AZ EN RU

Muxtar respublikamızın rayonlarında Xocalı soyqırımı anılmışdır

Şərur rayonu

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşanan dəhşətli faciədən otuz il ötür. Otuz ildir ki, dünyanın hər tərəfində sülhsevər insanlar, əmin-amanlığın, rahat həyatın tərəfdarı olan hər bir kəs insanlığa qarşı törədilən bu vəhşi hərəkətin beynəlxalq səviyyədə həqiqi qiymətini almasını tələb edir. 
    Erməni faşizminin mənfur xislətini bir daha bəyan edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı terror siyasətinin təzahürü olmaqla, bütövlükdə, bəşəriyyət və insanlığa qarşı törədilən qəddar cinayətdir.
    Ümummilli liderimiz demişdir: “Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qanlı səhifə kimi qalacaqdır”.
    Otuz il bundan əvvəl dünya da gördü ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. Baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 
    Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” Qərar və dünya azərbaycanlılarına müraciət qəbul etdi. 
    Hər il olduğu kimi, bu il də fevralın 26-sı Xocalı şəhidlərinin anım günü kimi qeyd edilib. Bu münasibətlə Şərur şəhərindəki “Bahar” kinoteatrının foyesində ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən simvolik pannonun önünə tər qərənfillər düzüblər.
    Bu gün qürur hissi ilə deyirik  ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dərin və uğurlu siyasəti sayəsində haqq, ədalət bərpa olundu. 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində erməni vandallarından geri alındı. Bununla da Azərbaycan Ordusu regionda ən güclü hərbi qüvvə olduğunu bir daha nümayiş etdirdi.

Babək rayonu

    Fevralın 26-da Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.

    Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il yanvarın 28-də Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır”.
    Xocalı soyqırımı bədnam qonşularımızın ölkəmizə qarşı başlatdıqları müharibənin ən dəhşətli səhifəsi, insanlığa qarşı ən böyük cinayətdir. Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. 
    Müharibə itkilər, qurbanlar tələb edir. Lakin erməni işğalçılarının elan olunmamış və ədalətsiz müharibəsinin davamı olan Xocalı qətliamının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər – ahıllar, qadınlar, uşaqlar, döyüş meydanından qaçmağa gücü çatmayan əliyalın soydaşlarımız idi.
    2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində rəşadətli Ordumuz düşməndən Xocalı qurbanlarının qisasını aldı. Otuz ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Bununla da illərdir ki, erməni daşnak qüvvələrinin soydaşlarımıza qarşı törətdikləri faciələrin, qanlı hadisələrin intiqamı alındı. İndi Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Qayıdış prosesini uğurla reallaşdırır. Artıq işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri başlayıb, doğma torpaqlarımıza səfərlər təşkil olunur, Qarabağ doğmalarının nəfəsi ilə yenidən dirçəlir. Erməni vəhşilərinin yandırıb kül etdiyi, daşı daş üstündə qoymadığı şəhərləri, kəndləri yenidən qurur, işğaldan azad olunmuş torpaqlarımızı müasir layihələr əsasında inşa edirik. Bütün bunlar həm də Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunun göstəricisidir.
 

Ordubad rayonu

    Fevralın 26-da  Ordubad şəhərindəki Mədəniyyət  Sarayında  Xocalı Soyqırımı Günü münasibətilə tədbir keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə çəkilmiş portretin önünə tər qərənfillər düzüblər.   

    Azərbaycan xalqının deyil, bəşəriyyətin sağalmaz yarasına çevrilən Xocalı soyqırımı əsrlər ötsə, dövr dəyişsə də unudulmur.  Bu soyqırımının nəticələri ilbəil daha dərindən təhlil edilir, araşdırılır, öyrənilir, dünyada geniş şəkildə təbliğ olunur, silsilə tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi daim əziz tutulur. Bu il həmin faciənin törədilməsindən artıq 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerləyeksan edilən Xocalı qan yaddaşımıza qanlı hərflərlə yazıldı. Bu amansız və dəhşətli cinayətdə Xocalı şəhərinin sakinləri son anadək qəhrəmancasına mübarizə aparıb, son nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı, vəhşiliyin görünməmiş bir təzahürü kimi dəyərləndirmişdir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. 2020-ci ildə 44 gün davam edən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi ilə Xocalı soyqırımının qisası da alınmış oldu.
    Xalqımız Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla anır.
 

