AZ EN RU

Muxtar respublikanın təhlükəsizlik orqanları qayğı ilə əhatə olunub

1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti vətənimizin qarşılaşdığı daxili və xarici təhlükələri nəzərə alaraq 28 mart 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsini yaratmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalı burada milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirərək ərazi orqanlarının yaradılması səylərini yarımçıq qoydu.

Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramının rəsmi şəkildə qeyd olunması zəngin və şərəfli ömür yolu təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin imzaladığı 23 mart 1997-ci il tarixli “Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il martın 28-i ölkəmizdə təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasında təhlükəsizlik orqanlarının inkişafı, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz”, - deyən ulu öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirmişdir.

Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas olması yalnız ulu öndərin həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün olmuşdu. İctimai-siyasi sabitlik təmin olunduqdan sonra dahi öndərin rəhbərliyi altında Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri işlənib hazırlanmış, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətləri qurması yönümündə addımlar atılmışdır.

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutmuşdur. 

Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Prezident cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da idarəetmə strukturu təkmilləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılmışdır.

Dövlət quruculuğu prosesində yaxından iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni mühitinin inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə işin səmərəli təşkilində, ən başlıcası vətəndaşların təhlükəsizliyinin təmin olunmasında digər dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu gün təhlükəsizlik xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu ümumprofilaktik tədbirlərin keçirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar tərəfindən gənc nəslin milli və əxlaqi dəyərlərə, adət-ənənələrimizə, dövlətçiliyimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır, onlara ölkə vətəndaşlarını şirnikləndirici, aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə sövq etməyə çalışan ayrı-ayrı təşkilatlar, eləcə də son dövrlər beynəlxalq aləmi təhdid edən radikal, qeyri-ənənəvi dini qruplaşmalar və onların pozuculuq fəaliyyətləri barədə ətraflı məlumatlar verilir.

Bu gün milli maraq və təhlükəsizliyin müasir səviyyədə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ötən dövrdə xidmətin maddi-texniki bazası davamlı olaraq gücləndirilmiş, xidmətin Culfa rayon idarəsi və Babək rayon şöbəsinin inzibati və yaşayış binaları əsalı təmir olunaraq yenidən qurulmuş, Xüsusi təyinatlı şöbənin inzibati binası və Təlim  mərkəzi istifadəyə verilmiş, xidməti fəaliyyətin günün tələblərinə uyğunlaşdırılması məqsədilə islahatlar aparılmış, əməkdaşların maddi-sosial vəziyyətinin yüksəldilməsi, peşəkarlıqlarının artırılması istiqamətində zəruri addımlar atılmışdır.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilmiş və bunun nəticəsi olaraq əməkdaşlar dövlət mükafatlarına, müxtəlif medal və təltiflərə layiq görülmüşlər. Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.

Dövlət Təhlükəsizliyi Xidməti müasir texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin “Təhlükəsizlik оrqanlаrındа müasir tələblərə cavab verən, yüksək professional səviyyədə olan kadr korpusu hazırlanmalıdır” fikirləri əsas götürülərək təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə vətənpərvər, yüksək mədəniyyətə, geniş dünyagörüşünə malik, müvafiq psixoloji və fiziki hazırlıqlı, dövlətçiliyə sədaqətli gənclər qəbul olunur, xidmət dövründə gənc əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması, əqli və fiziki potensiallarından səmərəli istifadə olunması istiqamətində nəzəri və əməli köməkliklər göstərilir.

  Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazdı. Təhlükəsizlik orqanları da bu şanlı vəzifənin yerinə yetirilməsində qətiyyət nümayiş etdirərək, üzərinə qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdi.

2019-cu il iyulun 9-da “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Аli Məclisinin Sədri cənab Vasif Talıbov kəşfiyyat və əks-kəşfiyyat sahəsində işin düzgün təşkilinin birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verdiyini bildirmiş, muxtar respublikanın təhlükəsizlik orqanlarının qarşısında müvafiq vəzifələr qoymuş və xüsusi xidmət orqanlarının vacib vəzifəsinin dövlətin möhkəmləndirilməsinə, müdafiə potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət etməkdən ibarət olduğunu qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ötən dövrdə dövlət siyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında uğurlu fəaliyyət göstərmiş, dövlətimizin milli mənafelərinin qorunmasını təmin etmişdir. 

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətə və xalqa şərəfli xidmət missiyasını bundan sonra da layiqincə davam etdirəcək, müstəqilliyimizin, təhlükəsizliyimizin və mövcud sabitliyin qorunması istiqamətində bütün qüvvə və səyini səfərbər edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır”.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Təhlükəsizliyi Xidmət

Nəşr edilib : 27.03.2022 23:50