AZ EN RU

Muxtar respublikanın 8 müəllimi ölkə üzrə keçirilən VI qrant müsabiqəsinin qalibi olub

    Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda müəllim əməyinə yüksək qiymət verilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Qürurvericidir ki, müəllimlər şagirdlərə müasir biliklər aşılamaqla yanaşı, müxtəlif yarış və müsabiqələrdə də iştirak edərək uğur qazanırlar.
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb. Bu müsabiqədə də ümumtəhsil məktəblərinin müəllimləri iştirak edərək uğurlu nəticələr əldə ediblər. Müsabiqə ümumtəhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə keçirilib və müsabiqəyə, ümumilikdə, 1101 layihə təqdim edilib. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. 
    Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 50 müəllim qatılıb. Onlardan 8-i – Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Natella Rzayeva “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi”, 7 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva “Duolingo tətbiqi ilə ingilis dilini əylənərək öyrənək”, Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi Zakir Babayev “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi”, Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənli “Gənc mühasib şagirdlər”, Culfa şəhər             3 nömrəli tam orta məktəbin müəllimi Günel Quliyeva “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaratmaq məqsədilə müəllim, valideyn və şagird arasında münasibətlərin tənzimlənməsi”, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin müəllimləri Aytən Kərimova “Gələcək üçün əl-ələ!”, Xanım Əliyeva “Balaca rəssamlar”, Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidova isə “Gələcəyin unikal açarı” fərdi kateqoriyaları üzrə qalib olublar. 
    Biz də həmin müəllimlərin təəssüratlarını öyrəndik və onların fikirlərini oxuculara təqdim edirik: 
    Zakir Babayev – Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi:  – Layihəmin məqsədi Şərur rayonunda yerləşən məktəblərdə valideyn-şagird – məktəb üçbucağının qurulması və daha da inkişaf etdirilməsidir. Layihəmiz şəffaf, demokratik və keyfiyyətli öyrətmə sistemilə vəhdətdə daha yüksək nəticələr əldə olunmasına şərait yaradacaqdır. 
    Natella Rzayeva – Naxçıvan şəhər                   9 nömrəli tam orta məktəbin müəllimi: – Layihəmin məqsədi biologiya dərslərində 3D texnologiyalarının tətbiqi ilə şagirdlərin ən çətin mövzuları asanlıqla və maraqla mənimsəmələrini təmin etməkdir. Layihənin icrası zamanı məktəbin STEAM kabinəsində yaradılan şəraitdən istifadə edilərək 3D printer vasitəsilə bir çox mövzunu əyani şəkildə tədris etmək imkanı yaranacaq. 
    Qeyd edək ki, VI qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlər müəyyən edilərkən nəzərə alınan ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. 
     Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Xanım Əliyeva öz layihəsini Kəngərli rayonundan olan 8 şəhidin əziz xatirəsinə həsr edib. Müəllim məktəbdə “Balaca rəssamlar” adlı rəsm dərnəyini yaradaraq onların xatirəsini əbədiləşdirmək istəyir. 
     Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənlinin layihəsi isə şagirdlərin maliyyə səriştəsini düzgün formalaşdırmaq, onlara maddi vəsaitlərindən səmərəli istifadə etməyi öyrətmək, həmçinin gələcək fəaliyyətləri üçün zəruri olan karyera seçimində düzgün addımlar atmalarına təkan verməkdir. 
    Məlumdur ki, bu gün dünyada ekoloji problemlər ən vacib məsələlərdən biridir. Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Aytən Kərimova öz layihəsi ilə bu problemlərin həllində məktəblilərin yaxından iştirakını təmin etmək, bu mövzuda şagirdlərə təlimlərin keçirilməsi, diskussiyaların aparılması, onlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlərin yaradılması, ətraf mühit, insan və təbiət arasında qarşılıqlı əlaqələrin vacibliyini aşılamaqdır.
    Həmin rayonun Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidovanın layihəsində isə əsas məqsəd şagirdlərə ingilis dilinə hobbi kimi yanaşaraq həvəsləndirib öyrənməyə, rahat və əyləncəli interaktiv metodlarla dünyagörüşü və informasiya azlığını aradan qaldırmaqla ingilis dilinin 4 məzmun xətti üzrə birlikdə araşdırmaq, paralel şəkildə dinləmə-anlama, danışıq, oxu və yazı bacarıqlarını təkmilləşdirmək üçün dərsdən sonra söhbət klubu yaradılmasından ibarətdir.
    Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyevanın layihəsi də bütün yaş qruplarından olan şagirdlərə “Duolingo” tətbiqi vasitəsilə ingilis dilini əylənərək öyrətmək məqsədi daşıyır.
    Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Günel Quliyevanın layihəsi məktəblərdə psixoloqları təlimlərə cəlb etməklə onların fəaliyyətinin yüksəldilməsinə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaradaraq onların məktəbdə fəallığının artırılması, öz həmyaşıdları ilə birlikdə davamlı olaraq bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə nail olmaqdır. 
    Biz də müsabiqədə qalib olan müəllimləri təbrik edir, onlara uğurlar arzulayırıq.

 Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.08.2022 17:27