AZ EN RU

“Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərindən ikincisi baş tutub

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  təşkil olunan “Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərindən ikincisi Sədərək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət uşaq siyasətindən danışıb. Bildirilib ki, bir vaxtlar qızğın döyüşlərin getdiyi Sədərək rayonunda bu gün qalib xalqın nümayəndələri olan və sabitlik şəraitində yaşayan uşaqlarımızın hüquqlarının qorunması işində uğurlu nəticələr əldə edilib. Rayon məktəblilərinin qazandığı nailiyyətlərdən danışan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və dərslərində müvəffəqiyyətlər arzulayıb. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvanın davamlı inkişafında böyük xidməti olan Ümummilli Lider Heydər Əliyev 1990-1993-cü illərdə ölkəmizin gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub, muxtar respublikanı bir çox bəlalardan xilas edib. Ramilə Seyidova 1990-cı illərin əvvəllərində muxtar respublikanın keçdiyi çətin yola nəzər salaraq bildirib ki, həmin çətinliklərə baxmayaraq Ulu Öndərin uşaq, yeniyetmə və gənclərə diqqəti və qayğısı həmişə böyük olub. O, gənclərlə mütəmadi görüşür, gəncliyin sağlam və savadlı yetişməsinə xüsusi diqqət göstərir, gənclərin xüsusən də xaricdə təhsil almaları üçün şərait yaradırdı. 1990-cı ildə muxtar respublikaya gələn zaman ilk görüşlərindən biri də Naxçıvan gənclərinin xahişi ilə onlarla olub. 2 saatdan artıq davam edən görüşdə öz müdrik fikirlərini gənclərə çatdırıb, onlara təşəkkürünü bildirib, uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur, fərəh və şərəf hissi yaradır. Ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında ailə institutunun qorunması və inkişafı, uşaqların dünyagörüşlü, savadlı, cəmiyyət üçün layiqli şəxsiyyət kimi böyümələri istiqamətində tədbirlər həyata keçirilir, uğurlu nəticələr əldə olunur. Bu uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edən Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb. 
Tədbirdə Sədərək rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Sədərək kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Murad Rzazadə olimpiada, müsabiqə və sınaqlarda, eləcə də buraxılış imtahanında qazandığı uğurlardan danışıb. O qeyd edib ki, ölkəmizdə dövlətimizin uşaqlara göstərdiyi qayğıdan yararlanaraq və əzmlə çalışaraq təhsil sahəsində yüksək nəticə əldə edib. Murad Rzazadə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib və əminliklə bildirib ki, gələcəkdə yiyələnəcəyi ixtisasa uyğun çalışacağı sahədə də əzmkarlıq nümayiş etdirəcək.
Çıxışların ardından 2023-2024-cü tədris ilində Sədərək rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara, ümumilikdə 14 nəfərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri, Sədərək Rayon İcra Hakimiyyətinin təşəkkürnamə və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Sədərək rayonunda yerləşən uşaq musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, Sədərək rayonunda istedadlı uşaqların əl işlərindən ibarət sərgi də təşkil olunub.


Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 28.05.2024 10:59