AZ EN RU

Muxtar respublikanın rayonlarında yarım ilin yekunlarına həsr olunmuş müşavirələr keçirilib

    Muxtar respublikanın rayonlarında altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsinə və yarım ilin yekunlarının müzakirəsinə həsr olunmuş müşavirələr keçirilmişdir.
    Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov giriş sözü ilə açaraq cari ilin birinci yarım ilində rayonda görülmüş işləri diqqətə çatdırmış, qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar vermişdir. Bildirilmişdir ki, ötən müddətdə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərurda da tikinti-quruculuq işlərinin həcmi artmış və təkcə 2022-ci ilin ilk altı ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 656 min 800 manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1 faiz artaraq 37 milyon 467 min 700 manat təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması əhalinin rifahını daha da yüksəltmiş, bu səbəbdən məskunlaşma artmış, rayon əhalisinin sayı 111 min 852 nəfər olmuşdur.
     İcra başçısı bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə rayonda aparılan çoxşaxəli tikinti-quruculuq işləri barədə ətraflı məlumat vermiş, qeyd olunmuşdur ki, 2022-ci ilin ilk altı ayında Şərur rayonunda 53 milyon 761,9 manatlıq, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsalı qeydə alınmışdır. Cari ildə Şərur Sənaye Məhəlləsində işlər çox sürətlə davam etdirilmişdir. Hazırda 3 istehsal korpusundan ibarət olan Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir,  yeni istehsal sahələrinin qurulması istiqamətində işlər davam etdirilir. Bir çox sahələrlə yanaşı, Şərur Sənaye Məhəlləsində əsas istehsal sahələrindən biri olacaq bitki yağlarının istehsalı müəssisəsini yerli xammalla təmin etmək üçün hazırda rayonda 1032 hektar sahədə qarğıdalı, 70 hektara yaxın sahədə isə günəbaxan bitkisi əkilmişdir. Növbəti il üçün qeyd olunan sahələrin 4-5 dəfə artacağı gözlənilir.    
    Diqqətə çatdırılmışdır ki, hesabat dövründə rayonda 16 min 234 hektar torpaq sahəsində əkin aparılmış və hesabat dövründə 35 milyon 593 min 200 manatlıq bitkiçilik məhsulu istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Cari ildə rayonda 4 min 38 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 3 min 276 hektarını buğda, 762 hektarını isə arpa təşkil etmişdir. Məhsuldarlıq orta hesabla 40,8 sentner olmuşdur. Həyata keçirilən yaşıllaşdırma tədbirləri zamanı 6,7 hektar sahədə yeni meyvə bağları salınmış, 4,5 hektar meyvə bağında isə bərpa işləri aparılmışdır. Barverən meyvə bağlarından 9 min 612 ton məhsul əldə edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 1 faiz çoxdur. Tütünçülük üçün münbit torpaqları, əlverişli təbii-iqlim şəraiti olan rayonda bu sahənin inkişafı istiqamətində lazımi tədbirlər görülmüş, rayonda, ümumilikdə, 8 hektar sahədə tütün əkini həyata keçirilmişdir. Bəhs olunan dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şərur rayonu üzrə 16 ailə təsərrüfatçısına sənaye və kənd təsərrüfatı istiqamətində fəaliyyətlərini genişləndirmələri üçün 217 min 800 manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, ­nəticədə, ailə təsərrüfatlarının sayı artaraq 425-ə çatmışdır.
    Vurğulanmışdır ki, bu il Şərur rayonu üzrə ümumtəhsil məktəblərindən 520 məzun olmuş, onların 490-ı ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Məzunların 2-si “Qızıl”, 3-ü “Gümüş” nişana, 7-si isə fərqlənmə attestatına layiq görülmüşdür. Ali məktəblərə qəbul olan şagirdlərdən 29-u 500-700 intervalında bal toplamışdır. Qəbul imtahanlarında Şərur rayon 2 nömrəli tam orta məktəbin yetirməsi topladığı 679 balla muxtar respublika birincisi adını qazanmış və “Qızıl” nişana layiq görülmüşdür. Qeyd olunmuşdur ki, turizmin inkişafı üçün Şahbulaq kəndində lazımi tədbirlərin görülməsinə başlanılmışdır. Burada insanların rahat yaşayışı üçün hər cür şərait yaradılmış, bütün infrastruktur yenilənmişdir. 