Culfa rayonu

    Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

     Faciənin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 yanvar tarixli Sərəncamı Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
    Bu faciənin 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Culfa Rayon İcra Hakimiyyətinin foyesində keçirilən anım tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri faciə qurbanlarının xatirəsinə hazırlanmış pannonun önünə tər qərənfillər düzmüş, dəhşətli gecədə şəhid olanların əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
    44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində doğma Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. Əlləri Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Xocalı qisası ilə böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları tərəfindən məhv edildi. Vətən müharibəsi həqiqətlərin, münaqişənin əsl mahiyyətinin, ən əsası, ermənilərin və onlara havadarlıq edənlərin bu günədək yeritdikləri siyasətin məqsəd və məramını, beynəlxalq hüququn maraqlarının arxasında əridiyini bir daha açıqladı.
    44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf etdilər. 
 

Kəngərli rayonu

    Fevralın 26-da Kəngərli rayonunda da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları Qıvraq qəsəbəsindəki Mədəniyyət Sarayının foyesində təşkil olunmuş Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən pannonun önünə çiçəklər düzüblər. 

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş dəhşətli faciədən 30 il ötür. Erməni faşizminin mənfur xislətini ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı terror siyasətinin təzahürü olmaqla, bütövlükdə, bəşəriyyət və insanlıq əleyhinə qarşı törədilən qəddar cinayətdir. 
    Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olur. Hər il Xocalı soyqırımı ərəfəsində bu faciənin ildönümü dünyanın əksər ölkə­lərində geniş şəkildə qeyd olunur. 
    Miqyasına və qəddarlığına görə bəşər tarixində bənzəri olmayan bu soyqırımı aktını törətməkdə azğınlaşmış erməni silahlı birləşmələrinə ən layiqli cavabı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu verdi.  Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qisası erməni ordusunun darmadağın edilməsi ilə alındı, eyni zamanda ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 
    Xalqımız əmindir ki, aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq səsi tezliklə dünyanın digər ölkələrində də eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı soyqırımının təşkilatçıları haqlı cəzalarına çatacaqlar. 

Şahbuz rayonu

    Xocalı faciəsi iki əsrdən çoxdur ki, ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli faciənin baş verməsinin 30-cu ildönümü ilə əlaqədar Şahbuz şəhərindəki Mədəniyyət Sarayında idarə, müəssisə və təşkilatların nümayəndələri Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər.

    Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev Xocalı soyqırımı barədə deyib: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynamışdır. 
    Ölkəmizə qarşı təcavüzün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi, Tarixi Qələbə qazanıldı. 
    XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı heç vaxt unudulmayacaq, bu faciədə həlak olanların xatirəsi xalqımız tərəfindən yad ediləcək. 

Sədərək rayonu

    Xocalı soyqırımının törədildiyi vaxtdan 30 il keçir. Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi.

    Xalqımızın dahi oğlu Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir. 
    Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi Müzəffər Ordumuzun gücünü bütün dünyaya göstərdi. Ordumuz 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azad edilməsi uğrunda başlatdığı əks-hücumda 4 ildə işğal olunmuş 5 şəhər, 4 qəsəbəni və 286 kəndi azad etdi. Məğlub Ermənistan 9 noyabrda təslim aktını imzalamaq məcburiyyətində qaldı. Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən geri alındı.
    Bu gün biz müzəffər bir xalqın övladları olaraq başımızı dik tuturuq. Əcdadlarımızın bizə əmanət etdiyi torpaqları mənfur düşmənin qanlı caynaqlarından alıb Vətənimizə qovuşdurduq. Bütün bunlar günlərlə yuxusuz qalıb siyasət masasında səbir və iradə göstərən xalqımızın dahi liderinin davamçısının və canını Vətənə sipər edən igid övladlarımızın sayəsində oldu. Bu gün 30 il əvvəl amansızlıqla qətlə yetirilən hər bir Xocalı sakininin ruhu şaddır. 

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 26.02.2022 18:18