AZ EN RU

Muxtar respublikanın rayonlarında ilk dəfə göycə festivalı

    Hələ orta əsrlərdə səyyahların “meyvə cənnəti” adlandırdıqları Naxçıvanda hər mövsümün adı ilə deyilən meyvələrinin içərisində biri də var ki, yaz gələn kimi bütün ağaclardan qabaq çiçək açır, məhsul verir. Azərbaycanda adla deyilən Naxçıvan göycəsi mayın ortalarından iyulun axırlarına kimi yeşiklərə, zənbillərə yığılıb Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, başqa ölkələrə də göndərilir, göycə bu təsərrüfat sahəsi ilə məşğul olanların bol qazanc mənbəyinə çevrilir. Naxçıvanda, əsasən, Arazboyu maili düzənlik ərazilərdə daha məhsuldar göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait vardır. Muxtar respublikada meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açıb. Hər il ənənə halına gələn “Göycə” festivallarının keçirilməsi təsərrüfatçıların, sakinlərin ürəyincə olmaqla yanaşı, diyarımızın qonaqlarında da böyük maraq doğurur, Naxçıvanın bu brend məhsulunun tanıdılmasına xidmət edir. Tədqirəlayiq haldır ki, bu il “Göycə” festivalı Naxçıvan şəhərindən sonra muxtar respublikanın rayonlarında da keçirilir.

    Şərur rayonunun tarixi keçmişini təbiətin zənginliyi ilə qovuşduran geniş meydan “Göycə” festivalına ilk dəfə şahidlik edirdi. Festival  rəngarəngliyi və məhsul çeşidliliyi ilə sakinlərin tədbirdə kütləvi iştirakına səbəb olmuşdu.
    “Arpaçay” İnstrumental Ansamblının müşayiəti ilə oxunan nəğmələr və xalq mahnıları iştirakçılarda ayrı bir ab-hava yaratmışdı. “Şərur qönçələri” Uşaq Yallı Ansamblı, Uşaq musiqi məktəblərinin şagirdləri ifa etdikləri rəqslərlə şənliyi daha da rövnəqləndirmişdilər. Eyni zamanda ictimai iaşə xidmətlərinin təşkili də yüksək səviyyədə idi. Festivalda göycədən hazırlanan mürəbbə, cem, kompot və araqların, o cümlədən əl işlərinin sərgisi də təşkil olunmuşdu. Onu da qeyd edək ki, alıcı marağı böyük idi.

    Festivalda ailə təsərrüfatçıları tərəfindən 3 ton göycə, 500 kiloqram ərik, 150 kiloqram gilənar, 30 litr göycə kompotu, 30 kiloqram göycə turşusu, 100 ədəd göycə lavaşası, 50 litr göycə və 50 litr digər meyvə araqları, 10 kiloqram göycə və 30 kiloqram digər meyvə dondurmaları, kətələr, müxtəlif çeşiddə şirniyyatlar çıxarılmış, 11 min 600 manat dəyərində məhsul satılmışdır. 
    Qeyd edək ki, festivala gələnlər müxtəlif çeşiddə meyvələrin deyil, həmçinin mis qabda hazırlanan yeməklərin, kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, kətə çeşidlərinin dadına baxmaq imkanı da əldə etmişlər.
    Şərur şəhər sakini, ziyalı Ünbülbanu Musayeva ilə söhbətimizdə bildirdi ki, tarixən Naxçıvanda ən dadlı göycə Şərurda yetişib. Bu da Şərur torpaqlarının mineral və bolsulu olması ilə əlaqələndirilir. Bu cür tədbirlərin keçirilməsi barlı-bəhərli bağlarımızdan topladığımız, təbiətimizin sovqatı olan meyvələrin tanıdılması, sərgi satışının təşkil olunması sakinlər üçün faydalıdır. Bu gün Şərur şəhərinin sakinləri göycədən hazırlanan turşu, mürəbbə, kompot və araqları buradan tapa bilərlər. Hələ göycədən hazırlanan əl işləri insanı lap valeh edir. Məhsulların qiymətləri də münasibdir. Bu gözəl tədbirə görə təşkilatçılara minnətdarlığımı bildirirəm. 