***

    Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə çıxış edən İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov 2022-ci ilin birinci yarım ilində rayonda tikinti-quruculuq işlərinin geniş vüsət almasından danışıb. Bildirib ki, dövlət qayğısı nəticəsində aqrar rayon olan Babəkdə 2022-ci ilin məhsulu üçün 16172 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 11094 hektarını taxıl təşkil edib. Artıq biçin kampaniyası başa çatıb və sahələrdən 35308 ton məhsul tədarük olunub. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2022-ci ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə sahibkarlara 11 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb. Bu dövrdə dövlət tərəfindən payızlıq taxıl əkinlərinə görə 1784 istehsalçıya 10800 hektar əkin sahəsi üçün 677 min 439 manat məbləğində subsidiya, 2591 ton 301 kiloqram azot gübrəsi verilib. 
    Vurğulanıb ki, 2022-ci ilin ötən 6 ayı ərzində ailə təsərrüfatlarına dövlət dəstəyinin göstərilməsi diqqət mərkəzində saxlanılıb, istehsal genişlənib, yeni iş yerləri açılıb. Hesabat dövrü ərzində Babək rayonunda müxtəlif sahələr üzrə yaradılan ailə təsərrüfatlarının sayı 207-yə çatdırılıb. 2022-ci ilin birinci yarısında rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə də rayonda bir sıra işlər görülüb. Bəhs olunan dövrdə vətəndaşlardan daxil olan müraciətlər əsasında 122 telefon, 554 genişzolaqlı internet xətti çəkilib.
    Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində ekoloji tarazlığın qorunması məqsədilə iməciliklər yolu ilə 2,2 hektar sahədə yeni yaşıllıq zolağı salınıb, 2,5 hektar sahədə bərpa işləri aparılıb. Bu dövrdə 5444 ağac, gül və bəzək kolları əkilib.

***

    Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad  Məmmədov 2022-ci ilin birinci yarım ilinin yekunları ilə əlaqədar çıxışında qeyd edmişdir ki, 2022-ci ilin müvafiq dövrü istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yaddaşlara həkk olunmuşdur. Ordubad rayonu da 2022-ci ilin müvafiq dövrünü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində  yüksək göstəricilərlə başa vurmuşdur. Belə ki,  2022-ci ilin yanvar-iyun aylarında 4753 min manatlıq, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. 2022-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 31405 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,3 faiz artaraq 30484,7 min manat təşkil etmişdir. Vurğulanmışdır ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası Ordubad rayonunda da diqqətdə saxlanılmış, bir sıra yeni sosial obyektlər istifadəyə verilmiş, digərlərində isə tikinti işləri davam etdirilmişdir.
    Diqqətə çatdırılmışdır ki, 2022-ci ilin birinci yarım ili ərzində Ordubad Rayon Vergilər Şöbəsi tərəfindən vergi daxilolmaları üzrə proqnoz tapşırığa 1 milyon 576 min 800 manata qarşı 1 milyon 616 min 100 manat, məcburi dövlət sosial sığorta haqlarının yığılması üzrə 2 milyon 485 min manata qarşı 2 milyon 805 min 100 manat, işsizlikdən sığorta haqları üzrə 95 min manata qarşı 109 min 800 manat vəsait toplanmışdır. 2022-ci ilin birinci yarım ilində rayon üzrə yerli büdcənin gəlirləri yol fondu daxil olmaqla, 1 milyon 576 min 800 manat plana qarşı 1 milyon 616 min 61 manat məbləğində icra edilərək 102,5 faiz yerinə yetirilmişdir. Yerli büdcənin xərcləri 1 milyon 772 min 400 manat  məbləğində icra edilmişdir.  
    Bildirilmişdir ki, 2022-ci ilin müvafiq dövründə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına son illərdə qəbul olunmuş Dövlət  proqramlarında nəzərdə tutulan tədbirlərin icrası müsbət təsir göstərmiş və aqrar sahənin davamlı inkişafı təmin olunmuşdur. 2022-ci ilin məhsulu üçün 3937 hektar sahədə əkin aparılmışdır. Əkin sahələrinin 1800 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 11 hektarını  dən üçün qarğıdalı, 587 hektarını kartof, 647 hektarını tərəvəz bitkiləri, 18 hektarını ərzaq üçün bostan bitkiləri, 214 hektarını cari ildə əkilmiş çoxillik otlar, 660 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir. 1 iyul 2022-ci il tarixə 1800 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsinin 83,5 faizindən 4347 ton məhsul yığılmış, məhsuldarlıq 28,9 sentner  təşkil etmişdir. 587 hektar kartof əkilmiş sahənin 38,2 faizindən 3452 ton kartof, 647 hektar tərəvəz bitkiləri əkilmiş sahənin 22,4 faizindən 964 ton tərəvəz yığılmışdır. Hazırda məhsul yığımı davam edir. 
    Qeyd olunmuşdur ki, 1 iyul   2022-ci il tarixə barverən meyvə bağlarından 192 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunda diri çəkidə 2337,6 ton ət, 3736,2 ton süd, 9153 min ədəd yumurta, 93,2 ton yun istehsal edilmişdir. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 35,7 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 1,1 faiz, yun istehsalı 1 faiz artmışdır.
    Müşavirədə, həmçinin 2022-ci ilin ilk yarım ilində səhiyyə, təhsil, mədəniyyət, rabitə, elektrik, qaz xidməti  və digər sahələrdəki vəziyyət də  müzakirə edilmişdir.  

