AZ EN RU

Muxtar respublikamızın tibb sahəsi üzrə ilk professoru

Bu, fədakar ömrün, gərgin əməyin bəhrəsi olmaqla yanaşı, həm də Naxçıvanda tibb elminin, səhiyyənin inkişafına böyük qayğının, insan amilinə verilən dəyərin bəhrəsidir

    Doğma diyarımızda səhiyyənin və tibbi təhsilin inkişafında öz dəstxətti olan, bacarıqlı həkim-cərrah İsa Abdullayevin muxtar respublikamızda tibb sahəsində ilk olaraq professor adına layiq görülməsi təkcə bir insan ömrünün gərgin əməyinin bəhrəsi, elmdə fəth edə biləcəyi zirvə deyil, bütövlükdə, Naxçıvanda tibb elminin, səhiyyənin inkişafına, insan amilinə xidmət edən düşünülmüş siyasətin məntiqi nəticəsidir.

    1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olan İsa Abdullayev hələ yeniyetmə və gənclik çağlarında sovet hökumətinin gözdən-könüldən uzaq qoyduğu, etinasız yanaşdığı balaca bir kənddə insanların səhiyyə xidmətinə olan ehtiyacını, bəzən həkim çatışmazlığı üzündən həmkəndlilərinin adi bir xəstəlikdən necə əziyyət çəkdiyini, insanlarda tibbi maarifləndirmənin aşağı səviyyədə olduğunu dərk edərək müəqddəs həkimlik peşəsini özünə amal, məram seçir. O, 1961-1971-ci illərdə – Oğlanqala kənd orta məktəbində təhsil aldığı dövrdə o zamanlar üçün əlçatmaz, ünyetməz sayılan bir kənddəki təhsil ocağında ona biologiya, kimya, fizika fənlərini mükəmməl şəkildə tədris edən, onda bu ülvi istəyi alovlandıran müəllimlərini bu gün böyük ehtiramla xatırlayır. Həmin məktəbi fərqlənmə ilə bitirən gənc İsa elə həmin il indiki Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almağa başlayır. 
    Tələbə ikən – 1975-ci ildə Arxangelsk vilayətinin Xolmaqorı rayonunda, 1976-cı ildə isə Perm vilayətinin Vereşşaqina rayonunda tələbə inşaat dəstəsində həkim kimi çalışaraq zəngin təcrübə qazanır. İnstitutu 1977-ci ildə müvəffəqiyyətlə başa vuraraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasının bazasında cərrahiyyə üzrə internatura kursu keçən İsa həkim ilk uğurlarının sevincini yaşayaraq bu peşəyə ürəkdən könül verir. 1978-ci ildə Əziz Əliyev adına Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasında həkim-cərrah kimi əmək fəaliyyətinə başlayır, cərrahi əməliyyatlar zamanı insan taleyinin bir cərrahın əllərinə əmanət olunduğunun məsuliyyətini yaşayır. Gənc həkimin yuxusuz, nigaran gecələrinin yorğunluğunu bir xəstənin şəfa tapmasından doğan sevinc, mənəvi rahatlıq hissi unutdurur.
    Ali təhsil illərində dərs aldığı görkəmli professorları, tanınmış alim-həkimləri özünə ideal seçən İsa Abdullayev tibb elminin sirlərinə daha mükəmməl yiyələnmək istəyi, elmi-tədqiqatçılığa olan sonsuz marağı, müntəzəm mütaliə yolu ilə nəzəri biliklərini təkmilləşdirmək arzusu ilə yaşayır, çalışır. O, 1984-cü ildə müsabiqə yolu ilə Moskva şəhərində Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun əyani məqsədli aspiranturasına daxil olur, 1987-ci ildə Müalicə-profilaktika fakültəsinin Ümumi cərrahiyyə kafedrasında professor V.M.Buyanovun rəhbərliyi ilə “Kəskin destruktiv pankreatitlərin kriodestruksiya və pankreas axarının okklyuziyasının birgə tətbiqi yolu ilə müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək “tibb elmləri namizədi” elmi dərəcəsi alır.
    Aspirantura təhsilini uğurla başa vurduqdan sonra Moskvada qalıb fəaliyyət göstərməklə bağlı təklifə rəğmən xalqına, yurddaşlarına xidmət etməyi, öz həmvətənlərinin sağlamlığının keşiyində dayanmağı hər şeydən üstün tutaraq Azərbaycana qayıdan İsa həkim 1987-1992-ci illərdə Əkbər Nağıyev adına Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləməyə başlayır. 1992-ci ildə Nəriman Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasının bazasında M.A.Bağırov adına Cərrahi Mərkəzin yaradılması ilə əlaqədar rəhbərlik etdiyi şöbə ləğv olunduğundan həmin tarixdən 2004-cü ilə qədər Nəriman Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator vəzifəsində çalışır. 2004-2007-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsində baş məsləhətçi-cərrah vəzifəsində işləyir, bu illər ərzində bacarıqlı həkim, səriştəli cərrah kimi tanınır. 2007-ci ildə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin olunan İsa həkim, 2009-cu ildən həmin mərkəzin Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 
