AZ EN RU

Muxtar respublikanın ölkəmizdə aparılan yenidənqurma işlərinə, iqtisadi siyasətə qoşulması istiqamətində müzakirələr aparılacaq

    Yanvar ayında keçiriləcək görüşün məqsədi Naxçıvan Muxtar Respublikasının potensialından tam olaraq istifadə etmək, mövcud iqtisadiyyatı daha da gücləndirmək, şəffaf, səmərəli iqtisadi sahənin formalaşmasını təmin etmək və bu iqtisadiyyatı ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev vurğulayıb. Nazir deyib:
    – Əvvəla, mən Azərbaycan xalqının Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını təbrik edirəm. Ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar və göstərişlər əsasında muxtar respublikada sahibkarlıq günü-gündən inkişaf edir. Bunun da bariz nümunəsidir ki, ölkə Prezidentinin muxtar respublikaya təyin etdiyi səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsullarla, onların ixrac potensialı ilə tanış oldu. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektləri  ilə muxtar respublikadakı sahibkarların qarşılıqlı əlaqələrinin qurulması, fəaliyyətlərinin daha da genişləndirilməsi üçün yanvar ayında geniş bir görüş planlaşdırılır.  Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun da dediyi kimi, yanvar ayında muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri, həmçinin burada işləmək imkanı olan, işləmək istəyən sahibkarlıq subyektlərinin də iştirakı ilə geniş müzakirələr olacaqdır. Bu günə qədər görülən işlər, həmçinin qarşıda duran planlar, görüləcək işlər, muxtar respublikanın ölkəmizdə aparılan yenidənqurma işlərinə, siyasətinə qoşulması istiqamətində müzakirələr aparılacaqdır. Artıq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyi tərəfindən bu istiqamətdə hazır­lıqlara başlanılıb. Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri məlumatlandırılıb. Onlar da öz fəaliyyətlərini günün tələbləri şəklində qurmaq istiqamətində işlərini daha da sürətləndiriblər və gələcəklə bağlı planlarını, təkliflərini hazırlayıblar. Ölkə bazarlarında daha da inkişaf etmək, geniş bir bazar payı götürmək üçün onlar da yeni layihələrlə çıxış etməyə hazırdırlar. Həmçinin muxtar respublikamıza kənar investisiyaların cəlb edilməsi, ölkəmizin digər bölgələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin muxtar respublikada pay alması üçün də geniş imkanlar vardır. Bunun üçün muxtar respublika tam olaraq hər şeyə hazır­dır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi  Fuad Nəcəflinin iştirakı ilə sahibkarlıq subyektləri ilə tanışlıq keçiriləcəkdir ki, orada olan mövcud potensial da görünsün və həmin potensialın artırılması istiqamətində dövlət tərəfindən hansı dəstəyin veriləcəyi ilə əlaqədar işlər aparılsın. Bu günə qədər muxtar respublikada sahibkarlara həm güzəştli kreditlərin verilməsi, həm də gətirilən avadanlıqların gömrük rüsumlarından, əlavə dəyər vergisindən azad olunması istiqamətində təkliflərin verilməsi üçün artıq sahibkarların müraciəti əsasında bir sıra işlər görülmüşdür ki, bunlar da sahibkarların əlavə investisiyalara cəlb edilməsinə, mövcud investisiyaların yeni layihələrə yönəldilməsinə geniş imkanlar açmışdır. Gələcəkdə də bu işlərin hamısı davam etdiriləcəkdir. Əmin edirik ki, ölkədə iqtisadiyyatın inkişaf etməsində, ölkə iqtisadiyyatında Naxçıvan Muxtar Respublikasının payı günü-gündən artacaqdır. Yanvar ayındakı görüşün də ən başlıca məqsədi budur. Muxtar respublikada yeni analoji vəziyyətin, canlanmanın bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də özünü göstərdiyini deyən iqtisadiyyat naziri bildirib ki, bu zəruri nüans layihələrin hazır­lanaraq sahibkarlara təqdim olunması zamanı nazirlik tərəfindən nəzərə alınır: – Sahibkarların öz layihələrinin də onların müraciəti əsasında təhlilinin həyata keçirilərək qurula bilməsi, bunun iqtisadi cəhətdən nə dərəcədə səmərəli olması ilə bağlı sahibkarlara məlumat verilir. Demək olar ki, ilin bütün dövrlərində sahibkarların müraciəti əsasında bu işlər aparılıb və son bir ay ərzində bu proses daha da aktiv şəkildə həyata keçirilir. Çünki əvvəldə də qeyd etdiyim kimi, kənar investisiyaların cəlb olunması, əlverişli biznes mühitinin yaradılması sahibkarların bu sahəyə marağını daha da artırmışdır. Bu isə, öz növbəsində, iqtisadiyyatın daha da canlanmasına gətirib çıxaracaq ki, muxtar respublika iqtisadiyyatı ölkə iqtisadiyyatında artıq önəmli bir pay kəsb edəcək. Bunun da təmin olunması istiqamətində yalnız İqtisadiyyat Nazirliyi deyil, iqtisadi sahədə fəaliyyət göstərən bütün qurumlar əlaqəli şəkildə işləyəcək, sahibkarların formalaşmasına nail olunacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.01.2023 19:53