıvanqala” yalnız müdafiə məqsədi daşımayıb. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. Orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirlmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən- kiçik qala, yəni Narınqala və Böyükqaladan ibarət olmuşdur. Xalqımız Narınqalanın qalıqlarını günümüzə qədər qoruyub saxlıya bilmişdir.

Diqqətə çatdırılıb ki, əsrlər boyu milli-mənəvi dəyərlərinə, tarixinə və etnoqrafiyasına sahib çıxan dövlətimiz mədəni irsimizin daşıyıcısı olan türbələrimizi, tarixi hamamlarımızı, habelə qədim qala abidələrimizi qoruyub saxlamış, onu gələcək nəsillərə miras buraxmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılması da tariximizə, milli kimliyimizə bağlılığın bariz nümunəsidir.

Həmin gün  Nazirlər Kabinetinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində, Ali Məhkəmə, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşları Cəmşid Naxçıvanski Muzeyində, Daxili İşlər Nazirliyinin kollektivi Xatirə Muzeyində, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları  Bəhruz Kəngərli Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunda fəaliyyət göstərənlər Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində, Ədliyyə nazirliyi və Pentensiar Xidmətin Aparatınında çalışanlar “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan Türbəsində, Fövqaladə Hallar Nazirliyi və struktur qurumlarının əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalareyasında, Dövlət Gömrük Komitəsinin kollektivi Qarabağlar Türbə Kompleksində, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının əməkdaşları Duz Muzeyində, Maliyyə Nazirliyində fəaliyyət göstərənlər Milli Dəyərlər Muzeyində, İqtisadiyyat Nazirliyinin kollektivi Yusif Küseyr oğlu məqbərəsində, Əmək və Əhalilin Sosial Müdafiəsi Nazirliyi və struktur qurumlarının nümayəndələri Nəbatat Bağında, Kənd Təsərrüfatı Nazirliyi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Naxçıvan Biznes Mərkəzində, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur qurumlarında çalışanlar Heydər Əliyev Muzeyində, Səhiyyə Nazirliyinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Təhsil Nazirliyində fəaliyyət göstərənlər Ədəbiyyat Muzeyində, Mədəniyyət Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Gənclər və İdman Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərənlər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 31.07.2022 11:56