AZ EN RU

Muxtar respublikamızda gənclərin potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradılıb

    Azərbaycanda dövlət gənclər siyasəti gənclərə həmişə diqqət və qayğı ilə yanaşan və bu siyasəti dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir dövrümüzdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasəti, məhz ulu öndərin gənclər siyasətinin məntiqi davamıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında da gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Diyarımızda gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların istedad və intellektlərinin inkişaf etdirmələrinə kömək məqsədilə fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunur. Hazırda muxtar respublikada gənclərin təşkilatlanması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib. Bu gün Naxçıvan gəncliyinin uğurları, nailiyyətləri, səsi beynəlxalq aləmdən eşidilir. Mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayan gəncliyə və gənclərə etimad artıq öz təsdiqini tapmaqdadır. Gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, sosial problemlərinin həlli istiqamətində görülən işlər, onların yüksək vəzifələrə təyinatı bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Qədim diyarımızın milli dəyərlər, vətənpərvərlik ruhunda, zəngin ənənələr üzərində yetişib formalaşan, müasir dünyagörüşünə və fərqli potensiala malik gənclərindən bir neçəsi ilə gəlin birgə tanış olaq.

    Ordubad rayonunun Nüsnüs kəndində müəllim ailəsində anadan olan Ayxan Hüseynli 2014-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun bakalavr, 2017-ci ildə həmin institutun Təhsildə sosial-psixoloji xidmət ixtisaslaşması üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirdikdən sonra doktorantura təhsilini Naxçıvan Dövlət Universitetində davam etdirib. Təhsil aldığı illərdə institutun ictimai həyatında fəal iştirak edib, bir çox layihənin rəhbəri, ideya müəllifi, təşkilatçısı olub. Magistr təhsili aldığı dövrdə 10-a yaxın məqaləsi “Azərbaycan məktəbi”ndə, institutun “Elmi əsərlər” jurnalında nəşr olunub. Muxtar respublikanın şəhər və rayon qəzetlərində 20-dən artıq publisistik məqaləsi dərc edilib. Ayxan Hüseynli 2017-ci ilin sentyabr ayından Naxçıvan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədridir. Doktorantlıq illərində elmi rəhbəri ilə birlikdə ciddi tədqiqatlar aparan gənc müəllim ötən dövrdə elmi yeniliklərlə zəngin dissertasiya işi ərsəyə gətirib: “Məktəbəqədər və kiçik məktəbyaşlı dizartriyalı uşaqlarla aparılan korreksiya işlərinin elmi pedaqoji əsasları” mövzusunda yazdığım dissertasiya işini tamamladım. Elmi işdə sağlamlıq imkanları məhdud uşaqların, xüsusilə nitqi qüsurlu uşaqların təhsilə cəlb olunmasında davamlılığın təmin edilməsi, onların inklüziv və məsafədən təhsil imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyası məsələlərinin əhəmiyyəti hərtərəfli şəkildə araşdırılıb. Eyni zamanda ölkəmizin və dünya universitetlərinin elmi jurnallarında, keçirilən konfranslarda məruzə və məqalələrlə çıxış etmişəm. Belə ki, 2020-ci ildə Moskva şəhərində keçirilən beynəlxalq konfransda mövzu ilə bağlı məruzə ilə çıxış etdim və gənc tədqiqatçı kimi həmin konfransda ən yaxşı məruzəyə görə I dərəcəli diplomla təltif olundum. Elə həmin il Ukrayna Təhsil və Elm Nazirliyi və Ukrayna Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Gənclərin elmi əsərlərinin universitetlərarası toplusu” adlı jurnalda, 2021-ci ildə isə ABŞ-ın Boston şəhərində “Müasir elm və təhsilin problemləri və perspektivlərinə beynəlxalq baxış” LXXXI Beynəlxalq Elmi-praktik konfransda məqalələr ilə iştirak etdim.
    Qeyd edək ki, Ayxan Hüseynli həm gənc müəllim, həm də Tələbə-Gənclər Təşkilatının sədri kimi nümunəvi fəaliyyəti ilə seçilir. Təşkilatın sədri kimi ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə sıx əməkdaşlıq edən Ayxanın rəhbərliyi ilə bir çox layihə həyata keçirilib: “Gənclik gələcəkdir. Sağlamdüşüncəli gənclik cəmiyyətin həyatında çox önəmli rol oynayır”, – deyən Ayxan Hüseynli söhbətinə belə davam edir: – Dövlət gənclər siyasəti bu gün muxtar respublikada Ali Məclis Sədrinin uğurlu siyasi fəaliyyətinin nəticəsində yeni inkişaf mərhələsinə çatdırılıb. Gənclərin hərtərəfli inkişafı, təhsilli, savadlı, vətənpərvər ruhda böyüməsi, müxtəlif sahələrdə fəal iştirakı təmin olunur. Muxtar respublika rəhbərinin məqsədyönlü, düzgün siyasəti nəticəsində gənc kadrlara münasibəti də ötən illər ərzində həmişə müsbət yanaşmalarla müşahidə edilib. Bəlkə, bu səbəbdəndir ki, həmin gənclər bu gün iqtisadiyyatın müxtəlif sahələrində, habelə elm və təhsil sferasında uğurla çalışır, öz potensiallarını ortaya qoymağa səy göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.

