AZ EN RU

“Muxtariyyətin uşaqları – 100” adlı növbəti bayram tədbiri Babəkdə baş tutub

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  təşkil olunan “Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərindən biri Babək rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu istiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Muxtar respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox işlər görülür, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilir, şəhid, qazi və müharibə iştirakçılarının uşaqları dövlətin tam qayğısı ilə əhatə olunurlar. Babək rayonunda da uşaqların inkişafı, onların fiziki cəhətdən sağlam böyüməsi, cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonda uşaqların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə olunaraq ürəkaçan nəticələr qazanıldığını bildirib və bayramlar münasibətilə uşaqları təbrik edib.  
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət sahəsində aparılan yeni hüquqi islahatlar dövlət uşaq müəssisələrinin monitorinqinin aparılmasına, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin qiymətləndirilməsinə və bu sahədə çatışmazlıqların müəyyən edilməsinə imkan yaradır. Komitə sədri qeyd edib ki, 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da sevindirici haldır ki, atılmış uşaqlara rast gəlinmir. Bildirilib ki, qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində uğurlu nəticələr əldə edilib. Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb. 
Tədbirdə Babək rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Yarımca kənd tam orta məktəbinin şagirdi Əfsanə Məmmədzadə qazandığı uğurlardan, təhsil müəssisələrində yaradılan şəraitdən, eləcə də bacarıqlarının üzə çıxarılması üçün görülən işlərdən danışıb. Əfsanə Məmmədzadə dövlətimizə minnətdarlıq edərək söz verib ki, uşaqlara göstərilən etimadı doğrultmağa çalışacaq, mükəmməl mütəxəssis, əsl vətəndaş kimi Vətənimizin adını həmişə yüksəklərə qaldıracaqlar.
Çıxışların ardından 2023-2024-cü tədris ilində Şərur rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara, şəhid və qazi övladlarına, ümumilikdə 25 uşağa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri, Babək Rayon İcra Hakimiyyətinin təşəkkürnamə və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Babək rayonunda fəaliyyət göstərən uşaq musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.
Sonda rayon Mədəniyyət sarayının foyesində yaradıcı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.05.2024 20:45