AZ EN RU

Muxtariyyət ərəfəsi Naxçıvanın reallıqlarının “Molla Nəsrəddin” jurnalında əksi

Azərbaycanın ilk satira jurnalı olan və fasilələrlə 1906-1931-ci illərdə nəşr edilən “Molla Nəsrəddin” o dövrdə təkcə Azərbaycanın deyil, həmçinin Rusiya, Volqaboyu, Orta Asiya, İran, Türkiyə və sair ölkələrin həyatının güzgüsünə çevrilmişdi. Məhəmmədəli şah, Nikolay, Stolıpin, qatı millətçi Pruşkeviçin təmsil etdikləri mütləqiyyət rejimi “Molla Nəsrəddin” jurnalının əsas tənqid hədəfləri olmuşdur. Mətbuat tarixindən məlumdur ki, 1918-1920-ci illərdə jurnal Azərbaycanda fəaliyyətini dayandırmışdır. Mirzə Cəlil Kəhrizli kəndində təsərrüfat işləri ilə məşğul olmuş, ədəbi fəaliyyətini davam etdirmiş, “Anamın kitabı” və “Kamança” pyeslərini burada tamamlamışdır. Qeyd edək ki, hər iki əsər 1918-20-ci illərdə Azərbaycanın tarixi reallıqlarını əks etdirir. 1920-ci ilin iyun ayının əvvəllərində Mirzə Cəlilin qardaşı Ələkbər Məmmədquluzadə Naxçıvandan Kəhrizliyə gəlmiş, vəziyyətin ağırlığı ucbatından Mirzə Cəlilə müvəqqəti olaraq İrana köçməyi məsləhət görmüş və təkid etmişdir. 
Təbrizdə Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının Azərbaycan dilində çıxarılması ilə razılaşmayan qüvvələrə öz sözünü qətiyyətlə demiş və jurnalın farsca yox, azərbaycanca çıxarılması üçün israr etmişdir. Böyük azərbaycançı ədib əsas gətirirdi ki, İranda yalnız ziyalı təbəqə fars dilində danışır, “Molla Nəsrəddin” jurnalı isə xalqın bütün təbəqələri üçün nəzərdə tutulmuşdur. Qədim Azərbaycan torpağı olan Təbriz şəhərində ermənilərə dörd adda qəzetin çapına icazə verildiyi halda, Azərbaycan dilində bir mətbuat orqanının nəşrinə icazə verilməməsi böyük vətənpərvər yazıçını xeyli hiddətləndirmişdir.
XX əsrin 20-ci illərində İranda Azərbaycan dilində satira jurnalı çıxarmaq və kəskin tənqidi yazılarla çıxış etmək ancaq Mirzə Cəlilə məxsus olan cəsarətli bir addım idi. Bu barədə Rusiyanın Təbriz konsulu ədibə belə demişdir: “...bu Təbriz şəhərində heç bir yeni iş baş tutmaz. Sizin “Molla Nəsrəddin” jurnalının müvəffəqiyyətinə və çoxlu oxucu qazanmasına təəccüb edirəm”. 1921-ci ilin fevral ayından “Molla Nəsrəddin” jurnalı Təbrizdə nəşr olunmağa başlamışdır.   
Jurnalın 1921-ci ildə Təbrizdə nəşr olunmuş 4-cü nömrəsində “Tazə xəbərlər” adlı yazıda Naxçıvanda çox böyük sürətlə dəyişən siyasi vəziyyət, sadəcə olaraq, sadalanmaqla qarışıq, mürəkkəb hadisələr haqqında təsəvvür yaradılmışdır: “Sübh vaxtı eşitdim ki, ermənilər rusları İrəvandan çıxarıblar. Bir saat sonra dedilər ki, ruslar erməniləri çıxardıblar. Bir saatdan sonra eşitdim ki, osmanlılar ingilislərlə barışıblar və ruslarnan pozuşublar, günorta vaxtı dedilər ki, osmanlılar ruslar ilə birlikdə ingilisə dava elan ediblər. Günortadan bir saat sonra dedilər ki, ruslar Bakıdan çəkiliblər Rusiyaya, yarım saatdan sonra nəql eləyirdilər ki, rusların çox qüvvələri İrəvandan keçib gəlir Naxçıvana. İndiyə kimi Məşədi Qasım əminin şirkəti 100 dəfə rusları Qarabağdan qaçırdıb, 100 dəfə Zəngəzuru gah ruslara verib, gah ermənilərə verib, gah müsəlmanlara”. Xəbərin davamından aydın olur ki, Naxçıvanda bu zaman 10000 nəfərlik bolşevik, 7000 nəfərlik Osmanlı qoşunu olmuşdur.       