***

    Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev bu ilin birinci yarısında görülmüş işlərə dair geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2022-ci ilin birinci yarısında muxtar respublika iqtisadiyyatında əldə olunan inkişaf və tərəqqi Culfa rayonunda da özünü bariz şəkildə göstərmişdir. Rayonda yeni istehsal müəssisələri yaradılmış, məhsul istehsalının çeşidliliyi genişləndirilmişdir. Bu dövrdə tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmiş, əhalinin rifah halının yüksəldilməsi, xüsusilə insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, rayonun sosial-iqtisadi göstəriciləri bundan əvvəlki illərin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Rayonun sosial-iqtisadi inkişafı istiqamətində əldə olunmuş bu nailiyyətlər 2022-ci ilin ikinci yarısında da davam etdirilməli, bütün idarə və müəssisələrdə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli və qarşıya qoyulan vəzifələr vaxtında icra olunmalıdır.
    Diqqətə çatdırılmışdır ki, rayonda  iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi diqqətdə saxlanılmalıdır. Maliyyə Şöbəsi etibarlı maliyyə sistemi əsasında təhlillər apararaq büdcə xərclərinin icrasına nəzarəti gücləndirməlidir. 
    Bildirilmişdir ki, bu ilin məhsulu üçün ötən illərdən qalma çoxillik otlar da daxil olmaqla rayonda 8213 hektar sahədə əkin aparılmışdır. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam etdirilir. Culfa Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklər əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, dəmyə torpaqlarda taxıl əkininin genişləndirilməsi üçün müvafiq tədbirlər görməli, kənd təsərrüfatı məhsullarının yığımı vaxtında başa çatdırılmalı, həmçinin kənd təsərrüfatı məhsullarının birbaşa satışına köməklik göstərilməsi məqsədilə yarmarkaların təşkili istiqamətində tədbirləri davam etdirməlidir. 
    Vurğulanmışdır ki, rayonda ekoloji tarazlığın qorunması məsələləri diqqətdə saxlanılmalı, yaşıllıq sahələrinin suvarılması təmin edilməlidir. Şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər ərazilərin təmizliyini diqqətdə saxlamalı, vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərə vaxtında və qanunvericiliyin tələblərinə uyğun baxılmalı, onların əsaslı müraciətlərinin həllinə nail olunmalıdır. 
    Qeyd edilmişdir ki, Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müvafiq Dövlət proqramlarının icrasını bundan sonra da diqqət mərkəzində saxlamalı, özünüməşğulluq tədbirlərini genişləndirməli, sosial qayğıya ehtiyacı olanlara və tənha ahıllara xidmət işinə nəzarəti gücləndirməlidir. Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməli, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilməlidir. Culfa Rayon Mərkəzi Xəstəxanası əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməli, əhalinin sağlamlığının qorunması sahəsində müəyyənləşdirilən tədbirləri ardıcıl şəkildə həyata keçirməlidir. Gigiyena və Epidemiologiya Şöbəsi epidemioloji vəziyyətlə bağlı tədbirləri davam etdirməli, sanitariya-gigiyena normalarına əməl olunmasını diqqətdə saxlamalı, qrafikə uyğun dezinfeksiya işlərini aparmalıdır.

