AZ EN RU

Muzey fondu, tarixi faktlar və həqiqətlər

Müasir tariximizin salnaməsinə zəngin dövlətçilik ənənəsini ərməğan edən Ulu Öndər Heydər Əliyev irsi xalqımızın ən qiymətli sərvətidir. 1969-cu ildən başlayaraq hakimiyyətinin ilk dövrlərində mühüm sahələrdən biri kimi Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişafına xüsusi qayğı göstərən Ümummilli Liderimiz, ilk növbədə, Azərbaycan SSR Elmlər Akademiyasının fəaliyyətinin gücləndirilməsinə diqqəti artırmış və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Qarşıdan isə Azərbaycan tarixi üçün önəmli olan mühüm dövlət tədbirləri – Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50, Naxçıvanın muxtariyyətinin isə 45 illik yubiley tədbirləri gəlirdi. Belə mühüm dövlət tədbirlərinə hazırlıqla əlaqədar çıxışların, elmi məruzələrin hazırlanması üçün tarixə söykənən yeni faktların, məlumatların üzə çıxarılmasına böyük ehtiyac var idi. Məhz belə bir zamanda Ulu Öndər Heydər Əliyevin tövsiyəsi və tapşırıqları əsasında Azərbaycan SSR EA-da geniş hazırlıq işləri görülmüş, elmi ekspedisiya qrupu yaradılmış və qrupun Naxçıvana ezam olunması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu əlamətdar hadisə məhz dahi şəxsiyyət hakimiyyətə ilk gəlişindən bir neçə ay sonra baş vermişdi. İlk dəfə olaraq 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana ezam olunan elmi ekspedisiyanın Naxçıvan Dövlət Tarix Muzeyində ilk konfransı keçirilmiş, Naxçıvanın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. 
    Tanınmış tədqiqatçı alim Osman Həbibullayevin rəhbərliyi ilə akademiyanın əməkdaşlarından Məhəmməd Nəsirli, Rəbiyyə Qasımova və ekspedisiyanın digər üzvləri 1969-cu ilin oktyabrında Naxçıvana ezam olunmuşlar. Həmin elmi ekspedisiya Naxçıvanın tarixinin yenidən tədqiqində yerli kadrların da imkanlarından geniş istifadə etmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının direktoru, tarix elmləri namizədi Əli Əliyevi, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Əbülqasım Sultanovu, həmçinin həvəskar tədqiqatçılardan muzeyin elmi katibi Məmməd Məmmədovu, baş elmi işçi Kamal Qasımovu və başqalarını ekspedisiya işlərinə cəlb edərək birlikdə Naxçıvan ərazisində, o cümlədən Şahbuz rayonunda tədqiqat işləri aparmışdır.
    1969-cu ilin noyabrında Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu elmi-tədqiqat işlərinin yekunu olaraq elmi-nəzəri konfrans keçirmiş, konfransda Naxçıvanın qədim tarixinin öyrənilməsinin əsas məsələləri, Azərbaycanda antropologiya elminin inkişaf məsələləri, Naxçıvanda sovet dövrünün tarixi, muxtar respublikanın etnoqrafiya tarixinin öyrənilməsi məsələləri geniş müzakirə edilmişdir. Məruzələrin icmalları ilə tanış olarkən öyrənirik ki, elmi ekspedisiyanın rəhbəri O.Həbibullayev Naxçıvanın tarixi ilə bağlı maraqlı faktlara söykənərək bildirmişdir ki, şəhərlərin yaranması tarixini yazılı məlumatlarla dəyişdirmək mümkün deyildir. Naxçıvanın qədimliyini sübuta yetirmək üçün şəhərin maddi mədəniyyət qalıqları ilə zəngin olan abidələrini qoruyub saxlamaq və onların ətrafında geniş arxeoloji qazıntılar aparmaq lazımdır. Ekspedisiya rəhbəri qeyd etmişdir ki, XIX əsrin 90-cı illərində Naxçıvan ərazisində təsadüfən aşkara çıxarılmış qədim maddi mədəniyyət nümunələri sonralar Naxçıvanın tarixinin daha dərindən öyrənilməsinə maraq doğurmuş, 1926-cı ildə sovet alimlərindən İ.İ.Meşşaninov, A.A.Miller, 1934-cü ildə Azərbaycan arxeoloq-etnoqrafı Ə.Ələkbərov, 1950-1964-cü illərdə akademiyanın Tarix İnstitutunun tədqiqatçıları qədim diyarın ərazisində tədqiqat işləri aparmış, eramızdan əvvəl ikinci minilliyin birinci yarısında Naxçıvan şəhəri ərazisində yüksək mədəniyyətə malik olan əhalinin yaşadığı sübut edilmişdir. Ekspedisiya rəhbəri bildirmişdir ki, 1968-ci ildə Naxçıvan şəhərinin şimal hissəsində torpaq işləri apararkən 2 metr dərinlikdən çıxarılmış arxeoloji materiallar böyük əhəmiyyətə malik olmaqla bərabər, tapılmış 59 ədəd rəngli boyalı qab, tunc bəzək əşyaları, muncuqlar Naxçıvan mədəniyyətinin eramızdan əvvəlki XVII-XV əsrlərə aid olduğunu göstərir. 