“Molla Nəsrəddin”in 1922-ci il tarixli 3-cü nömrəsində Naxçıvan duzunun vaqonlara doldurulub xaricə daşınması və hətta dərman kimi olsa da, naxçıvanlılara verilməməsi “Qafqaz xəbərləri”ndə öz satirik ifadəsini tapmışdır: “Naxçıvan duzlağının duzunu həkimlər Naxçıvan əhalisi üçün müzürr tapıblar, çünki axır vaxtlarda naxçıvanlılar arasında əmələ gələn şeytançılıq azarını həkimlər Naxçıvan duzunda görürlər. Bu səbəbə duzlaqdan çıxan duzun cəmisi vaqonlara dolub, məlum deyil hara gedir və əhali duzsuz qalıb nə qədər yalvarırlarsa, həkimlər bir dizə qədər əhaliyə vermirlər. Naxçıvan vüzərası İrandan Naxçıvana duz gətirmək barəsində böyük tədbirlər tökməkdədirlər”. 
“Molla Nəsrəddin” jurnalının 1923-cü il tarixli 11-ci nömrəsində dərc olunmuş “Müqəddəs Vətənim” adlı felyetonu Cəlil Məmmədquluzadə bu sözlərlə başlayır: “Qoy tiflislilər nə edirlər, etsinlər, amma mənim başımı ucaldan genə mənim Naxçıvan Vətənim olacaq!” 1906-cı ildən “Molla Nəsrəddin” jurnalının əsas tənqid hədəflərindən olan dini xurafat və fanatizmin hələ də davam etməsi yazıçının satirik gülüşünə səbəb olmuşdur. Dizə kəndinin məsul katibinin piyada Kərbəlaya getməsi, məsul katiblərin məhərrəmlikdə dəstə tutması, sinə vurması və sair hadisələr müqayisə və qarşılaşdırmalar vasitəsilə tənqid olunmuşdur. Jurnalın qeyd edilən nömrəsindəki “Naxçıvandan” adlı xəbərdən məlum olur ki, burada planlı şəkildə rabitə sistemində problemlər yaradılmışdır: “Rabitə olmadığından bura xəbərlərini Sizə yetirməkdən acizəm. Hətta qayət əcələ surətdə yazılan məktublar bir ay beş günə ancaq Bakıdan Naxçıvana gəlir. Hələ onu demirəm ki, 1921-ci ilin sentyabr ayında yazılan bir əhəmiyyətli kağız 1922-ci ilin oktyabr ayında Gəncədən Naxçıvana gəldi”. Bu xəbərdən Naxçıvanda Təbrizdən gələn dırnaqarası ruhanilərin həftədə bir övrət alıb boşadıqlarını, uşaq yurdu sahibinin kimsəsiz uşaqların ərzaqlarını camaat torpağından icarəyə götürmək üçün hədiyyə etdiyini öyrənirik. 
