AZ EN RU

Muxtar respublikanın yetirmələri: türkoloq Cəfər İsmayıloğlu

Azərbaycan dilçilik elminin görkəmli simaları dəyərli elmi araşdırma və sanballı elmi nəticələri ilə dilçilik tariximizin səhifələrinə silinməz imzalarını həkk ediblər. Zaman-zaman tanınmış elm adamları Azərbaycan dilçilik elminin inkişafı istiqamətində bir-birindən dəyərli elmi nəticələrlə çıxış etmişdilər. Türkologiya elminin görkəmli simaları dahi Mahmud Kaşğarlıdan irəli gələn ənənəyə sadiq qalaraq bu elmin Azərbaycan konseptini məhz həmin ənənə istiqamətində apararaq uğurlara imza atmışlar.

Belə şəxsiyyətlər sırasında ömrünü, sözün əsl mənasında, elmə həsr edən, Azərbaycan türkologiya elmində dəyərli elmi araşdırmaları ilə çıxış edən mərhum türkloq alim Cəfər İsmayıloğlunun imzasının özünəməxsusluğu alimin hər bir araşdırmasında özünü aydınca göstərir.

Cəfər İsmayıl oğlu Cəfərov 1938-ci ilin fevral ayının 20-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin fars filologiyası bölməsinə daxil olmuşdur. 1961-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Türkmənistana göndərilmişdir. Türkmən məktəblərində fars dilini tədris etmiş, Elmi-Tədqiqat Müəllimlər İnstitutunda şərq dilləri üzrə elmi işçi vəzifəsində çalışmışdır.

Sonralar Aşqabaddakı Türkmən Dövlət Universitetində fars dilindən dərs demiş, Məhdimqulu adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1971-ci ildə “Müasir türkmən ədəbi dilində işlənən fars sözləri” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. “Qədim türk yazılı abidələri” fənnindən dərs deməklə yanaşı, elmi araşdırmalarını da davam etdirmişdir. Qədim türk dilləri, türkologiya ixtisasından kadra ehtiyac olduğu üçün Cəfər müəllimi Azərbaycana - Bakı Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə o,1974-cü ildən ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin türkologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.

Cəfər İsmayıloğlunun yer-yurd adlarımız - Qafqaz, Gəncə, Naxçıvan, İrəvan, Şərur, Abşeron və s. haqqındakı orijinal etimoloji tədqiqatları hələ keçən əsrin 80-ci illərində elmi ictimaiyyətin rəğbətini qazanmışdı. Azərbaycan, türkmən, türk, alman və rus dillərində 100-ə yaxın elmi və publisistik məqaləsi, “Aslar kimdir”, “Milli etnik yaddaşın izi ilə” adlı kitab və monoqrafiyası çap olunmuşdur. Cəfər İsmayıloğlu 1996-cı ilin dekabr ayının 20-də vəfat etmişdir.

Əvvəllər Azərbaycanda qonaqdan "kimlərdənsən?" soruşduqda əvvəlcə mənsub olduğu tayfanın, sonra isə nəslinin adını deməli idi. Daha uzaq əyyamlarda isə belə sorğu-suala da ehtiyac yox idi. Qəribin geyimi, silahı, yəhəri üzərindəki damğa işarələri onların sahibi haqqında ətraflı məlumat verirdi. Bilindiyi kimi damğalar, qaya rəsmləri, ideoqramlar, piktoqramlar əski türklərdə çox yayğın olmuş, geniş ərazidə istifadə olunmuşdur. Yenisey yazılarında, Talas abidələrində, run əlifbası ilə yazılmış uyğur bəngü daşlarında damğalar geniş istifadə dairəsinə sahip olmuşdur, hətta göytürk yazıları ilə məşğul olan elm adamları bu abidələrdəki xan damğalarından belə bəhs etməkdədirlər. Bu cür əlaqə vasitələri bu və ya digər şəkildə yazı sistemi ilə bağlantılı olmuşdur. Çünki Göytürk əlifbasındakı hərfi işarələrin bir çoxu araşdırıcıların qənaətinə görə əski türk damğalarından yaranmışdır.

