AZ EN RU

Muxtar respublikanın iqtisadi inkişafında meliorasiya və irriqasiya tədbirləri mühüm rol oynayır

    Ölkəmizdə, eləcə də muxtar respublikamızda meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmişdir. Hələ 1932-ci il 22 noyabr tarixdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin prezidium iclasının qərarı ilə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsi yaradılmış, lakin bu təşkilat mövcud arxların istifadəsi və çaylarda kiçik işlər aparmaqla məşğul olmuşdur. Həmin idarənin nəzdində Şərur, Naxçıvan, Ordubad rayon suvarma sahələri fəaliyyət göstərmişdir. Suvarma suyuna olan tələbat artdıqca süni sututarların tikilməsinə və suyun bu sututarlarına yığılmasına ehtiyac yaranırdı. Buna görə də bir neçə kiçiktutumlu sututarlar tikilirdi. 1939-cu ildə Batabat-1, 1940-1950-ci illərdə Qahab, Xok, 1960-1965-ci illərdə Uzunoba və Nehrəm göllərinin tikilib istifadəyə verilməsinə baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi. Böyük tutuma malik su anbarlarının, çaylar üzərində sel sularını nizamlamaq üçün subölücü və digər hidrotexniki qurğuların tikintisinə ehtiyac yaranmışdı. Torpaqlarda texniki tədbirlər, meliorasiya işləri aparmaq lazım gəlirdi.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya sahəsində də genişmiqyaslı işlər görülməyə başlanıldı. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illər ərzində Onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparıldı, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradıldı. 
    Meliorasiya və su təsərrüfatı sahəsində kompleks tikintilərin həyata keçirilməsi üçün müvafiq kadrlarla və maşın-mexanizmlərlə təchiz olunmuş tikinti-quraşdırma təşkilatına olan ehtiyacı ödəmək üçün  1976-cı ildə Meliorasiya və Su Tikinti Tresti yaradıldı. Müxtəlif illərdə bir-birinin ardınca tikilib istifadəyə verilən su anbarları əhalinin suvarma suyuna olan ehtiyacının əsas hissəsinin qarşılanmasında, bu sahədə yaranan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. 
    16 noyabr 1979-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 4 yanvar 1980-ci il Naxçıvan MSSR Nazirlər Sovetinin 5 nömrəli Qərarı ilə Naxçıvan Su Təsərrüfatı İdarəsi ləğv edilərək onun bazasında Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazir­liyi yaradıldı. Həmin nazirliyin strukturuna rayon suvarma sistemləri idarələri, Maddi-Texniki Təchizat İdarəsi, 10 saylı Səyyar Tikinti-Quraşdırma İdarəsi, Süni Suvarma İdarəsi, Layihə Axtarış İdarəsi, Rayonlararası Təmir İstismar İstehsalat Birliyi idarələri daxil idi.
    1980-ci ildə Sirab Su Anbarı, 1990-cı ildə Bənəniyar Su Anbarı, Naxçıvançay və Əlincəçay çayları üzərində tikilən baş suqəbuledici qurğular istismara verildi. Eyni zamanda suvarma suyunun əkin sahələrinə çatdırılması üçün magistral beton kanallar tikildi. 
    Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2001-ci il 24 oktyabr tarixli Fərmanı ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 2004-cü il 27 oktyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradıldı. 2010-cu il 9 iyun tarixli Fərmanla isə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə çevrilərək əsasnamədə dəyişikliklər edildi, əlavə vəzifə və hüquqlar verildi. Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə 2020-ci il 6 mart tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradıldı. 31 mart 2020-ci ildə Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsi və Subartezian İdarəsi birləşdirilərək Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyularının Təmiri İdarəsi, 31 mart 2020-ci il tarixdən Su Təmir-Tikinti İdarəsi təsis edildi. 
    Hazırda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və tabe idarələri muxtar respublikanın içməli və suvarma suyuna olan tələbatının vaxtında və tam ödənilməsi üçün səylə çalışır. Cəmiyyətin və tabe idarələrinin melioratorları tərəfindən mütəmadi olaraq kollektor, kanal və arxlarda lildən təmizlənmə işləri görülür, torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işləri aparılır, torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə seləqarşı istiqamətləndirici bənd tikilir. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. 
    “Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2023-2025-ci illər üçün Tədbirlər Planı”na əsasən bu illər ərzində muxtar respublikada, ümumilikdə, 48 subartezian quyusunun qazılması nəzərdə tutulur. Qeyd edək ki, Culfa rayonunun Bənəniyar kəndində 1 subartezian quyusunun tikintisi işləri artıq başa çatıb, ötən dövrdə rayonun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib. Hazırda Babək rayonunun Cəhri qəsəbəsində 1 subartezian quyusunun tikintisi işləri davam edir. Cəmiyyətin balansında 931 subartezian quyusu var ki, bu subartezian quyuları əhalinin içməli və suvarma suyuna olan tələbatının mühüm bir hissəsini ödəyir.
    Ümummilli Lider Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə Meliorator günü peşə bayramının təsis edilməsi barədə 2007-ci il 24 may tarixli Sərəncam imzalamışdır.
    Ölkə rəhbəri su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalamışdır. 
    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  dövlətimizin müəyyənləşdirdiyi psinsipləri rəhbər tutaraq muxtar respublikanın meliorasiya və su təsərrüfatı sahəsində həyata keçiriləcək bütün öhdəlikləri mütəmadi olaraq yerinə yetirməyə səy göstərəcək.   

 Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı 
Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

Nəşr edilib : 02.06.2023 21:07