***

    Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə rayonun iqtisadiyyatında xüsusi rola malik kənd təsərrüfatının inkişafı diqqətdən kənarda qalmayıb, bitkiçilik və heyvandarlıq məhsulları istehsalını artırmaq üçün ardıcıl tədbirlər həyata keçirilib. Cari  ilin məhsulu üçün rayonda ötən ilin payızında və bu ilin yazında 6 min 56 hektar sahədə taxıl əkini aparılıb. Ondan 3 min 287 hektarını buğda, 2 min 769 hektarını isə arpa təşkil edib. İyunun 12-dən taxıl biçininə başlanılıb. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sahibkarların kombaynları olmaqla, ümumilikdə, 16 kombayn cəlb edilib.
    Diqqətə çatdırılıb ki, son illər həyata keçirilən meliorativ tədbirlər çərçivəsində aprel ayında Böyükdüz kəndi ərazisində 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyası və təzyiqli boru xətti istifadəyə verilib. Bu işlərin davamı olaraq Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli  boru xəttinin tikintisinə başlanılıb. Bununla yanaşı, rayonda heyvandarlığın inkişafına da diqqət artırılıb, yeni heyvandarlıq təsərrüfatları yaradılıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma işi diqqətdə saxlanılıb, 357 baş ana mal mayalandırılıb, 357 baş cins bala alınıb. Arıçılığın inkişafı ilə bağlı bir sıra işlər görülüb, arı ailələrinin sayı 158 təsərrüfatda 2 min 206-a çatdırılıb. Həmçinin cari ilin birinci yarım ili ərzində 3,6 hektar sahədə meşəsalma, 9,8 hektar sahədə meşəbərpa işləri aparılıb, 5977 qarışıq meyvə tingi, 640 meşə tingi, 950 həmişəyaşıl ağac, 117 çinar, 2055 badam tingi və 2450 gül kolu əkilib. 
    Məruzədə rayonda aparılan tikinti-quruculuq işlərindən də geniş bəhs edilib. Bildirilib ki, hesabat dövründə 1 şəhid ailəsi və Vətən müharibəsi iştirakçılarından ikisi mənzillə, digər ikisi isə avtomobillə təmin olunub.
    Qeyd edilib ki, torpaqlardan təyinatı üzrə istifadə olunması ilə bağlı aparılan yoxlamalar zamanı vətəndaşlar tərəfindən zəbt olunan, çəpərlənən, qanunsuz istifadə olunan 73 min 237 kvadratmetr torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb, 4 min 128 kvadratmetr torpaq sahəsi isə sənədləşdirilərək mülkiyyətə verilib. 
    2022-ci ilin birinci yarısında məşğulluq tədbirləri də diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə 1 əmək yarmarkası keçirilib, 32 nəfərə işə göndəriş verilib. Aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrdən 18 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq fərdi təsərrüfatlarının yaradılması təmin edilib. Həmin ailələrdən 6 nəfərin hər birinə 1 baş yanıbalalı inək, 9 nəfərə isə 10 baş yanıbalalı qoyun, 1 ailəyə miniyerşumlayan aqreqat, 1 ailəyə 10 yeşik arı ailəsi, 1 ailəyə isə inkubator və quş tükü təmizləyən aparat verilib. Әlavə olaraq “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu tərəfindən maliyyələşdirilərək 1 ailəyə 2 baş iribuynuzlu, 2 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 1 ailəyə isə sahibkarlıq subyekti tərəfindən maliyyələşdirilərək 20 baş xırdabuynuzlu alınıb verilib. Ümumilikdə, rayonda 149 işaxtaran vətəndaş qeydə alınıb, 124 nəfər işlə təmin olunub. 8 nəfər işaxtaran və işsiz vətəndaş peşə təhsilinə cəlb edilib.  

