AZ EN RU

“Muxtariyyətin uşaqları – 100” bayram tədbirləri davam edir

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  təşkil olunan “Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərindən biri də Kəngərli rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kəngərli rayon mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Sonra rayon Mədəniyyət sarayının foyesində yaradıcı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət uşaq siyasətindən danışıb. Bildirilib ki, 2004-cü ilin mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Kəngərli rayonu 100 yaşını böyük təntənə ilə qeyd etdiyimiz muxtar respublikamızın ən gənc rayonudur.  Ötən 20 ildə dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı gənc Kəngərli rayonuna əsrə bərabər inkişaf qazandırıb. Bütün bunların nəticəsidir ki, rayonda bütün sahələrdə olduğu kimi gələcəyimiz olan uşaqların yüksək səviyyəli təhsilə, idman və incəsənət bacarığına yiyələnmələri, asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Rayon məktəblilərinin qazandığı nailiyyətlərdən danışan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və dərslərində müvəffəqiyyətlər arzulayıb. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.  Ümummilli Liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digər sosial təsisatlar şəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur. Aparılan uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə Kəngərli rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Xok kənd tam orta məktəbinin şagirdi Sərxan Abdullayev bildirib ki, muxtar respublikamızda təhsilin müasir metod, texnologiya və proqramlar əsasında keçirilməsi nəticəsində Kəngərli rayonunda fəaliyyət göstərən təhsil ocaqlarının da uğurları artıb. Sərxan Abdullayev minnətdarlıq hissi ilə söz verib ki, harada təhsil alıb, yeni biliklərə yiyələnmələrindən asılı olmayaraq bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin qurub bizə əmanət etdiyi müstəqil Azərbaycanımız üçün çalışacaqlar. 
Çıxışların ardından 2023-2024-cü tədris ilində Kəngərli rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara, şəhid və qazi övladlarına, ümumilikdə 45 uşağa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri, Kəngərli Rayon İcra Hakimiyyətinin təşəkkürnamə və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Kəngərli rayonunda yerləşən uşaq musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.05.2024 17:00