AZ EN RU

Muxtar respublikamızda təşkil edilən “Aqrofestival” iqtisadiyyata töhfə verdiyi kimi, keyfiyyətli məhsulların və səriştəli təsərrüfatçıların da tanıdılmasında böyük rol oynayacaq

    Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən “Aqrofestival”ın rəsmi açılış mərasimi olub. “Heydər Əliyev İli”ndə təşkil edilən və şəhərimizin “Sahil parkı” deyilən ərazisində baş tutan bu festival yerli sakinlərdə, qonaqlarda, turistlərdə böyük maraq oyadıb. Keyfiyyətli məhsulların satışındakı alıcı məmnuniyyətini, satıcıların razılığını və festivalda iştirak edənlərin çoxluğunu müsahiblərimizin söhbətlərində də görmək mümkündür:  

    İlk müsahibimiz “EMA” şirkətində aqronom kimi çalışan qardaş Türkiyə Respublikasının vətəndaşı Əli Dəyər bizimlə söhbət zamanı dedi: – Bilirsiniz ki, “EMA” Azərbaycan şirkətidir. Bu şirkət həm də Türkiyə, Amerika, Almaniya və İspaniyadan kənd təsərrüfatı üçün lazımi dərman məhsullarını tədarük edib fermerlərə təklif edir. Bizlər isə şirkətin aqronomları olaraq fermerləri dərman vasitələri haqqında məlumatlandırırıq və onların satışını təşkil edirik. Bu festivalda iştirakımızın məqsədi də satışını həyata keçirdiyimiz məhsulları Naxçıvanda tanıtmaq və yaxın zamanda burada bir mağaza açmaq, bu yolla fermerlərə texniki dəstək göstərib bilgilər verməkdir. Festivala çıxartdığımız məhsullar kənd təsərrüfatı sahəsində müxtəlif xəstəliklərə, ziyanvericilərə, alaq otlarına qarşı dərman vasitələri, üzvi gübrələrdir. İnanırıq ki, gələcəkdə bu məhsullardan istifadə kənd təsərrüfatı sahəsində məhsuldarlığı yüksəldəcək, fermerlərin istehsal etdikləri məhsulu xaricə satmaq şansları olacaq və satışa keyfiyyətli məhsul çıxaracaqlar. 
    Məlumat üçün qeyd edək ki, ailə təsərrüfatları hazırda muxtar respublikamızda geniş yayılmış mütərəqqi təsərrüfat sahələrindən biridir. Son illərdə aqrar sahədə çalışan təsərrüfat sahiblərinə dövlət dəstəyi nəticəsində güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulların qablaşdırılması, dizaynının tərtib edilməsi, taralarla təchizat və satış üçün əlverişli şəraitin yaradılması ailə təsərrüfatlarının yaradılmasına marağı daha da artırıb. Festivala, demək olar ki, muxtar diyarımızın hər yerindən qatılan iştirakçılar arasında ailə təsərrüfatçıları üstünlük təşkil edirdi. Belə təsərrüfatçılardan biri də Anar Əzizovdur. O, dünyanın bir sıra inkişaf etmiş ölkələrində geniş istifadə olunan quru mürəbbələrin satışını həyata keçirir. Anar Əzizovla söhbət zamanı öyrəndik ki, festivala alma, balqabaq, kök, badımcan, çuğundur və qarpızdan hazırlanmış 6 çeşiddə quru mürəbbələr çıxarıb. Maraqlı və ləzzətli məhsul olduğuna görə hər kəsin dadına baxması, məhsulla yaxından tanış ola bilməsi üçün həmin məhsullardan dadımlıq üçün də qoyub. Onun sözlərinə görə, bu quru mürəbbə nümunələri, demək olar ki, hər kəsin xoşuna gəlir. Xarici qonaqların da marağı kifayət qədər böyük olub, hətta onlardan bir neçəsi öz ölkələrində