AZ EN RU

Muxtar respublikanın rayonlarında Milli Qurtuluş Günü qeyd olunub

    Muxtar respublikanın rayonlarında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzlərindəki abidə və büstləri ziyarət edilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
    Tədbirlər rayon mərkəzlərindəki mədəniyyət saraylarında davam etdirilib. Qeyd olunub ki, ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ildə ölkəmiz Milli Qurtuluş Gününün 30 illik yubileyini təntənə ilə qeyd edir. Zaman baxımından qısa müddətdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişafa, tərəqqiyə çatıb və buna görə xalqımız Ümummilli Lider Heydər Əliyevə borcludur. Məhz Ulu Öndərimizin fədakarlığı sayəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas oldu.
    Vurğulanıb ki, bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir. Dövlət başçımızın ölkənin və ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz Ulu Öndərin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş xalqımızın böyük oğlunun siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
    Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı ölkəmizi bugünkü xoşbəxt günə çıxaran, müstəqil dövlətimizi parçalanmaqdan xilas edən və qoruyan Ümummilli Liderin əziz xatirəsini həmişə ehtiramla yad edir. Nə qədər ki həyat var xalqımız Ulu Öndərini minnətdarlıqla xatırlayacaq. Çünki o, xalqının ürəyində özünə əbədi yuva qurub və onun əməlləri dünya durduqca yaşayacaq.
    Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş şəxslərə partiya biletləri təqdim edilib. 
    Sonda Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxış olub, tədbirlər konsert proqramları ilə davam etdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.06.2023 20:56