AZ EN RU

Muxtariyyət sevdalısı olan Naxçıvan teatrı

Bu il Naxçıvan muxtar respublika kimi özünün 100 illik yubileyini ölkə başçısının Sərəncamı ilə təntənəli şəkildə qeyd edir. Bir əsrdir ki, Azərbaycanın tərkibində onun “yavru məmləkəti” kimi mövcudluğunu qoruyub saxlayan və milli dəyərləri, məfkurəni, iqtisadiyyatı, sosial və ictimai həyatın digər sahələrini inkişaf etdirən Naxçıvan mədəniyyəti də özünəməxsus şəkildə təbliğ olunur. Təbii ki, bu sahədə Naxçıvan teatrı öndə gedir. Hətta muxtar respublikadan 41 il əvvəl yaranan Naxçıvan teatrı muxtariyyətdən öncə də özünün inkişafı ilə diqqəti çəkir. Lakin 1924-cü ildən sonra   teatra göstərilən dövlət qayğısı və teatrın mədəniyyət ocağı olmaqla bərabər, həm də cəmiyyət üçün təsirli “təbliğat maşını” olmasını yaxşı dərk edən ziyalılar, teatr biliciləri bundan ustalıqla istifadə ediblər. 
Muxtariyyət Naxçıvan camaatı üçün çox əhəmiyyətli və vacib olan bir fakt idi. Hələ də sovet hökumətinin tərkibində olan Ermənistan bu əzəli və qədim türk torpaqlarına iştahasını və son ümidini itirməmişdi. Lakin buranın yerli və köklü sakinləri hər cəhdlə ermənilərin bu “iştaha dişini” dolayı və birbaşa təsirlərlə çəkib atmağa hazır idi. Bu mənada, daha sivil və təsirli vasitə olan mədəniyyətdən, eyni zamanda o zaman onun daha avanqard qolu olan   teatrın gücündən istifadə edilirdi. 
Naxçıvan teatrının 100 illik tarixinə baxanda (1920-ci illərin sonuna qədər afişalarda Naxçıvan Türk Hökumət Tiyatrosu yazılırdı) daha çox milli, eyni zamanda azadlıq və istiqlaliyyəti tərənnüm edən mövzularda əsərlərin səhnəyə qoyulduğu müşahidə edilir. Teatrda islahatların aparılması üçün muxtariyyətin ilk ilində – 1924-cü ilin əvvəlində Naxçıvan Xalq Maarif Komissarlığının əmri ilə Naxçıvan Ölkə Teatr Komitəsi təşkil edilir. Elə bunun nəticəsində ilk dəfə olaraq 100 il əvvəl – 1924-cü ildə Zina Budaqova və Nadirə Rzayeva kimi iki istedadlı türk qadın aktrisa Naxçıvan teatrının səhnəsinə gəlir. Halbuki buna qədər qadın rollarını kişilər və ya başqa millətlərə məxsus olan qadınlar kobud ləhcə ilə oynayırdı. Həmin il görkəmli sənətkar Kazım Ziya da Bakıdan Naxçıvan teatrına dəvət edildi. 1924-cü ilin may ayından 1925-ci ilin may ayına qədər bu teatrda baş rejissor kimi çalışan korifey sənətkar gürcü dramaturqu Mçedlişvilinin “Qaçaq Kərəm”, Kazım Ziyanın özünün ərsəyə gətirdiyi “Qanlı toy”, H.Cavidin “Şeyda” əsərlərinə quruluş verib. 
Yenicə əldə olunmuş muxtariyyət teatr adamları, fədailəri üçün yeni üfüqlər demək idi. Artıq dövlət statusu alan sənət məbədində milli dəyərlərin qorunub saxlanması və təbliği işinin bir hissəsini də məhz teatr öz üzərinə götürmüşdü. 1924-cü ildə bu teatrda C.Məmmədquluzadənin “Ölülər” (rejissoru Həsən Səfərli) və yuxarıda qeyd etdiyimiz kimi, Kazım Ziyanın qurduğu tamaşaların hazırlanması bunu bir daha təsdiqləyir. Bundan başqa, həmin ilin mart ayında Tiflis Türk Akademik Dram Teatrının aktyorları Naxçıvana qastrola gəlmiş və avqustun axırına kimi yerli ak­tyorlar bu tamaşaları vermişlər: Ş.Sami “Gaveyiahəndar” (“Dəmirçi Gavə”), Ü.Hacıbəyov “Əsli və Kərəm”, Ü.Hacıbəyov “Leyli və Məcnun”, N.Nərimanov “Nadir şah”, Ü.Hacıbəyov “Arşın mal alan”, C.Cabbarlı “Aydın”, Ü.Hacıbəyov “Şah Abbas və Xurşidbanu”, Ü.Hacıbəyov “Məşədi İbad”, M.Kazimovski “Daşdım-daşdım” (bu tamaşa o zaman Tiflis Teatrında işləyən Naxçıvan teatrının aktyoru – rejissoru Səməd Mövləvi, Nadirə xanım və yerli aktyorların birgə iştirakı ilə təqdim edilib). Yəni muxtariyyətin ilk ilində     20-dək tamaşa hazırlanıb və ya əvvəllər hazırlanan tarixi və milli mövzuları əhatə edən oyunlar tamaşaçılara göstərilib. (Faktlar “Naxçıvan teatrının salnaməsi” kitabından götürülüb).