    Daşarx kəndindən gələn Nadir Abdullayev dedi: – Naxçıvan şəhərində keçirilən “Göycə” festivalında I yerə layiq görülmüşdüm. “Göycə” festivalının ilk dəfədir ki, rayonumuzda keçirilməsi biz ailə təsərrüfatçılarını çox sevindirdi. Bundan faydalanaraq 150 kiloqram göycə, 120 kiloqram ərik və 100 kiloqram gilənar, həmçinin çeşid-çeşid göycədən hazırlanmış məhsullar və əl işlərimizi də festivala gətirmişik. 
    Danyeri kənd sakini, ailə təsərrüfatçısı Yaqub Həsənov bildirdi ki, həyətyanı sahəsində yetişdirdiyi göycə bağından festivala 70 kiloqram göycə məhsulu gətirib. Festivalın yenicə başlanmasına baxmayaraq, gətirdiyi məhsulun, demək olar ki, yarısı artıq satılıb. Bu cür festivalların rayonda çox keçirilməsini arzu edən təsərrüfatçı yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi. 
    Babək rayonunda keçirilən “Göycə” festivalına Babək şəhərindən, Nehrəm və Cəhri qəsəbələrindən, eləcə də Məzrə, Şıxmahmud, Uzunoba, Qahab, Naxışnərgiz, Payız, Didivar və Kültəpə kəndlərindən 30 fərdi təsərrüfat sahibi bağlarında yetişdirdikləri məhsulu çıxarıblar. 1,5 tondan çox müxtəlif göycə növünün satışa çıxarıldığı festivalda, həmçinin göycədən hazırlanan məhsullar da alıcılar tərəfindən maraqla qarşılandı. 
    Ənənəvi “Göycə” festivalında dəfələrlə iştirak edən təsərrüfatçı Hüseyn Heydərov “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Göycə” festivalında “Ən yaxşı göycə” müsabiqəsi üzrə birinci dərəcəli diplomla təltif edilib. Təcrübəli təsərrüfatçı dedi: – Uzun illərdir, çəkdiyim əziyyətin bəhrəsini görmək məni çox xoşbəxt edir. Bərəkətli Nəzərabad torpağında 1 hektar ərazidə göycə bağı salmışam. Torpağımız münbit, suyumuz boldur. Dövlətimizin təsərrüfat sahiblərinə göstərdiyi diqqət və qayğı ilə torpaqdan ikiəlli yapışmışam. Pedaqoji fəaliyyətlə məşğul olsam da, vaxtımın bir hissəsini bu bağa sərf edirəm. Festivala 500 kiloqrama yaxın məhsul çıxarmışdım, hamısı satılıb. Yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.
    Nehrəm qəsəbəsindən olan Cəmşid Həsənov hər il təşkil olunan festivallarda iştirak edir. Təcrübəli təsərrüfatçı bu dəfə festivala ərik, göycə, alça, qovun, qarpız araqları, alça və göycə turşuları çıxarıb. O dedi ki: hər il göycəyə olan marağın daha da artdığının şahidi olur. Elə bu maraq, tələbat da imkan verir ki, təsərrüfatçılar dövlətin yaratdığı şəraitdən istifadə edib, bu məhsulun istehsalı daha da artırılsın. Nəticədə, həm qazanır, həm də alıcılar ekoloji cəhətdən təbii və keyfiyyətli məhsul almış olurlar.
    Sədərək rayonunda keçirilən festivala rayon sakinləri və təsərrüfatçılar tərəfindən maraq müşahidə olunurdu. Əslən Qazax rayonundan olan Səkinə xanımın həyat yoldaşı 15 ildir, sərhədlərimizin keşiyində dayanır, o da öz övladları ilə birlikdə festivala gəlib. Deyir ki, Qazax rayonunun da kəndlərində bu meyvəyə bənzəyən “sultan alça” dediyimiz bir alça növü var. Amma Naxçıvan göycəsi qədər deyil. Hər il Naxçıvan şəhərində keçirilən festivala imkan tapdıqca gedir, oradan göycə və ondan hazırlanan turşu, mürəbbə alıb gətirir, Qazaxda və Bakıda yaşayan qohumlarıma göndərirdim. Festivalın Sədərək rayonunda da keçirilməsi çox yaxşı oldu. Gəldik, həm gəzdik, həm də dadlı məhsullardan satın aldıq. 