Mahmud Kaşğarlı da XI yüzildə “Divani-lüğət-it-türk” əsərində 24 oğuz boyunun 22 damğasının rəsmlərini vermiş və bu damğaların önəmindən bəhs etmişdir. Qafqaz bölgəsində də damğaların, qaya rəsmlərinin, piktoqrafik və ideoqrafik yazıların yayılma ərazisi geniş olmuşdur. Azərbaycanın məşhur elm adamları bu mövzuda geniş araşdırmalar aparmışlar. Bu mövzuda dərin tədqiqat işləri apararaq maraqlı elmi nəticələr əldə etmiş Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Cəfər İsmayıloğlunun Azərbaycandakı damğaların toplanması, araşdırılması sahəsində böyük töhfələri olmuşdur. Onun bu mövzudakı araşdırmaları vəfatından sonra monoqrafiya şəklində çap etdirilmişdir.

XX əsrin başlarında böyük türkçü Əli bəy Hüseynzadə yazırdı: “Türklər ulum və fünunda böyük xidmətlər göstərmişdir, ancaq bizim çoxumuz hələ bunu bilmirik. Çünki türklərin özü tərəfindən yazılan asarı unudub türk tarixinə türk olmayanların, məsələn, ərəbin, farsın, rusun, firəngin, çinlinin gözü ilə baxırıq”. Cəfər İsmayıloğlunun da araşdırıcılıq fəaliyyətində, tədris fəaliyyətində incələmək istədiyi, Azərbaycan gənclərinə aşılamaq istədiyi gerçəklər bunlar idi.

Məlum olduğu kimi sovet türkologiyasında Qafqazı, xüsusilə də Azərbaycanı əski kulturoloji çevrə olaraq türk dünyasından ayırmağa cəhd etmişlər. C.İsmayıloğlunun bütün məqalələrinin ana xətti bu saxtakarlığı aradan qaldırmaq, Azərbaycan ərazisinin, xüsusilə bütün Qafqazın əski sivilizasiya tarixinin türk dünyası ilə əlaqəsi olduğunu isbat etməkdən ibarət olmuşdur. Bunu da qeyd edək ki, alim türk xalqlarının tarixində aslar konsepsiyasına böyük önəm verirdi. Bu baxımdan alimin “Azərbaycan damğa və işarələrinin sirləri”, “Bəzi damğa və işarələrin etimoloji izahı”, “Azərbaycan damğaları” adlı məqalələri xüsusilə diqqət çəkir. Alim bir tərəfdən zəngin elmi informasiya, digər tərəfdən isə filoloji-analitik təfəkkürü hesabına Azərbaycan ərazisindəki oğuz tayfalarından olan əfşar, bayandur, çuvaldar, salur və b. tayfaların damğa və işarələrini araşdıraraq bu damğa və işarələrin Azərbaycan ərazisində geniş yayılmasını isbat edir. C.İsmayıloğlu göstərir ki, qədim türk damğaları çox ehtimal ki, min illər bundan əvvəl əmələ gəlmiş və əski dünya əlifba sisteminin başlıca qaynaqlarından biri olmuşdur.

Alim Cəfər İsmayıloğlu “Azərbaycan damğaları” məqaləsində türk qövmlərinin əski yurd-yuvalarının, vətənlərinin müəyyən edilməsində damğaların böyük önəmə sahib olduğunu vurğulamaqdadır. Çünki damğalar həm də Azərbaycan türklərinin inkişafında böyük əhəmiyyəti olan müxtəlif etnosların qədim mədəniyyətlərinin ilk örnəkləri kimi də dəyərli yadigarlardır. Bu düşüncə ilə yola çıxaraq yazar Azərbaycanın Ordubad, Şamaxı, Gədəbəy, Qobustan bölgələrində tapılmış damğa və yazı işarələri üzərində tədqiqat aparmış, onların hansı qədim türk qövmü ilə əlaqəli olduğunu müəyyənləşdirməyə səy göstərmişdir. Bu məqaləyə hətta sözügedən bölgələrdən əldə olunmuş damğaların rəsmləri, cədvəlləri də əlavə edilmişdir. Yazarın “Azərbaycan damğa və işarələrinin sirləri” adlı məqaləsi də əvvəlki mövzunun davamı səciyyəsi daşıyır.

Burada yazar daha çox Qobustan qayaüstü işarələri, damğaları üzərində dayanmışdır. Alim Qobustan yazılarına daha çox önəm verməsini belə açıqlayır: “Qobustanın timsalında Azərbaycan ərazisində aşkara çıxarılmış yazı örnəklərinin yaşı on min illərlə ölçülür. Bunlar ayrı-ayrı əsrlərə, minilliklərə, eyni zamanda müxtəlif tayfalara, onların başçılarına aid olduğuna görə bəzən eyni termin, söz və fikir müxtəlif şəkillərdə yazılan damğa, işarə və fiqurlarla ifadə edilməkdədir”. Qobustandakı Yazılı dərə adlı bölgədəki, eyni zamanda Cingir dağdakı materiallar daha çox yazarın diqqətini çəkmişdir.

