AZ EN RU

Muzey ziyarətləri davam edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizi, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Naxçıvan şəhərində yerləşən Yusif İbn Küseyir türbəsində olublar.

Ekskursiya çərçivəsində qonaqlara bildirilib ki, Yusif Küseyr oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilmişdir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır. Bununla belə, türbənin ətrafı 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi göstərişi ilə əsaslı şəkildə abadlaşdırılmışdır.

Məlumat verilib ki, türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Bununla yanaşı, türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.

Qonaqlara bildirilib ki, Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli “ləm”, “əlif”, "kəf” hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilib və müqəddəs Qurani-Kərimdən bir neçə ayələr də burada öz əksini tapıb. Səkkizguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Məqbərənin tərəflərindəki hər on stalaktit tağda təkrar olunan yazıda deyilir: “Hakimiyyət vahid, qadir Allaha məxsusdur”. Sözügedən abidə səkkiz yüz illik yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində öz əzəməti ilə ziyarət edən turistlərin və qonaqların marağına səbəb olur.

          Məcid RƏŞADOĞLU

Nəşr edilib : 29.01.2022 16:39