***

    Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək bildirib ki,  2022-ci ilin ötən dövründə də rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılıb, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səy göstərilib. 
    Qeyd edilib ki, əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq xeyli artıb, 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında 1441 hektar sahədə səpin aparılıb. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2022-ci ilin yanvar-may aylarında 5 milyon 425 min 200 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. 2022-ci ilin yanvar-may aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 129 min 500 manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox vəsait yönəldilib.
    2022-ci il 1 iyun tarixinə 968 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. 2022-ci ilin məhsulu üçün, ümumilikdə, 1527 hektar sahədə taxıl əkini həyata keçirilib. 
    Şahbuz rayonu üzrə 2022-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 904 min 800 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. 
    Abadlıq-quruculuq tədbirlərinin keçirildiyi yaşayış məntəqələrində təbii qaz xətləri yenidən işlənib, təmir-bərpa işləri aparılıb, 22 abonentə yeni qaz xətti çəkilib. 2022-ci ilin 6 ayında işlədilən 5 milyon 902 min 360 kubmetr təbii qazın dəyərinin yığılması 100 faiz təmin edilib, 1 milyon 822 min 800 manat vəsait toplanıb. 
    Rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, təmir və qəzalar zamanı yaranan fasilələrin müddətinin azaldılması məqsədilə 5 ədəd ayrıcı, 54 ədəd qoruyucu quraşdırılıb. 2022-ci ilin altı ayında istifadə edilən 7 milyon 421 min kilovat-saat enerjinin 652 min 198 manatlıq dəyəri vaxtında toplanaraq 100 faiz yerinə yetirilib.
    Bəhs olunan dövrdə aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 1627 ailənin 1744 üzvünə 1 milyon 386 min 404 manat məbləğində müxtəlif növ sosial müavinətlər vaxtında ödənilib.
    Rаyоndа əhаlinin sаğlаmlığının qоrunmаsı istiqаmətində də müvafiq tədbirlər həyаtа kеçirilib, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə ötən 6 ayda müraciət edən vətəndaşlardan 90 nəfər stasionar müalicəyə cəlb edilib, 36 nəfərdə cərrahi əməliyyat aparılıb, 1991 nəfərə muxtar respublikanın digər müalicə mərkəzlərinə göndəriş verilib, 327 çarpayı günü olub, 11 min 72 nəfərə ambulator xidmət göstərilib. Mövsümi və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə ötən dövr ərzində hazırlanmış qrafik əsasında 270 obyektdə 261min 138 kvadratmetr sahədə dezinfeksiya, 1 obyektdə 8 dəfə olmaqla, 32 min 905 kvadratmetr  sahədə dezinseksiya tədbirləri aparılıb.
    Şəhid аilələrinin, Аzərbаycаn Vətən mühаribəsi zamanı sağlamlıqlarını itirən şəxslərin, prоblеmlərinin vахtındа həll оlunmаsınа müntəzəm diqqət yеtirilib. İkinci Qarabağ müharibəsində yaralanmış müharibə iştirakçıları diqqətdə saxlanılıb, Şahbuz şəhərində yeni inşa olunan yaşayış binasından 1 şəhid ailəsinə 2 otaqlı mənzil təmir edilərək verilib. 

