AZ EN RU

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri ilk dəfə olaraq VI ingilis dili olimpiadasında iştirak ediblər

Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında akademik məqsədlər üçün ilk dəfə olaraq  VI ingilis dili Olimpiadası  keçirilib. Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan olimpiadadanın birinci mərhələsində  muxtar respublikanın ümumtəhsil məktəblərindən 261 şagird iştirak edib. Olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub. 
Qeyd edək ki, olimpiada ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Təhsil İnformasiya Mərkəzi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı şəhər üzrə Tədris İdarəsinin dəstəyi ilə keçirilib. 
Olimpiadanın birinci mərhələsində  yüksək bal toplamış ilk 100 tələbə 11 may 2024-cü il tarixdə ADA Universitetində ikinci - dinləmə və yazı mərhələsinə qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış ilk 15 iştirakçı növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar. 
Qaliblər ADA Universitetinin pedaqoji heyəti və tərəfdaş təşkilatların nümayəndələrindən ibarət şura tərəfindən seçiləcək. 1-ci yerin sahibi Bakı Təhsil İnformasiya mərkəzinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq. Həmçinin 2-ci və 3-cü yerlərin sahibləri də kompüter, planşet kimi mükafatlarla təltif olunacaqlar. Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə onların olimpiadada iştirakını təsdiq edən sertifikat təqdim olunacaqdır.

Nəşr edilib : 30.04.2024 10:19