Bu damğalara və insan fiqurlarına əsasən yazar göytürk damğaları ilə müqayisələr aparır, əski türk qövmləri, xüsusilə as/az qövmləri haqqında bəhs edir. O, VIII-X əsrlərə aid etdiyi bu damğa və işarələr haqqında bu nəticəyə gəlir: “Bu qayaüstü rəsmlər tarixi, elmi, gözəl sənətləri öyrənmək üçün sadəcə ən əski qaynaq olaraq qalmır, türk qövmlərinin, eyni zamanda Azərbaycan xalqının Qafqazlarda yaşamış əcdadlarının ilk yazı örnəkləridir”. Bu mövzu yazarın “Bəzi damğa və işarələrin etimoloji açıqlaması” adlı məqaləsində də davam etdirilmişdir. Bu məqalədə yazar Qobustan qayalarının rəsm, işarə və damğalarına əsaslanaraq unudulmuş etnonimlərdən olan asların və ya azların Azərbaycan xalqının etnogenezisindəki əhəmiyyətindən bəhs edir.

Müəllif məqalədə həm də az/as etnoniminin Azərbaycanın müxtəlif bölgələrində toponim, oronim və hidronimlərin tərkibində qalmış izlərinin də geniş bir siyahısını vermişdir. Qobustandakı Yazılı dərədə, Kiçik daşda rast gəlinən ideoqram, işarə və insan fiqurlarına əsaslanaraq o, qədim as qövmləri haqqında geniş məlumat verir. Məlum olduğu kimi, az qövmünün ismi Göytürk yazılarında da tez-tez keçməkdədir. Bu incələmələrdən yazar belə bir nəticəyə gəlmişdir: “Aslar Qafqazda, xüsusilə Naxçıvan, Qazax, Kəlbəcər, Qobustanda və b. yerlərdə özlərinin ilk yazı mədəniyyətlərini də milad öncəsi X-VIII minilliklərdə yaratmışdır. Az xətti və az damğası əski dünya mədəniyyəti tarixində ilk örnək olaraq diqqət çəkməkdədir. Damğa, işarə piktoqramların kompleks transkripsiyası və mənalandırılması onların (asların) şərtsiz türk xalqı olduqlarını təsdiq edir. Yazarın “Aslar kimdir” adlı məqaləsində də eyni mövzunun incələnməsi daha detallı şəkildə davam etdirilmişdir. Bu kitabda eyni zamanda türklərin bir qolu olan turdetanlar və onların əlifbasi haqqında da bilgi verilmişdir.

Cəfər İsmayıloğlunun “Runik qrafemlərin təşəkkül tarixinə dair düşüncələr” və “OrxonYenisey abidələri” adlı məqalələri də əski türk yazılarının öyrənilməsinə həsr edilmişdir. Burada Orxon yazılarının dil və üslubunun daha mükəmməl olduğu, Bilgə kağanın türkləri yadellilərə qarşı birlik olub mübarizə aparmağa səslədiyi xüsusilə vurğulanmaqdadır. Bu məqalələrdə eyni zamanda göytürk əlifbasının kökü məsələsi də incələnmişdir. Alim də türk oğuz damğalarının türk mədəniyyəti tarixində önəmli rol oynadığını, M.Kaşğarlının verdiyi oğuz damğalarına əsaslanaraq göytürk əlifbasındakı hərfi işarələrin əski türk damğalarından yayıldığını faktlarla isbatlamışdır.

Nəticə olaraq bunu qeyd edək ki, məşhur elm adamı, dərin türkçü alim, ömrünü türkçülüyün tədqiqi və təbliğinə həsr edən Cəfər İsmayıl oğlu Cəfərov Azərbaycan ərazisindəki damğa, ideoqram, qayaüstü rəsmlər, yazı işarələrinin tapılması və incələnməsində, bunların əski türk yazılarıyla müqayisəli şəkildə öyrənilməsində və bu araşdırma metodunun, istiqamətinin rolu və önəmi haqqında məlumat verən ilk seçkin elm adamlarından biri olmuşdur.

Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü

Nəşr edilib : 20.02.2024 09:35