AZ EN RU

Müxtəlif sığorta növlərinin tətbiqi ilə bağlı maarifləndirici tədbir olub

Naxçıvan Muxtar Respublikası Ordubad Rayonunda İcra Hakimiyyəti, Şəhər İcra Nümayəndəliyi, Statistika İdarəsi, Həmkarlar İdarəsi, Gənclər və İdman idarəsi, “El həyatı” qəzeti, Daşınmaz əmlakın torpaq şöbəsi, Dövlət Sosial Müdafiə Fondu, Arxiv İdarəsi, Maliyyə Şöbəsinin işçilərinin iştirakı ilə müxtəlif sığorta növlərinin icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilmişdir.

Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nurlan Səfərov tədbirin keçirilməsinin əsas məqsədini və İcra Hakimiyyətinin sığorta sahəsinə göstərdiyi yaxından dəstəyini xüsusi vurğulamış və daha sonra Dövlət Sığorta Xidmətinin əməkdaşı Mehdi Bağırov, Ordubad Rayon Sığorta İdarəsinin müdiri Rafiq İsmayılov və əməkdaşı  Ülvi Məmmədtağızadə çıxış etmişlər.

İlk olaraq tədbirdə çıxış edən Rafiq İsmayılov qeyd etmişdir ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi” barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanına əsasən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bununla yanaşı, qanuna əsasən sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Belə hallar sığorta müqaviləsi bağlanmamışdan əvvəl yaşayış evinə dəymiş zərərlər və qanunda nəzərdə tutulmuş sığorta hadisələrindən başqa, yəni, sığortalının faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlakın təmiri, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borularda və ya rezervuarlarda aşınma, şaxtavurma, yeyilmə, tədricən xarab olma, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axının baş verməsi kimi hallar hesab olunur və belə hadisələr nəticəsində daşınmaz əmlak sahibinə sığorta ödənişi verilmir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği Naxçıvan şəhərində 20 min, rayon və kəndlərdə 15 min manat məbləğində müəyyənləşdirilmişdir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi qanuna əsasən tikililər və binalar üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – məbləğində, qeyri-yaşayış səhələri üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində həyata keçirilir. Daha sonra Ordubad Rayon İdarəsinin nümayəndəsi Ülvi Məmmədtağızadə vurğulamışdır ki, son zamanlar “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən uğurla aparılan könüllü sığorta növlərindən biri də Fiziki şəxslərə məxsus olan heyvanların sığortasıdır. Bu sığorta növünün əhatə dairəsi 2020-2021- ci illərdə xeyli genişləndirilmiş və qısa müddətdə vətəndaşların maraq obyektinə çevrilmişdir. Bütün bunların xüsusi göstəricisidir ki, artıq Muxtar Respublikanın hər bölgəsindən, eyni zamanda ucqar kəndlərindən vətəndaşlar tərəfindən onlara məxsus heyvanların sığortalanması ilə bağlı müraciətlər edilir. Bu hal da heyvanların sığortasının surətli inkişafının və fiziki vətəndaşlar arasında tanınmasının bariz nümunəsidir.Bildirmək istəyirəm ki, Heyvanların sığortası – onların yanğın, partlayış, ildırımvurma, elektrik cərəyanının təsiri, gün, yaxud istivurma, zəlzələ, daşqın, uçqun, fırtına, qasırğa, boran, dolu, donma, suda boğulma, vəhşi heyvanların hücumu, zəhərli otlardan zəhərlənmə, zəhərli həşəratların sancması, dərəyə düşmə, nəqliyyat vasitələrinin altına düşmə ilə bağlı travmatik zədələnmələr, baytarlıq xidməti mütəxəssisinin sərəncamı ilə məhv edilməsi, yaxud məcburiyyət qarşısında kəsilməsi, habelə oğurlanması hallarından aparılır.Heyvanlar, arı ailələri, 1 yaşdan yuxarı atlar, qoyunlar, keçilər və donuzlar – sığorta məbləğinin miqdarı yaş qrupları üzrə sığortaçı ilə sığortalı arasında razılaşma əsasında müəyyən edilir. Sığorta müqaviləsi sığortalanacaq heyvana baxmaqla 1 il müddətində bağlanılır. Bununla belə, növləri və yaş qrupları, rəngləri eyni olan heyvanlar bərabər sığorta məbləğində sığorta edilməlidir. İribuynuzlu heyvanlar 6%, xırdabuynuzlu heyvanlar 8%, arı ailələri isə 5% həcmində sığorta haqqı alınmaqla sığortalanırlar. Sığorta məbləği heyvanların balans dəyəri, yaxud bazar qiymətinin 70% miqdarında müəyyən edilir.

Çıxışda heyvanların sığortasından təminat verilən hallar barədə məlumat verilmişdir.  Xidmətin əməkdaşı Mehdi Bağırov isə Fərdi Qəza sığortası, Ev əmlakı sığortası və Avtomobil nəqliyyat vasitələrinin tam sığortası (Kasko) barədə ətraflı məlumat vermişdir. 

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, işçilərə qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.03.2022 16:08