AZ EN RU

Muxtar respublikamızda həyata keçirilən yenidənqurma, bərpa işləri prioritet istiqamətlərdəndir

    Muxtar respublikamızda həyata keçirilən mühüm tədbirlərdən birini yaşayış məntəqələrimizin müasir üslubda, günün tələbləri səviyyəsində qurulmasına şərait yaradan tikinti, bərpa və yenidənqurma işləridir. Bu uğurlu proseslərin nəticəsində artıq şəhərimizdə Avropa standartlarına cavab verən infrastruktur, yaraşıqlı park və xiyabanlar, istirahət guşələri insanların rahatlığına xidmət edir. 

    Ötən dövrdə şəhərimizin bir çox məhəllələrində, şose yollarda, o cümlədən də Naxçıvan-Batabat magistral yolunun kənarlarındakı səkilərdə təmir-bərpa işləri aparılıb, yararsız bordürlər sökülərək yeniləri ilə əvəz olunub, magistral yollar üzərindəki nəqliyyat nişanları yenilənib, metal mühafizə çəpərlərində boyama işləri həyata keçirilib. Hazırda şəhərimizin bir çox məhəllələrində, o cümlədən 48-ci, 49-cu məhəllələrdə abadlıq-bərpa işləri həyata keçirilir. Yusif Məmmədəliyev küçəsində yerləşən piyada zolaqları yeni daş örtüklərlə əvəz olunur, şəhərin Mirzə Ələkbər Sabir küçəsində isə yeni asfalt örtüyü salınır. Həyata keçirilən bu tədbirlərin davamı kimi əhalinin rahatlığını da nəzərə alaraq həyətyanı sahələrdəki evlərin fasadlarında boyama işləri icra olunur, yararsız qaz xətləri yeniləri ilə əvəz edilir. Şəhərimizdəki 3-cü küçədə də yeni istirahət parkının salınması işləri uğurla davam etdirilir, yollara kilid daşlar döşənilir. Həmçinin parkın ətrafında həmişəyaşıl dekorativ bitkilərin əkilməsi estetik baxımdan şəhərimizin gözəlliyinə daha maraqlı bir ab-hava qatır. Qeyd etdiyimiz təmir-bərpa işləri şəhərimizin Əlincə, 7A məhəllələrində, “Azərbaycan” küçəsində və Əliabad qəsəbəsində də davam etdirilir. Ərazilərdəki su-kanalizasiya, elektrik və rabitə xətlərində də yeniləmə işləri həyata keçirilir. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 30.06.2022 18:43