AZ EN RU

Muxtariyyətin 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

    AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun “Tədbirlər Planı”na əsasən Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik “Naxçıvanın muxtariyyət statusu və beynəlxalq müqavilələr” mövzusunda çıxış edərək bildirib ki, XX əsrin 20-ci illərində Naxçıvan diyarı çox çətin və mürəkkəb hadisələrlə qarşılaşıb, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşüb, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atıblar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməyib, onu qoruyub saxlayıb və Azərbaycanla birləşməsinə nail olublar.
    Vurğulanıb ki, naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Cümhuriyyəti adlı respublika yaradıblar. Bu cümhuriyyətin yaradılmasında başlıca məqsəd bölgənin erməni işğalı altına düşməsinə imkan verməmək idi. Naxçıvan əhalisi müstəqilliyini qorumaq əzmi ilə buna nail oldu.
    Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə – 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirib. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etməklə Ermənistana ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyət yaşadıb.
    İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu olub. 
    Diqqətə çatdırılıb ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, hərtərəfli, dinamik və dayanıqlı inkişafa nail olmuşdur. Ali Məclis Sədrinin məqsədyönlü fəaliyyəti, qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, ulu öndər Heydər Əliyev siyasətinə sədaqəti Naxçıvanın uğurlu inkişafını təmin edib.
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev,Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov,“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyevanın çıxışları dinlənilib.

 Gülcamal TAHİROVA
 

Nəşr edilib : 09.02.2022 21:13