    Ailə təsərrüfatçısı Nazilə Əliyeva dedi ki, göycənin qurusunu və turşusunu hazırlamaqla yanaşı, ondan mürəbbə də bişirir. Turşu üçün tam yetişməmiş göycə seçilir. Yuyulmuş göycələri şüşə balonlara yığır, içərisinə sarımsaq, şüyüd, nanə qoyur, duz, sirkə əlavə edib, üzərinə qaynar su töküb bağlayırıq. Bu üsuldan başqa onu şoraba şəklində də hazırlamaq olar. Göycənin tam yetişmişindən cem, bir az dəymişindən isə mürəbbə hazırlayırıq. Onu da bildirdi ki, mürəbbəni hazırlamaq üçün qabığı soyulmuş göycələri sodalı suya salır, bir az saxlayır. Sonra çəkisinə görə şəkər tozu əlavə edir, meyvənin öz suyunun çıxmasını gözləyir. Ocağın üzərində əvvəl vam odda bir dəfə qaynadır. Soyudub ikinci dəfə bişiririk. Mürəbbəni soyutduqdan sonra balonlara yığır. Bu mürəbbə turşməzə olduğuna görə soyuqdəymədə və yüksək təzyiqdə istifadə olunanda fayda verir. Lavaşana hazırlamaq üçün göycələr qaynadılır, dənəsi çıxarılır, duz əlavə edilərək qatılaşana kimi qaynadılır, soyudulub məcməyilərə tökülür, qurumağa qoyulur. Lavaşana boğaz ağrılarına və həzmsizliyə kömək edir. Onu suda isladıb həmin suyu içmək faydalıdır. 
    2016-cı ildən başlayaraq Naxçıvan şəhərində keçirilən “Göycə” festivalı bu il ilk dəfə olaraq Kəngərli rayonunda da keçirilib. Rayonun Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan festivala torpaq mülkiyyətçiləri tərəfindən göycə və göycədən hazırlanmış müxtəlif növdə məhsullar çıxarılıb. Qarabağlar kəndindən ailə təsərrüfatçısı Pakizə İsmayılovanın hazırladığı göycə kompotu, göycə turşusu, göycə lavaşanası, göycə cemi və mürəbbəsi, Çalxanqala kənd sakini, ailə təsərrüfatçısı Vüqar Məmmədovun iştirakçılara təqdim etdiyi göycədən hazırlanmış müxtəlif növ araqlar, gilənar, üzüm və xar tutdan hazırlanmış çaxırlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Festivalda alıcılara bu məhsullardan dadmaq və rahat əldə etmək imkanı yaradılıb, musiqi kollektivləri tərəfindən bir-birindən gözəl ifalar təqdim olunub. 
    Rayonun Xıncab kəndində yaşayan ailə təsərrüfatçısı Halıqverdi Halıqverdiyev bizimlə söhbətində dedi: – Ailə təsərrüfatlarına göstərilən qayğı bu gün muxtar respublikanın bir çox zəhmətsevər insanı kimi məni də bu sahədə fəaliyyət göstərməyə sövq edib. Zəhmətimizlə əldə etdiyimiz məhsulların, gördüyünüz kimi, muxtar respublika və rayon səviyyəli festival və yarmarkalarda satışını həyata keçiririk. Bu gün də festivala göycə, tut və müxtəlif növ gilaslar çıxarmışıq. Bundan əvvəl “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilmiş “Göycə” festivalında da iştirak etmişdim. Hər iki festivalda yaxşı qazanc əldə etmişəm. Bu cür festivalların təşkil olunması hər birimizi sevindirir, buna görə də təşkilatçılara minnətdarlığımı bildirirəm.
    Şahtaxtı kənd sakini Nemət Qənbərov isə qeyd etdi ki, bu kimi festivalların rayon mərkəzlərində keçirilməsi olduqca faydalıdır: – Artıq bir neçə ildir ki, muxtar respublikamızın paytaxt şəhərində müxtəlif festivallar və yarmarkalar ürəyincədir. Rayon mərkəzlərində də belə festivalların keçirilməsi sevindiricidir. Çünki sakinlər uzaq məsafə qət etmədən bu kimi tədbirlərdə iştirak edir, təsərrüfatçılar öz məhsullarını sata bilirlər. Ümid edirik ki, belə festivallar bundan sonra da keçiriləcək. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
    Qeyd edək ki, muxtar respublikanın rayonlarında keçirilən festivallarda müxtəlif xalq yaradıcılığı nümunələri, məktəbdənkənar təhsil müəssisələrində dərnəklərə cəlb olunan şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri də nümayiş etdirilib. Həm məhsul bolluğu, həm də yüksək səviyyəli tərtibatı ilə diqqəti çəkən festivalda rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatlarının məhsullarının çoxu satılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 08.06.2022 19:26