AZ EN RU

Muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib. 
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifələrini icra edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri əvəzi David Hüseynov və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli bu tarixi gün münasibətilə çıxış ediblər. Bildirilib ki, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı Qalib xalqın Qalib Lideri Prezident cənab İlham Əliyevin sayəsində bu gün müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edirik. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev Naxçıvanın inkişafını xüsusilə diqqətdə saxlayır. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da bu diqqətin bariz göstəricisidir.
Tədbir Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının uşaqlarının, ümumtəhsil və uşaq-musiqi və incəsənət məktəbləri şagirdlərinin və gimnast qızların ifasında şeir, mahnı və rəqs nömrələrindən ibarət konsert proqramı ilə davam edib.

Nəşr edilib : 08.02.2024 18:10