AZ EN RU

Muxtar respublikamızda yaradıcı (kreativ) sənaye sahəsi də inkişaf edir

    Kreativ iqtisadiyyat yaradıcılıq fəaliyyəti ilə bağlı məhsul və xidmətləri yayan, istehsal və istehlak edən milli və beynəlxalq iqtisadiyyatın müvafiq sektorudur. Bu iqtisadiyyat yeni ideyaları, yaradıcı imkanları özündə ehtiva edir. Yaradıcı (kreativ) sənaye sözü ilk dəfə “Business Week” jurnalı tərəfindən 2000-ci ildə işlədilib. Memarlıq və dizaynı da əhatə edən bu sənaye sahəsi bu gün müasir trendlərdən biri sayılır və ona maraq getdikcə artır. Onun bir biznes sahəsi kimi də geniş inkişaf perspektivləri vardır.

    Ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikamız zəngin mədəniyyətə malikdir. Tarixən burada insanlar dulusçuluq, xalçaçılıq, miniatür sənəti kimi sahələrdə yaratdıqları sənətkarlıq nümunələri ilə öz yaşayışlarını təmin ediblər. Ənənələr bu gün də yaşayır. Lakin zaman keçdikcə dünyada baş verən hadisələrə uyğun olaraq inkişaf edən gündəmlər, iqlim və texnoloji dəyişikliklər kimi faktorlar cəmiyyətlərin və insanların estetik anlayışını, yaşayış vərdişlərini dəyişir. Geyimdən saç düzümünə, memarlıqdan interyer dizaynına qədər bir çox sahədə hər il ortaya çıxan tendensiyalar bu şəkildə formalaşır. Moda və ya dekorasiya trendlərini izləmək təkcə mövcud estetik anlayışa uyğunlaşmaq deyil, həm də zamanın gündəmini izləmək və həyatımıza uyğun toxunuşlar etmək deməkdir. Xüsusilə memarlıq və interyer dizaynına gəlincə, deyə bilərik ki, hər il geniş yayılan tendensiyalar həyat keyfiyyətini yüksəltmək və daha rahat yaşayış sahələri yaratmaq üçün çox əhəmiyyətli açarlardır.