geniş istifadə olunan quru mürəbbə ilə müqayisədə bu Naxçıvan məhsulunun da keyfiyyətcə geri qalmadığını bildirib. Alanlar da az olmayıb. Ailə təsərrüfatçısı qəzetimiz vasitəsilə bu tədbirin təşkilində zəhməti olanlara minnətdarlığını çatdıraraq, qeyd etdi ki, aidiyyəti dövlət qurumları onlarla yaxından maraqlanıb. Həmsöhbətim onu da dedi ki, festivala ilk dəfə olaraq Ordubad cilovu da çıxarıb. Cilov yumurta, kərə yağı, bal və sarıkökün qarışığından hazırlanan bir qida növüdür. Enerji dəyəri çox yüksəkdir. Onun qablaşdırılması üçün yerli istehsal olan plastik tara qablarından istifadə edilib. Qeyd edək ki, Ordubad kulinariyasında geniş istifadə edilən qurut da burada alıcılara təqdim olunub. Ümumilikdə isə bu məhsulların etiket nümunələri “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində sifariş edilib ki, bu da, öz növbəsində, qablaşdırmada keyfiyyətli ticari görünüşün təmin olunmasına öz təsirini göstərir. Söhbət zamanı alıcı sıxlığının olmasına baxmayaraq, müsahibimiz həm alıcılara, həm də bizə ailə təsərrüfatı üçün gələcək planlarından da danışdı: – Hazırda əsas məqsədimiz yeni məhsullarımızı daxili bazarda tanıtmaqdır. Bu gün Rusiyada, Ukraynada, ümumiyyətlə, Avropada quru mürəbbələr insanların gündəlik sevərək istifadə etdiyi məhsuldur. Ənənəvi mürəbbədən fərqli olaraq quru mürəbbələrdən gəzərkən, səyahət edərkən, nəqliyyatda, çay süfrəsi arxasında, ümumiyyətlə, hər yerdə istifadə etmək mümkündür. Hazırladığımız məhsulların hamısı yerlidir və az əvvəl də qeyd etdiyimiz kimi, hazırlanma texnologiyası imkan verir ki, məhsul vitaminlilik baxımından keyfiyyətini olduğu kimi saxlasın. Bu da insan orqanizmi üçün çox faydalıdır. Əminliklə deyə bilərəm ki, bu gün satışda rast gəldiyimiz marmelad tipli qənnadı məhsulları içərisində ən üstün və faydalı olanı da quru mürəbbələrdir. 
    Şahbuz rayonunun Badamlı qəsəbəsindən olan təsərrüfatçı, yaşı 70-i haqlamış Bahar Seyidova bildirdi ki, o, Şahbuz rayonunun gözəl təbiətinin ərməğanı olan dərman bitkilərindən toplayır və artıq 20 ildir ki, onların satışı ilə məşğul olur. Bahar xala festivala müxtəlif dərman bitkiləri – yarpız, kəklikotu, solmazçiçək, böyrək otu, eləcə də üzərlik, ərik və pomidor quruları çıxarmışdı. Əkinçilik və maldarlıqla məşğul olduğunu deyən müsahibim festivalda dərman bitkilərinin alıcısının da çox olduğunu bildirdi.
    Festivalda Ordubad şəhər sakini, ailə təsərrüfatçısı Elşən Abutalıbov müxtəlif Ordubad meyvələri ilə iştirak edirdi. Təzə və quru meyvələrə diqqətin çox olduğunu deyən müsahibim bundan başqa bal, mürəbbə və turşu çeşidləri, o cümlədən sirkə, dərman bitkilərinin “Orqanik Naxçıvan” adı altında satışa çıxarıldığını bildirdi. Qeyd etdi ki, festivalın üstün cəhəti heç bir əlavə qatqı olmadan hazırlanan məhsulları geniş təqdim etmək, yerli və xarici şirkət nümayəndələrinə bu məhsulları tanıtmaq və gələcəkdə əməkdaşlıq üçün xüsusi imkanların yaranmasından ibarətdir. 
    Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsinin baş texnoloqu Həcər Muradova qeyd etdi ki, festivalda 35 əl işi – xalça ilə iştirak edirlər: – Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da heyvandarlıq, xüsusilə qoyunçuluq inkişaf edir. Bu sahə yun tədarükündə mühüm rol oynayır. Yerli xammaldan istifadə isə xalçaçılıqda keyfiyyətə əsas zəmanətdir. Burada gördüyünüz böyük və kiçikölçülü xalçalar üzərindəki naxışlar Naxçıvan xalça qrupuna aiddir. Biz, həmçinin Təbriz, Qazax, Şirvan, Quba və digər regionların qədim xalçalarına və hazırda istehsal olunan müasir xalçalara müraciət edirik. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün çalışırıq. Xalçalarımız festivalda böyük maraqla qarşılandı. Yun, pambıq və ipəkdən istifadə olunaraq toxunan xalçalar ziyarətçilərin də diqqətini çəkdi. 
    Üzərlərindəki kiçik kartlara Vətən müharibəsi qəhrəmanlarının adları yazılan torbalar iştirakçılar kimi bizim də diqqətimizdən yayınmadı. Həmin guşə ilə tanışlıq zamanı öyrəndik ki, burada diyarımızın hər bölgəsində yetişə biləcək yüksək repreduksiyalı toxum sortları, o cümlədən müxtəlif dərman bitkilərinin sərgi-satışı həyata keçirilir. Müsahibimiz Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sevil Abbasquliyeva bildirdi ki, elmi-tədqiqat institutu uzun illərdir, fəaliyyət göstərir və orada Azərbaycan elminə töhfələr vermiş böyük korifey alimlərimizin davamçıları var. Hazırda bu institut dənli taxıl, paxlalı taxıl, dənli-paxlalı yem bitkilərinin tədqiqatı ilə geniş məşğul olur. Eyni zamanda onların yeni toxum sortlarının yaradılması istiqamətində də fəaliyyət göstərir. Müsahibimiz dedi: – Bizim əsas təsərrüfat sahəmizdə müasir dövrdə quraqlıq səbəbindən yaranan susuzluğa, qlobal istiləşməyə, şoran torpaqlarda becərilməyə uyğun olan qeyri-ənənəvi bitkilər yetişdiririk. Festivala da sadaladığımız məhsullarla gəlmişik. Qeyd edim ki, ənənəvilikdən fərqli olaraq əkinçilik elmi-tədqiqat institutunun əməkdaşları, bu sahədə böyük təcrübə qazanmış alimlərimiz 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə həsr etdikləri milli qəhrəmanlarımızın adını daşıyan xüsusi toxum sortlarını da satış üçün artıq təqdim ediblər. Qonaqlar tərəfindən məhsullarımıza diqqətin olması, onlar haqqında bizdən geniş məlumat almaları xoş təəssürat yaradır. 
    Digər müsahibimiz isə ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən Ordubad rayon sakini İradə Həsənzadədir. Onun söhbəti: – Dağlardan topladığımız şəfalı bitkilər, öz ailə təsərrüfatımızda ərsəyə gətirdiyimiz faydalı məhsullar yerli sakinlərlə yanaşı, müxtəlif yerlərdən diyarımıza gələn qonaqların da diqqətini çəkir. Onlar bizdən yalnız məhsulların faydalarını yox, həm də onların hazırlanma qaydalarını öyrənməyə çalışırlar. Bu da bizi çox sevindirir. Çünki yerli məhsullarımızın satışından daha çox, onların tanıdılması da əsas məsələlərdən biridir. Əlimizdən gəldiyi qədər çalışırıq ki, muxtar diyarımızı düzgün təbliğ edək. Festivalın təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. 
