AZ EN RU

Muxtariyyətin 100-cü ali təntənəsi

    "Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur". 

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamından

Qədim Naxçıvan torpağı tarixboyu bütün çətinliklərə sinə gərib, Azərbaycanın bu dilbər guşəsinin hər qarışı qəhrəman naxçıvanlılar tərəfindən fədakarlıqla qorunub. Muxtariyyətimizin qazanılmasında, toxunulmazlığımızın qorunmasında çox şücaətlər göstərilib. Ona görə də tariximizin bizə verdiyi bu qiymətli və əvəzsiz töhfəni – muxtariyyət hüququnu qoruyub saxlamalı, muxtar respublikamızı hər sahədə irəli aparmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bu bizim doğma Naxçıvanımız qarşısında vicdan və vətəndaşlıq borcumuzdur.
    Muxtar respublikamızın əsl yüksəlişi və bugünkü tərəqqiyə qovuşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində çox mürəkkəb tarixi-siyasi şəraitdə Moskvada nəzarət və təqiblərdən yaxa qurtararaq öz xalqının köməyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev Bakıda da dönük rəhbərlərdən soyuq münasibət görəndə doğulduğu torpağa üz tutdu. Naxçıvanlılar Ulu Öndəri böyük səmimiyyət və ehtiramla qarşıladılar. Üstünü qara buludlar almış muxtar respublika əhalisi görkəmli dövlət xadiminin zəka və qüdrətinə sığındı. Naxçıvanlılar Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı, taleyin bu qədim yurd yerinə göndərdiyi böyük rəhbərin ətrafında sıx birləşdi, onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçdilər. Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Ümummilli Liderin reallaşdırdığı müdrik və qətiyyətli tədbirlər qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsini təmin etdi, dövlət müstəqilliyi ilə bağlı qabaqlayıcı addımlar atıldı. 
    “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamında da deyildiyi kimi: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. 
    Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır”.
    O günlərdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılması, muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması, qonşu Türkiyə və İranla zəruri əlaqələr yaradılması Ulu Öndərin təkcə Naxçıvan deyil, bütövlükdə, xalqımız qarşısında misilsiz tarixi xidmətləri idi. Sonralar Ümummilli Liderimiz bununla bağlı naxçıvanlılara xitabən deyəcəkdi: “Mən 3 il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”.    
    1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xalqa zidd siyasətinin bais olduğu başıpozuqluq dövründə də Ulu Öndər Naxçıvanı qorumuş, onu işğaldan, məhv olmaqdan xilas etmişdir. Bu tarixi reallıqları dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
    Ümummilli Liderin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda başladığı aqrar islahatlar uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsal sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni obyektlər, binalar təmir və bərpa edildi, yeni obyektlər tikildi. Təhsil, səhiyyə və digər sahələrin inkişafı prioritet vəzifəyə çevrildi. Əhalinin elektrik enerjisi, qaz, içməli su problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndi. Rabitə-nəqliyyat şəbəkəsi müasirləşdirildi, tələbata uyğun quruldu. Muxtar respublikanın etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuq məsələləri diqqət mərkəzində saxlanıldı. Minnətdarlıqla vurğulamaq yerinə düşər ki, həyata keçirilmiş misilsiz işlərin hamısında əsas məqsəd məmləkətimizin hərtərəfli tərəqqisinə, insana qayğıya, əhalinin maddi-rifah halının, yaşayış səviyyəsinin və şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmişdi. 
    Naxçıvanlılar yaxşı bilirlər ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Naxçıvan yaşayaraq bugünkü günə gəlib çata, onun muxtariyyəti və ərazisi qorunub saxlanıla bilməzdi. Biz buna görə daim Ulu Öndərə borcluyuq. Əldə olunmuş uğurlar və nailiyyətlər dahi rəhbərin yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmişdir. 
    Onun yolunu sədaqətlə davam etdirən Prezident cənab İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikamıza səfər etmişdir. Bu müddətdə dövlət başçısı qədim diyarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalamışdır. 2023-cü il dekabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması isə əsl bayram ərməğanı oldu. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.
    Naxçıvanın uğurları ilbəil artmaqdadır. Həyatın bütün sahələrində müvəffəqiyyətlər qazanılır, diyarın hərtərəfli inkişafı təmin edilir. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gecəli-gündüzlü məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Onun bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü işlər və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir.
    Naxçıvanın muxtar respublika statusu bu bölgənin 100 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
    Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurd yerinə qayğısının ifadəsi idi və Naxçıvan Muxtar Respublikasının 80, 85, 90, 95 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. 
    Artıq Naxçıvan muxtariyyətinin 100 yaşının müxtəlif tədbirlərlə qeyd olunmasına start verilib. Şübhəsiz ki, hamımız üçün əziz olan bu il də Naxçıvanda hərtərəfli inkişaf təmin olunacaq, abadlıq-quruculuq işlərinin həcmi, sosial-iqtisadi inkişaf dinamikası və əhalinin rifah halı daha da artacaq, 100 ilin Naxçıvanı tariximizə daha bir yüksəliş və tərəqqi dövrü kimi yazılacaqdır. Bütün bunlar onu göstərir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ulu Öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri indi xoş bir arzu çərçivəsindən çoxdan çıxmış və bu günümüzün möhtəşəm reallığına çevrilmişdir.
    Bəli, Ulu Öndərimizin Azərbaycan haqqında, Naxçıvan haqqında arzuları, planları Onun layiqli davamçısı, dövlət başçısı tərəfindən uğurla reallaşdırılır. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda mühüm qərarlarından biri də muxtar respublikada müasir idarəetnə sisteminin tətbiq olunmasıdır. Xalqın iftixarına çevrilən ölkə Prezidentinin gündəlik diqqət və qayğısı ilə əhatə olunan qədim Naxçıvan diyarında bu gün yeni bir həyat çağlayır, dövlət başçısının Naxçıvanın kiçik problemlərinə belə böyük həssaslıqla yanaşması hər birimizin ürəyini dağa döndərir. 
    Tarixboyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, zəngin mədəni irs yaratmış qədim Naxçıvan muxtariyyətinin 100-cü ali təntənəsini yaşayaraq bugünkü inkişafı ilə möhkəm köklər üstündə qol-qanad atıb daha xoş sabahına doğru inamla irəliləyir. 

Məhəbbət MİRZƏYEVA 

Nəşr edilib : 09.02.2024 00:01