AZ EN RU

Muxtariyyətin 100-cü ilində “Tək səs, tək ürək” adlı konsert keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə Azərbaycan Kipr Dostluq Cəmiyyəti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cumhuriyyəti müasir musiqisi dərnəyi xor kollektivinin “Tək səs, tək ürək” adlı konsert proqramı keçirilib. 
Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının akt zalında keçirilən konsert proqramına başlamazdan əvvəl  tədbirə ev sahibliyi edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Diqqətə çatdırıb ki, bu konsert hər iki qardaş ölkənin birlik və bərabərliyinin ən böyük hadisəsi olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunub. Rektor vurğulayıb ki, bu tədbir muxtariyyətin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər içərsində ən maraqlı və yaddaqalan tədbirlərdən biri olacaq. 
Daha sonra Azərbaycan Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu çıxış edərək bildirib ki, Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbəriliyi, Azərbaycan xalqının iradəsi, qazilərimizin əməyi və şəhidlərimizin şücaəti ilə böyük Zəfər qazanmışıq. 
Türkiyə Cumhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya  muxtariyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan xalqını, naxçıvanlıları təbrik edib. Baş  konsul diqqətə çatdırıb ki, hər iki ölkənin yaşadığı çətinliklər, apardığı mücadilələr Azərbaycan və Türkiyəni bir-birinə qırılmaz tellərlə bağlayıb. Naxçıvanın tarixi taleyində böyük yeri olan Moskva və Qars müqavilələrinin imzalanmasında Türkiyə Cümhuriyyətinin böyük səyi və zəhməti olduğunu diqqətə çatdırıb.  Asip Kaya qeyd edib ki, hər iki ölkənin keçdiyi inkişaf yoluna baxdıqda görürük ki, tarixlərdə müəyyən qədər oxşarlıqlar mövcuddur. İstər Naxçıvan Muxtar Respublikasının yaşadığı tarixi çətinliklər, istərsə də Şimali Kipr Türk Cümhuriyyətinin yaşadığı çətinliklər onların taleyini bir-birinə yaxınlaşdırıb.
Tədbir xor kollektivinin bir-birindən gözəl ifaları ilə, tamaşaçıların alqış sədaları altında keçib. Qeyd edək ki, xor kollektivinin repertuarında türk sənət musiqisi əsərləri ilə yanaşı Azərbaycan bəstəkar musiqilərinə də yer verib. 
Tədbirin yekununda hər iki tərəfdən xatirə olaraq hədiyyələr təqdim olunub və bütün zalın müşaiyəti ilə musiqisi Emin Sabitoğluna, sözləri isə Bəxtiyar Vahabzadəyə aid olan “Azərbaycan” adlı mahnı oxunub.  


                                                                       Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.02.2024 21:15