    İsa həkim Naxçıvanda təkcə həkim kimi çalışmamış, eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Müstəqillik illərində muxtar respublikada uğurla aparılan səhiyyə islahatları, müsir tibbi infrastrukturun formalaşdırılması İsa həkimin də fəaliyyətində gələcək uğurlar qazanması üçün mayak olur. Yüksəkixtisaslı tibbi kadrların yetişməsi üçün 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Pediatriya ixtisası üzrə tələbə qəbulu həyata keçirilir. 2003-cü ildə ayrıca Tibb fakültəsi yaradıldığı zaman İsa Abdullayev Ümumi təbabət kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətə başlayır. 20 ilə yaxındır, Tibb fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirən İsa həkim yüzlərlə gənc həkimin yetişməsində böyük əmək sahiblərindən biridir. Dərslərini müasir tələblər səviyyəsində quran İsa həkim yüksək pedaqoji ustalığı ilə auditoriyanı çox asanlıqla ələ almağı, tələbələrin diqqətini özünə yönəltməyi, tədris etdiyi mövzulara uyğun problemli məsələləri qoymağı, dərslərin diskussiya şəraitində qurulmasını məharətlə bacarır. Nəzərə alsaq ki, bütün bunlar gələcəyin həkimlərinin cərrahiyyənin sirlərinə daha yaxşı yiyələnmələri üçün atılan mühüm addımlardır, fəxrlə deyə bilərik ki,  Tibb fakültəsindən məzun olan həkimlərin əksəriyyətinin cərrahiyyə istiqamətinə yönəlməsində İsa həkimin cərrahiyyəni tələbələrə daha yaxşı aşılaması və sevdirməsi müstəsna rol oynaymışdır. O,  baza tibb təhsilindən sonra təhsillərini cərrahiyyə üzrə davam etdirən həkim-rezident hazırlığına da çox ciddi yanaşır, eyni zamanda öz sənətini, elmini, biliyini paylaşmağı, ətrafındakılara aşılamağı çox sevir. Bunun nəticəsidir ki, rəhbərlik etdiyi həkim-rezidentlər günü-gündən daha da püxtələşir və müstəqil həkim-cərrah kimi fəaliyyətə başlayırlar. İsa həkim istər dərs vaxtı, istərsə də imtahanlarda tələbələri çox səbirlə dinləməyi bacarır, problemli məsələlərin həllində onlara düzgün elmi istiqamət verir, həmişə tələbkar, obyektiv və ədalətli olmağa çalışır.
    İsa həkim, demək olar ki, çalışdığı həm tibbi, həm də pedaqoji kollektivin sevimli, hörmət və ehtiram qazanan üzvlərindəndir. O bunu diqqətcil, mehriban, qayğıkeş və obyektiv olması, qarşısındakına hər zaman ehtiramla, yanarlılıqla yanaşması sayəsində qazanıb.
    İsa həkim həm də yurduna, torpağına bağlı insandır. Ötən əsrin sonuncu onilliyində Naxçıvanın iqtisadi blokadası, bəzi dövrlərdə yaşayış səviyyəsinin çox aşağı olması onu doğulub boya-başa çatdığı torpaqdan uzaqlaşdıra bilmədi. Erməni işğalçılarının Naxçıvana müxtəlif istiqamətlərdən hücumu zamanı İsa həkim də tibbi heyətin tərkibində döyüşlər zamanı yaralanan əsgərlərimizin həyata qaytarılması üçün gecəli-gündüzlü, fədakarlıqla çalışır.
    İsa həkimin elmi fəaliyyəti həmişə məhsuldar olub. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adı alan istedadlı həkim-alim indiyədək 160-dan çox elmi və elmi-kütləvi məqalənin, 2 metodik vəsaitin, 1 monoqrafiyanın, 1 dərsliyin və 15 səmərələşdirici təklifin müəllifidir. O, elmi fəaliyyətə hələ 1975-ci ildən başlayıb. Həm qəzetlərdə publisist yazılar, həm də elmi araşdırmalarını nəşr etdirib. Xüsusilə peritonitlər sahəsində apardığı uzun illərin elmi araşdırmalarına dair çoxlu məqalələri nəşr olunub. Bu sahədə apardığı tədqiqatların yekunu kimi 2010-cu ildə “Peritonitlər: etiologiyası, patogenezi, modelləşdirilməsi, klinikası, diaqnostikası və müalicə taktikası” adlı irihəcmli monoqrafiyası işıq üzü görür. 2022-ci ildə işıq üzü görən, cərrah-həkim kimi uzun illərin axtarışları, elmi-pedaqoji fəaliyyətin geniş nəticələri, müasir cərrahiyyənin yenilikləri ilə zəngin “Ümumi cərrahlıq” dərsliyi isə qısa zamanda bu sahədə fundamental anadilli tədris materialı kimi elmi-ictimaiyyət arasında böyük maraqla qarşılanır.
    İsa həkim, eyni zamanda 2005-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Cərrah və Qastroenteroloqları Assosiasiyasının “Cərrahiyyə” jurnalının, 2020-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Sağlamlıq” elmi-praktik jurnalının və Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının redaksiya şuralarının üzvüdür. 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədri kimi bu sahədə elmi kadr hazırlığında da fəal iştirak edir. 2016-cı ildə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında “Peritonitlərin kompleks müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “tibb elmlər doktoru” elmi dərəcəsi alır.
    Bu illər ərzində səhiyyənin inkişafına, tibb işçilərinə böyük qayğı ilə yanaşılan muxtar respublikada İsa Abdullayevin də səmərəli fəaliyyəti diqqətdən kənarda qalmır. O, 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2005-ci ildə mükafatı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2008-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı, 2009-cu ildə isə “Tərəqqi” medalı ilə təltif edilir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Elmi şurasının qərarı ilə “İlin alimi” fəxri adına, 2015-ci ildə Fəxri fərmana layiq görülür, 2018-ci ildə isə “Avropa nəşr mətbuat evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunur. Tanınmış səhiyyə işçisi, fədakar həkim, yorulmaz elmi-pedaqoji fəaliyyəti ilə həmişə kollektivə nümunə olan İsa Abdullayev Naxçıvan Dövlət Universitetinin  Elmi Şurasının qərarı ilə bu yaxınlarda Ümumi təbabət və klinik fənlər kafedrasının professoru adına layiq görülüb.

