AZ EN RU

Muxtariyyat tariximiz Naxçıvan teatrının səhnəsində

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə yeni tamaşa hazırlanır. Həsənəli Eyvazlının tarixi faktlar əsasında yazdığı “Araz sahilində doğan günəş”  əsərinin quruluşçu rejissoru  Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, rejissor assisenti Mehri Nəbiyevadır.

Əsərin mövzusu 1920-ci illərin əvvəlində Naxçıvanda, eyni zamanda ölkəmizdə gedən ictimai-siyasi prosesləri, Naxçıvanın muxtariyyət əldə edilməsində yerli və türkiyəli  diplomatların gərgin fəaliyyətləri, Stalinin və ermənilərin  buna ciddi şəkildə əngəl törətməsi və digər maraqlı tarixi məqamları əhatə edir. Tamaşada  Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski, Mustafa Kamal Atatürk, Stalin, Çiçerin, Veysəl bəy və digər tarixi şəxsiyyətlərin obrazları da yer alıb.       

Səhnə əsərində  Azərbaycan Respublikasının Xalq artistləri Rövşən Hüseynov, Həsən Ağasoy, Rza Xudiyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Əbülfəz İmanov, Nazlı Hüseynquluyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Səməd Canbaxşıyev, Günay Qurbanova  və  digər aktyorlar rol alıblar.

                                                             Aidə İBRAHİMOVA

Nəşr edilib : 28.01.2024 16:46