AZ EN RU

“Muzey ekspozisiyalarının təhvil təsliminə verilən tələblər”mövzusunda seminar-treninq keçirilib

Dünən muzey əməkdaşları üçün “Muzey  ekspozisiyalarının təhvil təsliminə verilən tələblər” mövzusunda seminar-treninq keçirilib.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva açmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyeva “Muzey  ekspozisiyalarının təhvil təsliminə verilən tələblər” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, muxtar respublikada muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Muzey işi yüksək peşəkarlıq, dəqiqlik, elmilik tələb edən bir sahədir. Eyni zamanda muzey işinin bütün sahələri bir-biri ilə sıx surətdə əlaqədardır.

Muzey əşyalarının etibarlı qorunması ilə bağlı həyata keçirilən təhlükəsizlik tədbirləri tarixi-mədəni mirasın gələcək nəsillərə çatdırılması üçün zəruri məsələdir.

 Bildirilmişdir ki, muzeydə mühafizə və təhlükəsizliyin təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır. Mühafizə işinə həm daxili nəzarətçilər, həm də mühafizə polisinin əməkdaşları nəzarət edir.

Muzey sərvətlərini maddi-məsul mühafizəyə qəbul edən baş mühafiz eksponatları müəyyən sistem əsasında fondlarda və ekspozisiyalarda saxlandığı və nümayiş olunduğu yerlərə görə bölüşdürərək həmin eksponatları müvafiq  akt əsasında ekspozisiya mühafizlərinə təhvil verir. Əşyaların maddi-məsul mühafizəyə qəbuletmə aktında əşyanın adı, qısa təsviri, materialı, işlənmə texnikası, ölçüsü, uçot nişanı, qorunub saxlanılması, eksponatları təhvil verən və təhvil alan baş fond mühafizi və ekspozisiya mühafizlərinin ad və soyadları, eyni zamanda iştirak edən şəxslərin adları qeyd edilir. Muzey direktoru tərəfindən təsdiq edilmiş həmin akta əsasən eksponatları maddi-məsul mühafizəsinə qəbul edən şəxs artıq həmin əşyalar üzərində ciddi məsuliyyət daşıyır.

     Ekspozisiyanın gündüz növbəsindən gecə növbəsinə, muzey bağlanan və açılan vaxt təhvili muzeydaxili təlimata uyğun olaraq məsul növbətçi, yaxud maddi-məsul şəxs və ya  muzey muhafizi təsdiq olunmuş xüsusi jurnalda qeydiyyat apararaq təhvil-təslimdə iştirak edən şəxslərin  adlarını göstərməlidir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2022 14:23