AZ EN RU

“Muzey bələdçilərinin hazırlığına verilən tələblər” mövzusunda seminar-treninq keçirilib

Dövlət Bayrağı Muzeyində “Muzey bələdçilərinin hazırlığına verilən tələblər”  mövzusunda keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının şöbə müdiri Gülbuta Babayeva açaraq bildirmişdir ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, onların nəzəri və praktik biliklərinin artırılması üçün müxtəlif tədbirlər təşkil olunur.

Sonra Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızın muzeylərini hər il on minlərlə qonaq ziyarət edir. Muzeylərə yerli əhali ilə yanaşı, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn qonaqlar da böyük maraq göstərir. Bu gün muzeylərimizdə nümayiş olunan maddi mədəniyyət nümunələri xalqımızın tarixi, mədəniyyəti, məişət xüsusiyyətləri, bir sözlə, milli siması, kimliyi haqqında zəngin təəssürat yaradır. Bu baxımdan muzey sərvətlərinin ziyarətçilərə maraqlı və düzgün təqdimatı mühüm əhəmiyyət kəsb edir. Bu işdə əsas məsuliyyət isə bələdçilərin üzərinə düşür. Belə ki, muzey bələdçisi ekskursiya işini təşkil edir, ekskursiyaların keçirilməsinin hesabatını aparır, elmi işçi ilə birgə yeni ekskursiya və mühazirə mövzuları hazırlayır, yeni materiallara uyğun olaraq ekskursiya mətnlərini yeniləyir.

Vurğulanmışdır ki, muzey bələdçisi səliqəli xarici görkəmə, aydın və səlis nitqə, əhatəli dünyagörüşünə, yüksək mədəniyyətə, auditoriyanı ələ almaq bacarığına malik olmalı,  ən azı bir xarici dil bilməli, ekskursiya və mühazirə işinin metodikasını, ünsiyyət psixologiyasını dərindən mənimsəməlidir. Bələdçi ölkədə və dünyada baş verən gündəlik ictimai-siyasi hadisələrə biganə qalmamalı, yenilikləri öyrənməli, həmçinin muzeyin ümumi fəaliyyəti, qabaqcıl iş təcrübəsi, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, qəbul olunmuş dövlət proqramları ilə bağlı zəruri biliklərə malik olmalı, nəzəri və praktik hazırlığını daim artırmalıdır.

Sonra mövzu ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavanlandırılıb və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 09:47