AZ EN RU

Müzəffər Komandan, qalib Lider

     Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkə həyatının bütün sahələrində əldə edilən yüksək göstəricilər milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsidir. Sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən fundamental faktorlardır. Bütün bu nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modelinin, Heydər Əliyev quruculuq xəttinin bəhrələridir. Ümummilli liderimiz müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun, dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirmişdir. Bu gün ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. 

    Bu gün doğma Azərbaycanımız dünya arenasında özünün qüdrətli ordusu, güclü iqtisadiyyatı, beynəlxalq arenada önəmli mövqeyi, müstəqil xarici siyasəti ilə yanaşı, həm də qalib ölkə kimi tanınır. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallığıdır. 19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək ulu öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri cənab İlham Əliyev 19 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan qalib dövlətə çevirdi.
    19 il bundan öncə – 2003-cü ildə xalqına ünvanladığı müraciətdə “... Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”, – deyən ulu öndərimiz həyatının mənası olan Azərbaycan qarşısında son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    2003-cü ilin Prezident seçkilərində yekdilliklə ölkə başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın inkişafı üçün ölkədə Heydər Əliyev yolunun davam etdirilməsinin vacibliyini bildirərək demişdir ki: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.
     Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Prezident kimi fəaliyyətinin 19 ilində əldə olunan nailiyyətlər, Azərbaycanın inkişaf edən ölkələr sırasına çıxarılması Heydər Əliyev yoluna sədaqətin nəticəsidir. Praqmatik düşüncə, işgüzarlıq, xalqına, Vətəninə, millətinə bağlılıq, qətiyyət, məqsədə doğru inamla irəliləmək – bütün bunlar cənab İlham Əliyevə xalqın rəğbətini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. İlham Əliyev şəxsiyyətində intellektlə istedadın, milli-mənəvi dəyərlərə bağlılıqla modernizmin, milli düşüncə ilə müasir düşüncənin, dövlət başçısı kimi ciddiliklə humanistliyin, rəhbərliklə sadəliyin vəhdəti kimi güclü xarakter cizgiləri formalaşmışdır. 
    Dövlət başçısının Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətin kökündə “real iş görmək” prinsipi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, qitələri birləşdirən dəmir yollarının, transmilli neft və qaz kəmərlərinin çəkilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin yalnız görünən tərəfidir. Ölkə rəhbərinin yeritdiyi siyasi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd deyil, həm də vasitədir. Dövlət müstəqilliyinin qorunması, Azərbaycanın dünyada lider ölkəyə çevrilməsi yolunda vasitə!
    Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirdi. Bu gün davam etdirilən yol həmin yoldur, böyük inkişafı hədəfləyən strateji məqsəd həmin məqsəddir. Ulu öndərimizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı əldə edilmiş müstəqilliyi qorumaqdır. Xalqımızın böyük oğlu 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu fikri yeni müstəvidə davam etdirərək deyib: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir”. Sözün əsl mənasında, tam müstəqil olmaq üçün sərhəd toxunulmazlığı və müstəqil siyasət aparmaq əsas şərtdir. Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, orada hər şey xarici investisiyadan asılıdır. Azərbaycanda isə ümummilli liderimizin bizə ən böyük əmanəti olan dövlət müstəqilliyi nəinki qorunub saxlanılmışdır, o, daha da gücləndirilmişdir. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun”, – deyən Azərbaycan Prezidentinin əsas qayəsi ölkəmizin heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparması, hər bir sahədə xalqın mənafeyinin əsas götürülməsidir. Əminliklə demək olar ki, buna nail olunmuşdur. Məhz bu cür müstəqil siyasi idarəçiliyə nail olunmasının nəticəsidir ki, cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrin yüksək templə inkişafı təmin olunmuş və dinamik xarakter almışdır. 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər çərçivəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng iqtisadi layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. 
    Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. Son 18 ildə ölkəmizdə bütün sosial məsələlər öz həllini tapmış, valyuta ehtiyatlarımız daha da çoxalmışdır. Qeyd olunan dövrdə əməkhaqları 9,5 dəfə, pensiyalar 13,9 dəfə artmışdır. Yoxsulluq səviyyəsinin 6,2 dəfə azalması və ümumi daxili məhsul istehsalının 3,4 dəfə, büdcə xərclərinin 22,2 dəfə artması, 2003-cü ilin 4-cü rübündən 2021-ci ilin sonuna 2 milyon 587 mindən artıq yeni iş yerinin yaradılması düşünülmüş strategiyanın uğurlu və məntiqi nəticəsidir. 
    Ölkənin lider dövlətə çevrilməsi yolunda müstəqil siyasət apara bilməsi üçün iqtisadi inkişafla yanaşı, insan kapitalının formalaşdırılması da mühüm rol oynayır. Dövlət başçısı bu reallığı düzgün qiymətləndirərək demişdir: “Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik”. Son illər Azərbaycanda istifadəyə verilən təhsil ocaqları, ən müasir informasiya texnologiyalarının tətbiqi məhz insan kapitalının formalaşdırılmasına xidmət edir. Elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşdirilməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşdirilməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı heç də kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənaye hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində  həyata keçirilir. Bütün bunlar Azərbaycanın yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elmtutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir. Göründüyü kimi, cənab İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkəni daha da inkişaf etdirmək yolunda milli-mənəvi dəyərlərin qorunması, gənclərin milli ruhda tərbiyə edilməsi ilə bərabər, onların müasir informasiya texnologiyalarını dərindən mənimsəməsini də vacib sayır. Beləliklə, Azərbaycanda milli ruhda böyüyən, adət-ənənələrimizə sadiq, soykökə bağlı müasir gənclik yetişir. 