Teatr 1930-cu illərin ictimai-siyasi həyatından bəhs edən tamaşalarla izləyicilərin görüşünə gəlib. Daha çox isə Cəfər Cabbarlının həmin illərdə məşhur olan “Sevil”, “Almaz”, “Yaşar” kimi əsərləri davamlı olaraq səhnələşdirilib. 1940-cı illərdə – İkinci Dünya müharibəsi zamanı isə arxa cəbhədə “vuruşan” sadə insanların əhvali-ruhiyyəsini yüksəltmək, gələcəyə inam yaratmaq üçün S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, U.Şekspirin “Otello”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Məmmədhüseyn Təhmasibin “Aslan yatağı”, Üzeyir Hacıbəyovun komediyalarını səhnələşdirməklə faşizmə qarşı mübarizə aparıblar. 1943-cü ilin iyun ayında İbrahim Həmzəyev, Səməd Mövləvi, İsa Musayev və Əyyub Haqverdiyevə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib. Bu mükafata onlar teatr sənətinin inkişafında xidmətlərinə və arxa cəbhədə mədəni xidməti səmərəli təşkil etdiklərinə görə layiq görülüblər. 
1941-45-ci illər müharibəsindən sonrakı illərdə teatrın repertuarına salınan tamaşalar insanlara müharibə travmalarını sağaltmaq, yeni həyata başlamaq, dəyən maddi və mənəvi zərbənin fəsadlarını aradan qaldırmaq üçün insanlara əlavə motivasiya verilməsinə hesablanmışdı. Yenə də milli dramaturgiyadan və dünya ədəbiyyatından seçilən komediyalar, vətənpərvərlik, qəhrəmanlıq ruhunda dram əsərlərinə üstünlük verilirdi. Təbii ki, M.F.Axundov, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Sabit Rəhman, U.Şekspir, Molyerin əsərləri üstünlük təşkil edirdi. 
Naxçıvan teatrının sonrakı illərdə də muxtar respublikanın yubileyləri münasibətilə maraqlı repertuarı olub. Hətta teatrın bugünkü müasir binası da 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının 40 illik yubileyi ərəfəsində Kəmalə Ağayevanın “Məhsəti” pyesi ilə fəaliyyətə başlayıb. Artıq bu istiqamətdə yetərincə püxtələşən Naxçıvan teatrı ən yaxşı əsərlərini məhz həmin illərdə təqdim edib. Naxçıvan MSSR-in 40 illiyi münasibətilə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Dövlət Dram Teatrında (1965-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı) göstəriləcək əsərlərin bədii-estetik keyfiyyətini artırmaq məqsədilə Bakıdan rejissor dəvət edilib və rejissor Niyaz Şərifovun quruluşunda Əbil Yusifovun “Çiçəklənən arzular” əsəri səhnələşdirilib. 
1970-80-ci illər isə Naxçıvan teatrının əsl intibah dövrü idi. Korifey sənətkarlarla yanaşı, alitəhsilli gənc aktyor və rejissorların bu sənət ocağına axını öz təsirini göstərdi. Baxşı Qələndərli, İbrahim Həmzəyev, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev kimi rejissorlar məmnuniyyətlə Zemfira Əliyeva, Rövşən Hüseynov, Yasəmən Ramazanova, Həsən Ağasoy, Əli Əliyev, Nəzakət Xudiyeva, Rza Xudiyev, Behruz Haxverdiyev kimi aktyorlarla tamaşalar hazırlayırdılar. 
Hətta 1987-ci ildə Vaqif Əsədovun quruluş verdiyi Sofoklın “Elektra” tamaşası keçmiş SSRİ məkanında, Tiflisdə keçirilən festivalın qalibi olaraq Mərkəzi Televiziya ilə bütün ölkədə yayımlanmışdı. 
1990-cı illərdə də iqtisadi və siyasi çətinliklərə baxmayaraq, teatr öz fəaliyyətini bir il də olsun, dayandırmadı. Həmin illərdə Zakir Fətəliyev, Cəbrayıl Nəbiyev, Vidadi Rəcəbli, Zülfiyyə Zeynalova, Günay Qurbanova, Kəklik Novruzova, bu sətirlərin müəllifi teatra gələrək bu sənət məbədinin ənənələrini yaşatmaq üçün çalışıblar. 
