AZ EN RU

Muxtariyyətin 98-ci ildönümü məşhur “Tirana Times” qəzetində

    Albaniyanın məşhur “Tirana Times” qəzeti Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci illiyi ilə bağlı məqalə yayımlayıb.
    “Naxçıvan: qürurlu Azərbaycan diyarı, qədim sivilizasiyaların unikal məkanı” başlığı ilə paylaşılan yazıda Naxçıvanın muxtar statusunun Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri ilə müəyyən edildiyi göstərilir. Həmçinin məqalədə ötən il Qars müqaviləsinin 100 illiyinin qeyd olunması və bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalaması da vurğulanır. Diqqətə çatdırılır ki, adıçəkilən müqavilələrdən sonra 1924-cü il fevralın 9-da Naxçıvan rəsmən muxtar respublikaya çevrildi.

    Məqalədə qeyd olunur ki, Azərbaycanın müstəqilliyinə gedən yol 1990-cı illərin əvvəllərində Naxçıvandan başlayıb. Naxçıvan Muxtar Respublikası o ağır günlərdən qurtuluşa görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsini öz üzərinə götürdü. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, muxtar respublikanın adından “sovet sosialist” ifadəsi çıxarılıb. Bundan başqa, Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən sovet qoşunları bölgədən çıxarılıb, sərhəd məntəqələrində Azərbaycanın 3 rəngli bayrağı qaldırılıb.
    Qədim tarixi, zəngin mədəniyyəti və çoxəsrlik milli irsi ilə Naxçıvan bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, incəsənət, elm və mədəniyyət mərkəzidir. Məşhur Gəmiqaya abidələri və ərazidəki digər abidələr Naxçıvanın yaşının 5 min ilə yaxın olduğunu bir daha sübut edir.
    Məqalədə Naxçıvanın turizm potensialına da diqqət yönəldilib. Qeyd olunub ki, Naxçıvanın turizm potensialı olduqca yüksəkdir. Bura ilboyu bir çox yerli və beynəlxalq səyahətçilərə mədəni irs, tarix, təbiət, kurort –sağlamlıq, dağçılıq kimi turizm növlərində xidmətlər təklif edir.

Nəşr edilib : 09.02.2022 20:29