AZ EN RU

Muxtar respublikanın yaşıllıq sahələri genişləndirilir

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Naxçıvan) birgə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının əsas istiqaməti muxtar respublikamızda mövcud təbii meşələrdə, talalarda və seyrək yerlərdə əsas üstünlük quraqlığadavamlı növlərə verilməklə elmi əsaslandırılmış bərpa işlərinin aparılması, təbii bərpaya kömək məqsədilə zəruri tədbirləri görməkdir. 
    Tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu, Biçənək meşəsindəki meşə talalarında əvvəlcədən şırım açılmış 5 hektar sahədə toxumla əkin aparılmışdır. Əkin  zamanı ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
     Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər meşə ilə örtülü olmayan torpaqlarda meşələrin bərpa olunmasında, yaşıllıq sahələrinin genişləndirilməsində, torpağın münbitliyinin qorunmasıda, həmçinin külək və su eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2023 19:51