AZ EN RU

Muxtar respublikanın ümumtəhsil məktəblərində növbəti “Mütaliə aylığı”na start verilib

    Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Növbəti “Mütaliə aylığı”nın başlanması münasibətilə aprelin 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. 
    Tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənib, şagirdlərin təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunub, fondu zənginləşdirilib, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilib. Kitabxanalarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan siyahıya daxil edilən oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. 
    Qeyd olunub ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyatı nümunələrinin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bunun üçün şagirdlərlə məqsədyönlü maarifləndirmə işlərinin aparılmasına, “Oxunması zəruri olan kitablar”ın mütaliəsinə, şagirdlərdə oxu vərdişlərinin yaradılmasına diqqət artırılmalı, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlərə mütaliə mədəniyyəti, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığı aşılamalıdırlar.  
    Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Bu ay  çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir. Həmçinin ay daxilində şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək, “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans, ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün kurs təşkil ediləcək, kitab bağışlama aksiyası, kitab müzakirələri, görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər, yazıçı və şairlərlə şagirdlərin görüşü və müxtəlif müsabiqələr  keçiriləcəkdir. 
    Tədbirdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru  Asudə Məmmədova, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin kitabxana müdiri Tükəz Əliyeva, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ramiyə Abbasova çıxış ediblər. Təhsil işçiləri göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

 Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.04.2022 18:43