Muxtariyyətin mövcud olduğu 100 illikdə Naxçıvan teatrının səhnəsində 800-ə yaxın müxtəlif mövzulu əsərlər tamaşaya qoyulub. Bunların arasında dünyaşöhrətli Sofokl, U.Şekspir, Lope de Veqa, Molyer, Şiller, H.İbsen, G.Fiqereydo, Ç.Aytmatov, N.Qoqol, A.Çexov, Meterlink, Hüqo, N.Hikmət, Ə.Nesin, A.Makayonok, K.Simonov və onlarla dramaturqun əsərini Naxçıvan tamaşaçısı məhz teatrımızın səhnəsindən izləyib. Bundan başqa, yerli müəlliflər C.Məmmədquluzadə, H.Cavid, E.Sultanov, C.Cabbarlı, S.Vurğun, B.Vahabzadə, M.Nəsirli, H.Arzulu, H.Razi, A.Babayev, H.Eyvazlı, E.Həbib və onlarla yerli dramaturqun pyeslərinə quruluş verilib. 
Teatra 1923-cü ildə Dövlət Dram Teatrı, 1937-ci ildə M.F.Axundovun adı, 1965-ci ildə Cəlil Məmmədquluzadənin adı və Musiqili Dram Teatr və 2022-ci ildə isə Milli Dram Teatr statusu verilib. Hazırda teatrda 4 Xalq artisti, 5 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,   1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 3 nəfər “Tərəqqi” medalı olan sənətkar çalışır. İki nəfər isə bu il Prezident mükafatına layiq görülüb. 
Naxçıvan teatrının ikinci dəfə, müstəqillik illərində yenidən doğulması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1991-92-ci illərdə ölkədə hakimiyyətdə olan qüvvələr Naxçıvan teatrının fəaliyyətini məlum səbəblərdən gəlirgətirən müəssisə olmadığı üçün dayandırmaq istəyirdi. Lakin teatrın hamisi və ən yaxşı tamaşaçısı olan Ümummilli Lider həmin illərdə teatrda hazırlanan Ü.Hacıbəyovun “Ordan-burdan” tamaşasına özü şəxsən gəlib baxmış və sonra səhnə arxasına keçərək aktyorlarla görüşmüşdür. Bundan sonra isə ətrafında teatrın bağlanmasını israr edən adamlara üzünü tutaraq “Sizin görə bilmədiyiniz işi teatr görür. Siz bir neçə adamın qarşısında çıxış edə bilmirsiniz, amma teatr minlərlə insanın qarşısında öz sözünü deyir!” söyləyib. Bundan sonra isə Naxçıvan teatrının fəaliyyətinin dayandırılması mövzusu bağlanıb. 
O da faktdır ki, Naxçıvan teatrının kollektivinin hazırladığı N.Həsənzadənin “Atabəylər” tamaşasını 2004-cü il mayın 14-də teatrın zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da izləyib. Bu da teatrın kollektivi üçün ən unudulmaz hadisədir.
Son illər Naxçıvanda müsbət istiqamətdə gedən ictimai-siyasi proseslər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrından yan keçməyib. Teatrın repertuarının öz əməkdaşları tərəfindən sərbəst şəkildə seçilməsi, yaradıcı mühitin formalaşmasında görülən işlər diqqəti çəkir. Ötən il teatrın yaranmasının 140-cı yubileyi ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” komediyasını və şəhid övladları üçün Yeni il ərəfəsində hazırlanan tamaşanı izləməsi və bundan sonra yaradıcı heyətlə görüşü, eyni zamanda 2023-cü ildə teatr kollektivinin Bakı, Gəncə, Sumqayıt, qardaş Türkiyənin İzmir, Foça, Sardes, İğdır şəhərlərində qastrollarda və festivallarda iştirakı da bu sənət ocağına diqqətin təzahürüdür. 
Naxçıvan teatrı bu gün də bu ənənəni davam etdirir. Belə ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə repertuara salınan H.Eyvazlının “Araz sahilində doğan günəş” əsəri hazırlanaraq tamaşaçılara təqdim olunub. Tamaşanın mövzusu 1923-24-cü illərdə Naxçıvanda baş verən gərgin ictimai-siyasi hadisələr, eyni zamanda bu hadisələrin Bakıda, Moskvada və Ankarada əks-sədasından bəhs edir. Həmin illərdə sovet Rusiyası, bir çox ermənipərəst bolşeviklər və daşnaklar Naxçıvanı Azərbaycandan qoparıb Ermənistana vermək üçün dəridən-qabıqdan çıxırlar. Lakin Nəriman Nərimanovun rəhbərlik etdiyi Bakıda fəaliyyət göstərən Behbud ağa Şahtaxtinski, Mirzə Davud Hüseynov, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa Naxçıvana muxtariyyət verməklə Azərbaycanın tərkibində qalması üçün siyasi mübarizə aparırlar. Nəticədə, Naxçıvan camaatı, Bakı və Ankara bu mübarizədən qalib çıxır. Uğurlu alınan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir. Tamaşa bundan sonra da uzun illər teatrın repertuarında qalacaq.  

Səməd CANBAXŞİYEV
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

Nəşr edilib : 17.06.2024 10:48