    Təbii ki, ötən illər ərzində Azərbaycanın artan iqtisadi gücü digər sahələrin, xüsusilə ordu quruculuğu sahəsində köklü islahatların aparılmasına, hərbi kadrların hazırlanmasına, maddi-texniki bazanın yenidən qurulmasına, ordumuzun döyüş potensialının artırılmasına imkan vermişdir. Məqsədyönlü şəkildə aparılan ordu quruculuğu prosesi işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törətdi. Elə həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibədə bütün Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Ermənistan ordusu tamamilə darmadağın edildi və düşmən kapitulyasiyaya məcbur oldu. Bu tarixi Qələbə görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanıldı. Ölkəmizin əldə etdiyi möhtəşəm Qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə çatdırılması üçün bütün zəruri tədbirləri reallaşdırması ilə iqtisadi-siyasi sferada da öz təsdiqini tapır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib. 
    Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşlərinin, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin göstəricisidir. Ötən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə cənab İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması da bunun bariz nümunəsidir. Yaşadığımız 2022-ci il Azərbaycan Prezidenti cənab İlham Əliyev üçün ən gərgin illərdən biri kimi tarixə yazılıb. Postmüharibə dövründə Ermənistanla sülh sazişinin bağlanılması, bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə başçısının xarici ölkələrə səfərləri, həmin ölkələrin rəhbərləri ilə görüşləri, Azərbaycanın haqq səsinin müdafiə olunması üçün göstərdiyi səylər Cənubi Qafqaz regionunda yeni dövrə qədəm qoyulması baxımından böyük əhəmiyyət daşıyan məsələlərdir. 
    Faktlara müraciət dediklərimizi təsdiq edər. Bu il mühüm əhəmiyyətə malik olan hadisələrdən biri iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi idi. 2011-ci ildən təşkilata üzv olan Azərbaycan fəaliyyətinin ilk günlərindən Qoşulmama Hərəkatının bütün təşəbbüslərində çox fəal iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında Azərbaycan 2019-2022-ci illərdə qurumun sədrliyini üzərinə götürüb. Bu il isə yenidən 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədrliyin 2023-cü ilin sonuna kimi uzadılması qərara alındı. Bu, ölkəmizə olan böyük etimadın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü sülhsevər siyasətin daha bir göstəricisidir. Oktyabrın 6-da isə Praqada Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirildi. Praqa görüşündə əldə olunan nəticələr ölkə Prezidentinin apardığı siyasətin növbəti diplomatik qələbəsi kimi tarixə yazıldı. 
    Avropaya mavi qaz nəql edən Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı qlobal liderliyi daha da möhkəmlənib. Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu inkişaf edir və bunun ən mühüm nümunələrindən biri bu il iyulun 18-də Bakıda “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasıdır. Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənistanda səfərdə olub. Bu görüş hər üç ölkə arasında iqtisadi, ticari, nəqliyyat və digər sahələrdə əməkdaşlığın əsasını qoydu. Eyni zamanda Türkmənistanın enerji resurslarının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxarılması üçün yeni imkanlar yaratdı. Zirvə görüşü həm də Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatının həmrəyliyində atılan mühüm addım kimi dəyərləndirilir. Ölkəmizin qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından olması Azərbaycanın dekabrın 17-də Rumıniyada daha bir tarixi uğura imza atması – Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə öz təsdiqini tapdı. Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi kimi qiymətləndirilən bu mühüm strateji addım, Sazişin icrası Prezident cənab İlham Əliyevin özünün də vurğuladığı kimi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi ümumi töhfə olacaq. Təbii ki, bunlar ölkə başçısının 2022-ci ildə gördüyü işlərin bir qismidir və hər bir görüşdə respublikamızın adına yazılan uğur cənab İlham Əliyevin siyasi reytinqinin səviyyəsini göstərir.
    Ulu öndər Heydər Əliyеv deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım,  arzularım yerinə yetirilsin”. Regionların tarazlı inkişafına ciddi diqqət yetirən Azərbaycan Prezidentinin qayğısı ilə Naxçıvan Muxtar Respublikası da sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dövlət başçısı kimi fəaliyyəti dövründə cənab İlham Əliyev 15 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışı olmuşdur. Bütün bunlar muxtar respublikamıza yeni inkişaf tempi gətirmiş, Naxçıvan həqiqi mənada intibaha qovuşmuşdur.  
    Ötən dövrdə Naxçıvanın müdafiə potensialı, hərbi hissələrin döyüş hazırlığı daha da yüksəldilmişdir. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan Ali Baş Komandan demişdir: “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir” .
    Ötən illər onu göstərdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qurucu RƏHBƏRdir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Cənab İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir. Bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. 

“Şərq qapısı”

Nəşr edilib : 23.12.2022 21:57