AZ EN RU

Muxtar respublikamızda xoreoqrafiya sənətinin inkişafı diqqət mərkəzində saxlanılır

    Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən muxtar respublikamızda musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan, mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecində təhsil alan tələbələr üçün ustad dərsləri keçilib. Ustad dərslərini Azərbaycan Respublikasının Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasının müdiri Cəmilə Bayramova və Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs üzrə tədrisi metodikasının müəllimi, xoreoqraf Elçin Allahverdiyev aparıblar.
    Bildirilib ki, bu dərslərin keçilməsində əsas məqsəd xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, habelə xoreoqrafiya sənətinin təbliğ edilməsidir. Qeyd olunub ki, təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də digər incəsənət sahələrində dərin biliklərə yiyələnmiş gənc nəslin yetişdirilməsində göstərdiyi xidmət muxtar respublikamızda bu sahəyə göstərilən yüksək qayğının ifadəsidir. 
    Diqqətə çatdırılıb ki, xoreoqrafiya sırf peşəkarlıq prinsipləri üzərində qurulub. Rəqsin də öz əlifbası var, çox ciddi sənətdir və özünə qarşı ciddi münasibət tələb edir. Bu sənətdə uğur qazanmaq üçün səbirli olmaq, daim öz üzərində çalışmaq lazımdır. Ona görə də gələcəkdə Vətənimizin keçirilən müsabiqələrdə, beynəlxalq arenada layiqincə təmsil olunması üçün güclü əmək sərf edilməsi zəruridir. Kollecdə keçilən ustad dərsi də gələcəyin xoreoqrafları və rəqqasları üçün böyük əhəmiyyətə malikdir. Hər kollektivin öz dəstxəti, yolu var. Qürurvericidir ki, kollec bu sahədə uğurlu yol tutub. 
    Bakıdan gələn tanınmış sənətkarlarla görüşdük, onların təəssüratlarını dinlədik. Cəmilə Bayramova: – Burada keçdiyimiz ustad dərslərimiz, fikrimcə, xeyli səmərəli oldu. Xoreoqrafiya heyəti də bu işə çox səmərəli idi. Bu isə rəqsin uğurlu alınmasında əsas məsələdir. Çünki rəqs həyatdır. Mən düşünürəm ki, rəqs etməyən insan, donub qalıb, həyatın ləzzətini hələ dadmayıb, – deyən Xalq artisti kollecin kollektivinə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb, gələcəkdə yenidən Naxçıvanda olmaq istəyini ifadə edib.
    Elçin Allahverdiyev: – Söhbətə başlamazdan əvvəl, ilk növbədə, qeyd etmək istərdim ki, bu gün burada olmağımızdan çox məmnunuq. Əgər buradayıqsa, tələbələrlə daha yaxından əlaqə saxlayırıqsa, bu o deməkdir ki, milli rəqslərimizin qorunması və yaşadılması diqqət mərkəzində saxlanılır. Bu, Naxçıvanda keçirdiyim ilk ustad dərsim deyil. Bir qədər əvvəl – 28 May – Respublika Günündə universitetin simfonik orkestrinin konsert proqramına hazırlıq məqsədilə muxtar respublikada olmuşduq. Konsertə hazırlıq prosesinə daxil olan incəsənət xadimləri ilə əməkdaşlıq etdik. Rəqslər hazırladıq, bütün tələbələrə rəqslərin incəliklərini öyrətməyə çalışdıq və çox gözəl konsert ərsəyə gətirdik. Bu gün də yenidən buradayıq və əminik ki, keçilən dərslər öz nəticəsini göstərəcəkdir. 
    Bizə yaradılan imkanlardan istifadə edib kollecdəki tədris prosesinin keyfiyyətinə yaxından bələd olduq. Yenə də bilik mübadiləsi etdik, tələbələrə rəqs hərəkətlərinin mənalarını anlatdıq. Musiqini, ritmi, ahəngi onlara izah etdik. Rəqqas, sadəcə, oynayıb səhnədən düşməməlidir. Oynadığı rəqslərin mənasını, məzmununu tamaşaçılara çatdırmağı bacarmalıdır. Əgər rəqqas oynadığı rəqsin mənasını dərk etmirsə, səhnəyə çıxmağı da bir məna kəsb etməz. Tələbələrin bu işin məsuliyyətini dərk etməsini gördük. Bu, sevindirici bir haldır. 
    Onu da qeyd etmək istərdim ki, birliyimizin rəmzi sayılan, tarixin hələ ilk səhifələrindən yol gələn “Yallı” da bizim diqqət mərkəzimizdədir. Xüsusilə yallının ana Vətəni hesab olunan doğma Naxçıvanımızda yallıların yaşadılmasına göstərilən diqqət nəzərimizdən qaçmadı. Milli rəqslərimizin bizim tariximiz olmasını bütün dünya bilməli və görməlidir ki, doğma Vətənimiz Azərbaycan əvəzsiz incəsənət tarixinə malikdir. Xalqımıza məxsus milli rəqslərimiz isə bizim milli-mənəvi sərvətimizdir. Biz bu sərvəti ən qiymətli ata-baba əmanəti kimi qoruyur və yaşadırıq. Gənclərimiz də bu missiyanı uğurla həyata keçirir və gələcəkdə də keçirəcək.     

Aysel YUSİFZADƏ

Nəşr edilib : 04.11.2022 21:51