Jurnalda Naxçıvan əhalisinin məişət problemlərindən satira vasitəsilə bəhs olunmuşdur: “Kənd əhalisi bu il qışın soyuğunun əziyyətini çox çəkmədilər. Çünki hərçənd odun az gəlmişdi bazara, amma “Əxbar” qəzetəsini peçlərdə yandırıb bir növ evləri isitdilər”. “Dəmiryol məsələsi” adlı felyetondan aydın olur ki, noyabr ayında Culfadan göndərilmiş baqaj beş aydır ki, Tiflisə gedib çatmayıb. “Köhnə konduktor” itən baqajını axtaran şəxsə belə məsləhət verir: “İstəsən gedib itən malını, ya pulunu alasan, gərək zəhmət çəkib 1-2 milyard yarım pul sərf edib gedəsən Tiflisə. Oraya getməyə dəxi hamının qüvvəsi olmayacaqdır. Qüvvəsi də olsa, gedəcək Tiflisə. Orada da ki, gərək gürcü dilini öyrənmək üçün gedib girsin kursa bircə il dərs oxusun və sair”. 
Jurnalın 1923-cü il tarixli 20-ci sayında “Culfa-Ordubad poçtası” adlı xəbərdə bildirilir ki, əvvəlcə Ordubad ilə Culfa arasında poçt nəqliyyatı üçün 40 at saxlanılırdısa, indi ancaq 6-sı ilə kifayətlənilir və “zənn olunur ki, bu üsul əlverişli olduğundan çox yerlərdə qəbul olunsun”. 
1923-cü il 28 aprel tarixli 22-ci nömrədəki “Naxçıvandan” adlı felyetondan aydın olur ki, “Pirqəmişli” Təbrizdən Culfaya dördsaatlıq maşın yolunu 15 günə gəlib çatmışdır. Onun yanvarın 22-də redaksiyaya göndərdiyi məktub isə aprelin 28-də lazımi ünvana çatdırılmışdır. Çünki maşinist üç gün toya getmiş, vaqonun fanarları, pəncərələrinin şüşələri olmadığı üçün axşam yola çıxmamış və sair. 
Jurnalın 1923-cü il 16 iyun tarixli 25-ci nömrəsində “Naxçıvandan” adlı satirik xəbərdə kasıb kişilərin bir-birinə verdikləri və cavablandıra bilmədikləri suallardan bir neçəsi Molla əmidən soruşulur. Bunlardan birini diqqətinizə çatdırmaq istəyirəm: “Naxçıvan şəhərində olan dustaqxanada dustaqları döyməyi eşidən kənd və şəhər qulluqçuları dərsi-ibrət alıb taza dəyənəklər zakaz vermişdilər. Bəziləri zopa alıb bu işə şüru (yəni başlamışlar – A.O.) və bir çoxları da hələ məşq edirlər. Hərgah belə getsə, axırı nə olacağına nə deyirsən?” 
Jurnalın 1923-cü il tarixli 38-ci nömrəsindən Naxçıvanda milislərin üç ildir ki, paltarsız, ayaqqabısız qaldıqlarını, kursantların vaxtlı-vaxtında ali məktəblərə göndərilmədiklərini, poçtların çox ləng işlədiyini öyrəniriksə, 21 aprel 1923-cü il 21-ci nömrəsində bir naxçıvanlının atasının sümüklərini Kərbəlaya apararkən ingilislərin gömrük pulu almaması üçün sümükləri əzib torbaya doldurmasından xəbər verilir. 
1924-cü ilin 12-ci nömrəsində “Naxçıvanlı” adlı müəllifin xəbərindən məlum olur ki, Cəlil Məmmədquluzadə buradakı insanların həyatı, problemləri ilə daim maraqlanmışdır. 
“Molla Nəsrəddin” jurnalında dərc olunmuş bütün bu satirik nümunələr jurnalın redaktorunun Təbrizdə, Bakıda və başqa şəhərdə yaşamasından asılı olmayaraq, daim doğma Vətəni olan Azərbaycan və Naxçıvan haqqında düşündüyünü, buradakı bir sıra problemlərin, bəzi qüsurların aradan qaldırılması üçün onları diqqət mərkəzinə çəkdiyini, öz vətəndaşlarını azad və  xoşbəxt görmək üçün bütün qüvvəsi ilə çalışdığını bir daha sübuta yetirir. 

Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 07.04.2024 00:01