AZ EN RU

Muxtariyyətin yubileyinə yeni töhfə: “Yüz ilimin sədası”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında oxuyuruq:  “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

Təranə Arifqızının tərtibçiliyi, öz söz müəllifi professor Sədaqət Həsənovanın redaktorluğu ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş “Yüz ilimin sədası” adlı poeziya antologiyasına Naxçıvan torpağının yetirmələri olan qadın şairlərin bu qədim yurd yerinə həsr etdikləri şeirləri, poemaları, esse və məqalələri toplanıb. Qeyd edək ki, böyük zəhmət bahasına ərsəyə gələn almanaxda özünə yer almış nümunələrin böyük əksəriyyəti müxtəlif mətbuat orqanlarında, almanaxlarda, müəlliflərin kitablarında dərc olunub.

Kitaba ön söz yazmış professor Sədaqət Həsənovanın təbirincə desək: “... poeziya antologiyası Naxçıvanın xanım yazarlarının sözlü aləminə bir səyahət kimi maraqlıdır. Antologiyada bir-birindən maraqlı əsərlər toplanıb. Onların çoxunda Naxçıvan tərənnüm olunur, onun tarixi keçmişi xatırlanır, bu günü dastana dönür, gələcəyi inam dolu arzularla vəsf olunur”.

Müəlliflər öz əsərləri ilə Naxçıvana olan sevgi və məhəbbətlərini, ehtiramlarını bədii sözün gücü ilə poetikləşdirərək, Ulu Öndər Heydər Əliyevin Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır” qənaətinin dəqiq qiymət olduğunu ifadə ediblər. Bu şeirlərdə bir neçə məqam diqqəti çəkir. Başlıca olaraq Naxçıvanın tarixi keçmişi, yurdumuzun dövlətçilik tarixində mühüm yer tutması qədim diyarın yeraltı və yerüstü sərvətlərinə sahiblik istəyilə buraya edilən hücumlar, naxçıvanlıların qəhrəmanlıqa Naxçıvanı qoruması, tarixi və təbiət abidələrinə ən qiymətli maddi dəyərlər kimi diqqət göstərilməsi və digər məqamlar oxucuya Naxçıvanın poetik xəritəsini təqdim edir.

      Mənim Naxçıvanım, doğma diyarım

      Sanki dünya ilə bir yaranıbdır.

      O mənim qönçəli, güllü baharım.

      Dağların mehiylə sığallanıbdır.  (Kəmalə Ağayeva)

Validə Hüseynovanın, Lütviyyə Əsgərzadənin, Elmira Qasımovanın, Kəmalə Nəsrinin və başqalarının şeirləri, Məftunə Hüseynbəylinin və Sabrina Gültəkinin poemaları, Mətanət Məmmədovanın “Danışan şəhər” essesi, Ruhəngiz Əliyevanın “İşıqlı yolu miras olan Naxçıvan yeni-yeni zirvələr fəth edəcək” məqaləsi həmin poetik xəritənin ən kiçik konturlarını belə üzə çıxarır. Və düşünürsən ki, mənim, sənin, hamımızın Vətəni olan Naxçıvan 100 illik muxtariyyəti və yaşı ilə müqayisədə çox qısa zaman kəsiyi olan müstəqillik dövründə böyük inkişaf yolu keçib; bu yolun, sözün həqiqi mənasında, təməli 1969-cu ildə qoyulub.

      Anadır bizlərə o qucaq açan,

      Alar ağuşuna istəsək haçan.

      Sabaha bu gündən şəfəqlər saçan

      Üfüqdən sökülən dandır Naxçıvan. (Sevinc Azadlı)

Kiçik bir yazıda bu dəyərli kitabda özünə yer almış şeirlərin bədii məziyyətləri haqqında ətraflı bəhs etmək mümkün deyil və yaxşı ki, ön söz müəllifi həmin şeir və digər nümunələri ətraflı ədəbi təhlilə cəlb edib.

Ancaq kitabın bir müsbət cəhətini xüsusi vurğulamaq istərdik ki, yeni nəşrdə gənclər də təmsil olunub. Onların şeirlərindəki vətənpərvərlik ruhu, doğma torpağa bağlılıq hissləri gənclərin yurdun sabahına cavabdeh olmaq missiyası çox güclüdür.

Digər bir cəhət isə 44 günlük azadlıq mücadiləsində naxçıvanlı igidlər haqqında yazılmış şeirlərin özünə yer almasıdır. Bu mövzuya müraciət edən müəlliflər qədim yurd yerinin namus və qeyrətini, şərəf və ləyaqətini igidliklə qoruyaraq tarix səhifələrinə öz adlarını yazmış qəhrəmanlarını xatırlayır, şəhidlərimizin o yolu davam etdirmələrini genetik bir əmanət kimi dəyərləndirirlər. Və bu da o deməkdir ki, hər daşı-qayası, hər gülü çiçəyi, qəhrəmanlıq rəmzi olan Naxçıvanda belə igidlərin yetişməsi təbiidir.

Son olaraq, muxtariyyətin yubileyinə yeni töhfə olan “Yüz ilimin sədası”nın ərsəyə gəlməsində əməyi olanları kitabın işıq üzü görməsi münasibətilə təbrik edirik.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 14.05.2024 17:40