    Ekspedisiya üzvü, tədqiqatçı alim Məmməd Nəsirlinin məruzəsində bəzi Qərb alimlərinin Qafqaz ərazisində ilk insanların – paleolit insanlarının mövcud olmamaları fikirlərinə aydınlıq gətirir və sübut edilir ki, bəşər övladının ilk yaşayış məskəni kimi Naxçıvan bütün tarixi dövrlərdən, o cümlədən qədim daş dövründən üzü bəri, ardıcıl olaraq insanların yaşadığı yurd yeri kimi tanınmışdır.
    Naxçıvan Dövlət Tarix Muzeyində keçirilmiş elmi-nəzəri konfransda ekspedisiya üzvü, bioloq-alim R.Qasımova bildirmişdir ki, sovet antropologiya elmi ən qədim dövrlərdə yaşamış insanla müasir insanın kəllə sümüklərində baş verən bioloji dəyişiklikləri öyrənmiş, məlum olmuşdur ki, Qafqazda dörd əsas antropoloji qrup mövcuddur. Naxçıvan kaspi antropoloji tiplərin ən çox müşahidə edildiyi ərazilərdən biridir. Ona görə də Naxçıvan şəhər mədəniyyətinin dərindən öyrənilməsi tarix elmi üçün böyük əhəmiyyət kəsb edir. 
    Naxçıvanlı tarixçi-alim Əli Əliyev həmin konfransda Naxçıvan tarixinin çox mühüm məqamlarına toxunmuş, kiçik əraziyə malik, lakin böyük tarixi hadisələrə şahidlik edən Naxçıvanın muxtariyyət statusuna sahib olmasını böyük tarixi hadisələrin nəticəsi kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, 1917-ci ildə çar Rusiyasının devrilməsindən istifadə edən Naxçıvanın demokratik qüvvələri – Mirzəlibəy Bəktaşi, Hacı Mirbağır Mirheydərzadə, Məmməd Rəhimov, Məşədi Əhməd Əzimov və başqaları əhalini demokratik hərəkata qaldırmış, imperialist təcavüzkarlarına və daşnaklara qarşı 1918-ci ildə ciddi müqavimət göstərmişlər. Ölkəyə yeridilən ingilis-amerikan hərbi qüvvələri Naxçıvan ölkəsinin “bitərəf zona” adı altında müstəmləkələşdirilməsinə cəhd göstərsələr də, həm onlara, həm də erməni daşnaklarına qarşı Naxçıvanda, Ordubadda özünü müdafiə hərəkatı başlanmış, silahlı müdafiə dəstələri təşkil edilmişdir. 
    1969-cu ilin oktyabr ayında Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən konfransda iştirak edən muzeyin əməkdaşlarından Kamal Qasımov və Məmməd Məmmədov öz çıxışlarında Şahbuz rayonuna təşkil edilmiş elmi ekspedisiya işlərindən danışmış, rayonun kəndlərinin tarixini, mədəniyyətini, iqtisadi və məişət həyatını, həmçinin qədim, orta və yeni dövrlərə aid olan təpələrin, abidələrin, qədim yaşayış məskənlərinin yerini öyrənmək, gələcəkdə tədqiq etməkdən ibarət olduğunu bildirmişlər. 
    Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Ə. Sultanov Azərbaycanda sovet hakimiyyətinin 50 illiyi və Naxçıvan muxtariyyətinin 45 illiyi ərəfəsində Naxçıvana təşkil edilən elmi ekspedisiyanın əhəmiyyətindən danışmış, ekspedisiya müddətində qədim insanların məişətini, təsərrüfatını, peşə mənsubiyyətlərini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri əldə etdiyini bildirərək bu mənbələrin həm də muzey tamaşaçılarının xalqımızın qədim mədəniyyət xəzinəsinə nüfuz etmələrini asanlaşdıran ən qiymətli sərvət olduğunu diqqətə çatdırmışdır.
    Milli tariximizin təbliği və nümayişi zəminində Azərbaycanda muzey işinin yenidən qurulması, geniş muzey şəbəkəsinin yaradılması istiqamətində görülən işlər görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə də davam etdirilmişdir. Belə ki, imzalanan qərar və sərəncamların nəticəsində muxtar respublika muzeyləri Naxçıvanda keçirilən beynəlxalq simpozium, konfrans və seminar iştirakçılarının, beynəlxalq turizm və idman yarışı nümayəndələrinin, ayrı-ayrı dövlət başçılarının, səfirlərin maraqla ziyarət etdikləri məkana çevrilmişdir. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində bildirmişdir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin büro iclasının protokollarından da aydın olur ki, Ulu Öndərin Naxçıvana müxtəlif dövrlərdə reallaşan səfərlərinin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilmiş və gələcək perspektivə hesablanmış addımlar atılmışdır.

Nəzakət ƏSƏDOVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq 
Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının  Əməkdar  mədəniyyət işçisi

Nəşr edilib : 07.01.2024 22:01