***

    Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva açaraq bildirib ki, 2022-ci ilin birinci yarısı istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yadda qalıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə edilib. 
    Diqqətə çatdırılıb ki, ötən ilin payızında 2441 hektar sahədə əkin həyata keçirilib. Bunun 796 hektar buğda, 1645 hektar arpa olub. Bəhs edilən dövrdə rayonda 1302 hektar sahədə yazlıq əkin aparılıb. Əkin sahəsinin 85 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 37 hektarını dən üçün qarğıdalı, 29 hektarını dən üçün günəbaxan, 386 hektarını tərəvəz bitkiləri, 194 hektarını ərzaq üçün bostan bitkiləri, 119 hektarını kartof, 452 hektarını cari ildə əkilmiş çoxillik otlar təşkil edir. 2022-ci ilin 6 ayı ərzində rayonun torpaq mülkiyyətçilərinə 1 rotorlu otbiçən, 2 yemqıran, 1 kotan və 1 dırmıq aqreqatı lizinq yolu ilə satılıb. 2021-ci ilin payız əkinlərinə görə 2022-ci ilin əvvəlində 775 torpaq mülkiyyətçisinə 2388 hektar əkin sahəsi üçün 351 min 36 manat dəyərində 573 min 120 kiloqram güzəştli şərtlərlə gübrə paylanılıb, 775 torpaq mülkiyyətçisinə 150 min 444, 2022-ci ilin yaz əkinlərinə görə isə 107 təsərrüfatçıya 1313 hektar əkin üçün 81 min 368 manat subsidiya verilib. Həmçinin həmin təsərrüfat sahiblərinə 280 min 528 kiloqram güzəştli şərtlərlə gübrə paylanılıb.
    Bildirilib ki, rayonda taxıl biçini müvəffəqiyyətlə başa çatdırılıb, əkilən 2441 hektar sahədən 8941 ton məhsul yığılıb, məhsuldarlıq 36,6 sentner təşkil edib. Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsi üçün suvarma işlərinin əsas rol oynadığı nəzərə alınaraq mövsüm ərzində bu sahə daim nəzarətdə saxlanılıb. Hesabat dövrü ərzində rayonda 45 subartezian quyusu təmir olunub, 4 subartezian quyusuna isə yeni nasos salınıb.
    Vurğulanıb ki, rayon Baytarlıq İdarəsi heyvanlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını alır, epizootik vəziyyəti nəzarətdə saxlayır, süni mayalanma işi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqəti artırır. Ərzaq təminatında xüsusi çəkiyə malik olan bu sahənin  məhsuldarlığını yüksəltmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma tədbirlərinin əhatə dairəsi genişləndirilib. 
    İqtisadi cəhətdən yüksək gəlirgətirən, qida və müalicəvi baxımdan faydalı xüsusiyyətlərə malik təsərrüfat sahəsi kimi arıçılığın inkişafına diqqət artırılıb. Həmçinin ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və dövlət dəstəyinin artırılması məqsədilə bir çox tədbirlər ardıcıl olaraq davam etdirilib. 
    Ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq, ümumilikdə, rayonda 3710 meyvə, 905 meşə, 7170 gül və bəzək kolları, 2220 isə üzüm əkilib. İl ərzində yaşıllaşdırma işləri davam etdiriləcəkdir.
    İcra başçısı diqqətə çatdırıb ki, cari ilin     6 ayı ərzində rayon ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilib və görülən tədbirlər nəticəsində təhsilin səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradılıb. 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin XI sinfindən məzun olmuş 85 şagirddən 53-ü ali məktəblərə 14-ü kolleclərə, 9-u isə Hərbi feldşer işi ixtisasına sənəd verib.
    Muxtar respublika rayonlarında keçirilən müşavirələr məruzə ətrafında çıxışlarla davam etdirilib. Bildirilib ki, cari ildə idarə və müəssisələrdə işləyən, tərəqqiyə, inkişafa töhfəsini verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlara fəxri adlar və mükafatlar verilib. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bundan sonra da əzmkarlıqla təmin ediləcək. Vurğulanıb ki, rayonların sosial-iqtisadi inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edilərək daha yüksək nəticələr əldə olunmağa səy göstəriləcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.08.2022 17:22