AZ EN RU

Muzey əməkdaşları üçün növbəti seminar-treninq

11 avqustda Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində “Muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları” mövzusunda seminar-treninq təşkil edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə reallaşan seminarda Nazirliyin sistemində olan muzeylərin  əməkdaşları iştirak edib.

Seminar- treninqdə muzey fondlarının zənginləşdirilməsinin bu gün muzeylər qarşısında qoyulan tələblərdən biri olduğunu diqqətə çatdıran Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey əməkdaşları muzeylərə eksponat cəlbi üçün səylə çalışmalı, əhali arasında maarifləndirici söhbətlər aparmalıdır.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları ilə seminar iştirakçılarını tanış edib. Vurğulanıb ki, əşyalar daimi mühafizəyə alınmamışdan öncə mütləq şəkildə muzeydə fəaliyyət göstərən fond-satınalma komissiyasının müzakirəsinə çıxarılır. Daimi mühafizəyə alınmış muzey əşyaları əsas və elmi-köməkçi fondlarda toplanır. Qəbul aktı ilə rəsmiləşdirilməmiş əşyalar muzeydə mühafizə oluna bilməz. Aktlar yazılarkən muzeyə aid olan daxilolma kitabında yazılmış axırıncı şifrə və elmi inventar nömrəsi aktlara yazılır, aktla bərabər əşyanın da üzərinə yazılır. Aktlar yazılarkən əşyanı xarakterizə edən qısa təsviri – materialı, işlənmə texnikası, saxlanma vəziyyəti, ölçüləri və hansı dövrü əhatə etməsi göstərilməlidir.

Seminarda, həmçinin   əşyaların muzeylərdə şöbələrə verilməsi qaydaları, qrup halında daxil olan əşyaların qeydiyyatı, fotoneqativ fondu barədə də ətraflı məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara mövzu ilə bağlı sənəd nümunələri təqdim edilib.

Seminar-treninq muzeyin ekspozisiyasına baxışla sona çatıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2023 15:53