AZ EN RU

Muxtariyyətin 100 illiyinə həsr olunmuş “Naxçıvan istedadları” adlı İncəsənət Festivalı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında təşkil olunan festival Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunub.

Festival muxtar respublikada fəaliyyət göstərən  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadlarının aşkara çıxarılması, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə olan marağının və fərdi musiqi bazasının daha da artırılması, şagirdlərin gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanması məqsədi ilə keçirilir.

Festival iki mərhələdən ibarətdir. Kateqoriya və nominasiyalar üzrə II mərhələdə uğurlu ifa edən iştirakçılar festivalın mükafatlandırma hissəsində təltif olunacaq. Festivalda iştirak fərdi (rəsm, solo milli rəqs, solo müasir rəqs, fortepiano, xalq çalğı alətləri, vokal sənəti, xanəndəlik, aşıq sənəti, saz ifaçılığı, klassik simli alətlər, nəfəs alətləri) və kollektiv (xor, milli rəqs ansamblı, müasir rəqs ansamblı, skripka ansamblı, müxtəlif ansambllar, orkestr) nominasiyaları üzrə 2 kateqoriya üzrə keçiriləcək.

 İncəsənət bayramının birinci mərhələsi may ayında, ikinci mərhələsi iyun ayında təşkil olunacaq. Festivalda iştirak üçün son müraciət tarixi 1 may 2024-cü il tarixinədək nəzərdə tutulub.

Qeyd edək ki, İncəsənət Festivalı iştirakçılarının əvvəlki 2 il ərzində festival və müsabiqələrdə çıxış etdiyi proqramla bu festivalda iştirak etməsi qadağandır.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.04.2024 15:27