AZ EN RU

Muxtar respublikanın səhiyyə sahəsində bir ilk: Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib

    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov çıxış edərək bildirib ki, könüllü fəaliyyətə cəlb olunmuş tələbələrin biliklərinin nəzəri və praktiki inkişafına dəstək göstərilməklə yanaşı, onlar fəaliyyətinə dair sertifikatlarla təmin ediləcək, aktivliyi ilə seçilən səhiyyə könüllüləri qanunvericiliyə uyğun işlə təmin olunması diqqətdə saxlanılacaq.
    Səhiyyə könüllüləri könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək üçün daha da inkişaf etdiriləcəkdir. İlk olaraq könüllülər xəstəxanalarımıza müraciət edən vətəndaşlara, eləcə də tibbi heyətə yardımçı işlərdə köməklik edəcəklər.
   Tədbirdə “Gənclərin səhiyyə sahəsində sosial layihələrə cəlbi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, ölkəmizdə könüllü fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları var. Könüllülük cəmiyyətimiz üçün çox faydalıdır. Azərbaycan gəncləri bu gün bir sıra qurumlarda, QHT-lərdə könüllü olaraq öz fəaliyyətini davam etdirirlər və bir sıra sahələr üzrə təcrübə qazanırlar. Ölkə başçısının 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi könüllü olan şəxslərin fəaliyyətinə verilən ən yüksək qiymət oldu. Bütün bunlar onu göstərir ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir. Bu gün reallaşan və muxtar respublika səhiyyəsində bir ilk olacaq səhiyyə könüllüləri layihəsinin əsasında cəmiyyətin hansısa probleminin həllinə dəstək vermək məqsədi dayanır.
    Naxçıvan Muxtar Respublika Xəstəxanası baş həkiminin müavini Ramazan Abbasov “Tibb təhsili və könüllülük” mövzusunda çıxış edərək könüllülərin əhalinin sağlamlığı, cəmiyyətin rifahı naminə ölkəmizdə həyata keçirilən tədbirlərə töhfə vermək istəklərini yüksək qiymətləndirdiyini bildirib. 
    Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxışında qeyd edib ki, məqsəd səhiyyə üçün yüksəkixtisaslı, peşəkar, insanların sağlamlığının keşiyində layiqincə dayanan kadrlar hazırlamaqdır.
    Könüllülük prinsipləri və bu sahədə gənclərin rolundan danışan layihə tərtibatçısı Babaəmir Hacıyev və səhiyyə könüllüsü Dünya Rəcəbli vurğulayıblar ki, könüllülük işi çox nəcib işdir və burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar var və biz gənclər bu imkanlardan lazımınca istifadə edəcəyik.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.07.2023 11:27