    Hər kəs yaşadığı və işlədiyi yerdə özünü rahat və harmoniyada hiss etmək üçün memarlara, dizaynerlərə müraciət edir. Elə biz də bu gün hər kəsin zövqünə uyğun, müasir dizaynda evlər tikib, təmir və dizayn edərək insanların ixtiyarına verən “Planet Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə sizə məlumat verəcəyik. 
    Qısa arayış
    Orxan Əliyev 1988-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. 1994-2005-ci illərdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə oxuyub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Memarlıq-mühəndislik fakültəsinin Memarlıq ixtisası üzrə ali təhsil alıb. 2009-2021-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə-smeta qrupunda Baş mütəxəssis-memar vəzifəsində işləyib. Hazırda “Planet Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Azərbaycan Memarlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin idarə heyətinin üzvüdür. 
    –Orxan müəllim, xoş gördük. Əvvəlcə bilmək istərdik ki, sizdə memarlığa maraq haradan yarandı?
    – Atam riyaziyyatçı olduğu üçün məktəb vaxtı mənə həndəsi fiqurların qurulmasında daim köməklik edir və məni mühəndis görməyi arzulayırdı. İlk vaxtlar memarlığın, mühəndisliyin nə olduğunu başa düşmürdüm. Bizim əvvəllər yaşadığımız ev milli memarlığımızın əvəzsiz nümunələrindən sayılan Möminə xatın türbəsinin yaxınlığında olduğu üçün atam bizi tez- tez ora aparıb gəzdirər, türbə haqqında, onun əsasını qoyan Memar Əcəmi barədə geniş məlumat verərdi. Elə o vaxtdan mənim uşaq qəlbimdə bu sənətə maraq oyanıb.
    –Necə oldu ki “Planet Dizayn İnşaat” MMC-ni qurmaq qərarına gəldiniz? Nə üçün məhz Planet?
    – Azərbaycanın istənilən bölgəsində, eləcə də xarici dövlətlərdə layihə-tikinti şirkətlərinin qanuni fəaliyyətini görüb bəyəndiyim və vətəndaşların hər hansı bir layihə-tikinti işləri olduqda daha çox mütəxəssislərlə işləyən şirkətə müraciət etdiyini gördüyüm üçün bu Məhdud Məsuliyyətli Cəmiyyəti qurmaq qərarına gəldim. Çünki bu tipli layihə-tikinti şirkətləri öz karyerasını qorumaq məqsədilə daim mütəxəssislərlə işləmiş və işləməkdədir. Həm də muxtar respublikamızda sənayenin digər növləri kimi yaradıcı sənaye sahələrinə də diqqət və qayğı göstərilir, onların fəaliyyəti təmin edilir. Artıq 2 ildən çoxdur ki, fəaliyyət göstəririk və muxtar respublikada müəyyən layihələri icra etmişik. MMC-nin adının “Planet” olmasında əsas məqsəd isə özünə­inamlı olmağımızdan irəli gəlir. Biz nəinki Azərbaycanda, planetimizin istənilən nöqtəsində layihələrimizi həyata keçirəcəyimizə inanırıq. 
    –Əsas fəaliyyət istiqamətiniz, hədəfiniz, üstünlüyünüz barədə nə deyə bilərsiniz?
    – Lisenziyalı memar və mütəxəssis kadrlarımızla layihələri, mənzilləri və bunun kimi müxtəlif tikililəri bu məsələdə bizə etibar edən müştərilərin zövqlərinə uyğun inşa və dizayn edirik. Fəaliyyətimizdə əsas məqsəd qayda-qanun çərçivəsində Naxçıvan-Marağa memarlıq məktəbini bölgələrdə təmsil etmək, Naxçıvan memarlıq ənənələrini yaşatmaq, vətəndaşların rahatlığını təmin etmək və dayanıqlı binalar inşa etməkdir. Hədəfimiz böyük layihələrə imza atmaq, üstünlüyümüz isə ixtisaslı kadrlarla işləməyimizdir.
    – Zövqlər və rənglərlə bağlı mübahisə edilməz, – deyirlər. Olub ki, sifarişçilərinizin zövqlərini müzakirə edəsiniz?
    – Hər bir insan özünəməxsus zövqə və tərzə sahibdir. Bəzən insanlar düzgün seçimlər etmirlər. Bu zaman biz onlara müxtəlif seçimlər, büdcələrinə uyğun fərqli alternativlər təklif edib ortaq məxrəcə gəlirik.
    – Müasir dövrdə sifarişçiləriniz daha çox hansı tərzə üstünlük verir?
    – Bu gün insanlar, əsasən, modern, avanqard və loft üslublarına üstünlük verirlər. Modern üslub XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində Avropada yaranıb. Onun fərqləndirici xüsusiyyətləri təbiilik qazanmaq üçün düz cizgilər və künclərdən imtina, yeni texnologiyaya maraqdadır. Burada müxtəlif üslubların elementlərinin qarışığını görmək mümkündür. Avanqard üslub XX əsrin əvvəllərində inqilabi əhvali-ruhiyyənin təsiri altındakı gənclərin üstünlük təşkil etdiyi vaxtda meydana gəlib. Bu üslub klassik üslubun əks üslubu hesab edilir və qeyri-adi düşüncələri və orijinal zövqləri olan yaradıcı, həmçinin sərbəstliyi sevən insanların könlünü oxşayır. Loft üslubu 1970-ci illərdə Amerikada sənayeləşmənin inkişafı dövründə meydana gəlib. Bu üslubda ən çox diqqəti cəlb edən detallar məhz metal və taxta detallarının gözoxşayan vəhdəti olur. 
    – Müasir və cəlbedici dizaynı hər kəs arzulayır. Siz interyer və eksteryer dizaynda nələri əsas götürürsünüz? 
    –Bizim ən çox üstünlük verdiyimiz memarlıq üslubları bölgəyə uyğun dəyişir. Adətən, modern üsluba üstünlük veririk. Məsələn, bu il görə bilərik ki, ilboyu qarşılaşacağımız bəzək trendləri daha çox ətraf mühitin mühafizəsi və təbiətə sevgi mövzusu ilə formalaşıb. Bu ilin tendensiyalarının formalaşdığı digər diqqətçəkən mövzu, keçmişdə pandemiya səbəbi ilə daha çox evlərimizdə keçirdiyimiz vaxta görə yaşayış yerlərimizi daha rahat bir evə çevirməkdir. Eksteryer dizaynda isə yerləşdiyiniz məkan və ətrafdakı digər tikililər mütləq harmoniyada olmalıdır. Bu səbəbdən də, bu proses böyük məsuliyyət tələb edir. 
    – Komanda işi sizin fəaliyyətinizdə əsasdır. Bu mənada, komandanızın fəaliyyətini necə dəyərləndirərdiniz?
    – Bildiyiniz kimi, bir layihə-tikinti qrupu daim kollektiv şəkildə işləməlidir. Yəni bu qrup memarsız, dizaynersiz, konstruktorsuz təsəvvür edilə bilməz. Kollektivimiz ixtisaslı kadr və peşəkarlardan ibarətdir. Onlar funksional, dəqiq və estetik çalışırlar. Təmir və dizayn üzrə ixtisaslaşmış komandamız bütün arzularınızı reallığa çevirməyə hazırdır.
    – Ən yaxşı layihəniz hansı olub?
    – İldən-ilə insanların tələbatları artır və buna görə də biz də işlərimizi günbəgün daha da mükəmməlləşdiririk, bu məqsədlə hər yeni layihəmiz, təbii ki, əvvəlkilərdən yeniliyi, müasirliyi ilə fərqlənir. Fikrimcə, ən yaxşı layihəmiz hələ qarşıdadır.
    – Siz həm də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Memarlıq-dizayn” dərnəyinin rəhbərisiniz. Şagirdlərinizə əsas tövsiyəniz, adətən, nə olur? 
    – Dərs dediyim mərkəzdə şagirdlərə ən böyük tövsiyəm Naxçıvan-Marağa memarlıq məktəbini tanıtmaq və gələcəkdə təklif alıb işləyəcəkləri layihələrin keyfiyyətini və memarlıq üslubunu qoruyub saxlamaqdır. 
    – Qurmaq, yaratmaq hissi həm də yüksək mənəvi zövq, həyatsevərlik, yaşamaq eşqi bəxş edir insana...
    – Tamamilə doğrudur. Fəaliyyətimizdən aldığımız ən gözəl zövq insanların xəyallarını reallaşdırmaqdır. Buna nail olarkən biz insanların sevincinə ortaq olur və gördüyümüz işdən qürur duyuruq.
    – “Planet Dizayn İnşaat” MMC olaraq gələcək planlarınız barədə məlumat da oxucularımız üçün maraqlı olar?
    – Azərbaycanın hər bir bölgəsində, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımızda yeni təklif-layihələr hazırlamaq, daha böyük layihələrə imza atmaqdır.
    – Maraqlı müsahibə üçün sağ­olun.

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 24.08.2022 18:57