    Deyirlər, əsl həkimin ömrü yenidən həyat, sağlamlıq bəxş etdiyi insanların ömrü ilə ölçülür. Əsl həkim ürəyi şəfalı əlləri ilə həyata, cəmiyyətə, doğmalarına yenidən bəxş etdiyi insanların ürəyi ilə birgə döyünür, onlarla birgə yaşayır, yaradır, düşünür, fərəhlənir. Əməliyyat masası arxasında hər saniyənin belə önəmli olduğu məqamlarda qəbul etdiyi ani qərarın məsuliyyətini daşımaq, xəstə yatağının başında yuxusuz gecələr keçirmək, bəzən günlərlə istirahət bilmədən xəstənin bütün ağrı və iztirablarını onunla birgə yaşamaqdır, bir insan itkisinə mənən yanmaq, tükənməkdir, həyata qaytardığı hər bir insanla həyatın sevincini yenidən yaşamaqdır həkim ömrü... Bu müqəddəs peşə sahiblərini bizlərə bu qədər sevdirən, munisləşdirən də elə budur. Bu mənada, muxtar respublikamızda tibb elmləri üzrə ilk professor adını qazanan İsa Abdullayevin uğurları fəxri adlarla, elmi titullarla, bu gün onunla çiyin-çiyinə çalışan istedadlı yetirmələri ilə yanaşı, həm də qazandığı el məhəbbətidir, dövlətimizin onun fəaliyyətinə verdiyi yüksək qiymətdir. Onun fədakarlığı, xeyirxah əməlləri, şəfalı əlləri neçə insan qəlbində sonsuz sevgiyə, minnətdarlıq hissinə çevrilib. Qarşıda isə hələ ümid dolu gözlərini bu nurlu çöhrəyə dikmiş, şəfalı əllərdən həyat bəxşişi uman neçə insan taleyi gözləyir onun yolunu. Biz də insan həyatının müqəddəs keşikçilərindən olan professor İsa Abdullayevə gələcək işlərində uğurlar və hər zaman öz bilik və bacarığı ilə xalqımızın sağlamlığının keşiyində durmağı arzu edirik!

Elsevər ƏSƏDOV
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent

Nəşr edilib : 06.07.2022 19:44