    “Tovuz-Aqrokimya” şirkətinin qərb bölgəsi üzrə nümayəndəsi, ixtisasca aqronom olan müsahibimiz Kərəm Nəcəfov söhbət zamanı bildirdi ki, buraya gəlməkdə əsas məqsəd keçirilən festivalda dərman və gübrələrimizi Naxçıvanda tanıtmaq və buranın təsərrüfatına öz töhfəmizi verməkdir: – Bu festivalın faydaları, düşünürəm ki, bizim üçün çox böyük oldu, muxtar respublikada bu sahədə fəaliyyət göstərən bir neçə şəxs ilə görüşüb söhbətləşdik. İnanırıq ki, növbəti gəlişimizdə daha böyük yeniliklərlə çıxış edəcək, yerli sahibkarlarla görüşüb əlaqələri gücləndirəcəyik. Elə gələcək əməkdaşlıqları gücləndirmək üçün şirkətimiz tərəfindən dərc olunan kataloqları stendimizdə nümayiş etdirdik. Maraqla qarşılandı. Onu da qeyd edim ki, Rusiya daxil olmaqla dünyanın dörd böyük ölkəsində istehsal olunan təsərrüfat dərmanlarının satışını məhz bizim şirkət həyata keçirir. Həmin şirkətlərin Azərbaycandakı təmsilçisi olaraq çalışırıq ki, ölkəmizdəki böyük təsərrüfat sahiblərini həmin məhsullarla tanış edək, keyfiyyətli dərmanlara olan tələbatı ödəyək. 
    Festivalın təşkil edildiyi “Sahil parkı”nın kənarında təsərrüfat həyatında geniş istifadə olunan texnikalar – traktor, kombayn, həmçinin bir sıra aqreqatlar yerləşdirilmişdi. Həmin hissə ilə bizi tanış edən “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin baş mütəxəssisi Həzi Həsənov dedi ki, muxtar respublikamızın kənd təsərrüfatında istifadə edilən texnikaların hər biri qabaqcıl ölkələrin istehsalıdır. Burada Türkiyənin, Belarusun, Almaniyanın və digər Avropa ölkələrinin istehsal etdiyi texnikaları görmək mümkündür. Müsahibimiz deyir ki, bu avadanlıqlar içərisində ən çox marağa səbəb olan kiçik ailə təsərrüfatı aqreqatlarıdır ki, onlara bazarda tələbat böyükdür. Xüsusən də sağım maşını, balsüzən maşın, qaba yem doğrayan aqreqatlar təsərrüfatçılar tərəfindən böyük maraqla qarşılanır. Həmin avadanlıqları festivala “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti gətirib ki, şəhərimizin yerli təsərrüfatçıları ilə yanaşı, diyarımızda böyük vəsait hesabına geniş sahibkarlıq subyektini, öz şəxsi təsərrüfatını yaradan xarici sahibkarlar da görsün. 
    Festivala gələn iştirakçılarla da həmsöhbət olmaq fürsətimiz oldu. Ordubad rayon sakini Mətanət Səfərova bizimlə söhbət zamanı dedi: – Hesab edirəm ki, bu cür layihələrin diyarımızda təşkil edilməsi alıcı və satıcı münasibətlərinin düzgün qurulmasında, həmçinin insanların keyfiyyətli məhsullara olan tələbatının ödənilməsində böyük rola malikdir. Mütəmadi olaraq festivallarda iştirak edirəm, xüsusən də dərman bitkiləri, ağartı məhsulları alıram. Elə bu gün də Şahbuz rayonundan qatılan ailə təsərrüfatçısından bir neçə dərman bitkisi – kəklikotu, ayıpəncəsi, nanə, yarpız və digər məhsullar aldım. Qiymətlər də sərfəlidir. 
    Biz də festivallar diyarı, bu sahədə özünəməxsus ənənə və təcrübə qazanmış qədim diyarımızda ilk dəfə keçirilən “Aqrofestival”dan bu əminliklə ayrıldıq ki, əhatə dairəsi və çeşidliliyi ilə fərqlənən “Aqrofestival” Naxçıvanda aqrar sektorda sahibkarlığın inkişafına stimul olacaq, iqtisadiyyata töhfə verdiyi kimi, keyfiyyətli məhsulların və səriştəli təsərrüfatçıların da tanıdılmasında böyük rol oynayacaq.

Güntac ŞAHMƏMMƏDLİ 
Məcid RƏŞADƏTOĞLU
Aidə İBRAHİMOVA
Bülbül Quliyeva

Nəşr edilib : 09.09.2023 18:18