    2001-ci ildə Naxçıvan şəhərində anadan olan Tərlan Məmmədovanın uşaqlıq arzusu məhz musiqiçi olmaq olub: “12 yaşımda bu arzumu həyata keçirdim və 2 nömrəli musiqi məktəbində təhsil almağa başladım. Burada oxuduğum müddətdə orkestrdə, ansambllarda, bir sıra konsert və müsabiqələrdə iştirak etmişəm. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə qanun ifaçıları arasında 2-ci yerə layiq görülmüşəm. Həmin ildə Naxçıvan Musiqi Kollecinin Qanun ixtisasına qəbul olundum. Burada təhsil aldığım müddətdə də bir çox ansambl konsertlərin və bəzi festivalların iştirakçısı olmuşam. 2019-cu ildə Naxçıvan televiziyasında “Nuhçıxan” ansamblında qanun ifaçısı kimi işə başladım. Həmin ildən həm də könüllü gənc kimi fəaliyyət göstərirəm. Gəncliyimin daha fəal keçməsində sağlam, savadlı, intellektual düşüncəli gənclərlə tədbirlərdə iştirakım böyük rol oynayıb. Bu il bir sıra təlimlərdə, intellektual oyunlarda, müsabiqələrdə, kitab müzakirələrində qazilərimizlə görüşlərdə fəal iştirak etmişəm”. 
    Tərlan Məmmədova musiqi ilə yanaşı, həm də rəsm çəkmək qabiliyyətinə malikdir. Ən böyük hobbisi təbiət rəsmlərini çəkməkdir ki, məhz bu rəsmlərə görə Gənclər və İdman Nazir­liyinin təşkil etdiyi müsabiqədə mükafat qazanıb. Hazırda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təhsilini davam etdirən gənc könüllümüz, eyni zamanda universitetdə ansambl, orkestrlərlə birlikdə konsertlərdə iştirak edir. Qarşımızdakı aylarda solo konsert verməyi planlaşdıran Tərlan Məmmədova, həmçinin universitetin tabeliyində olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin İncəsənət fakültəsi üzrə sədri vəzifəsində çalışır: “Gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri olaraq öz fəaliyyətimiz ilə sübut edirik ki, ölkəmizin dəyərli vətəndaşlarıyıq. Bu, böyük xoşbəxtlik, böyük səadətdir ki, indiki gənclər müstəqillik dövründə formalaşırlar. Azərbaycan gəncləri hər bir sahədə fərqlənir və qayğı ilə əhatə edilirlər. Naxçıvan gəncləri olaraq ölkə daxilində keçirilən intellektual oyunlarda, fərdi müsabiqələrdə layiqli yerlər qazanmışıq. Müvəffəqiyyətlərimizə verilən qiymət bizi daha da ruhlandırır. Onu da deyim ki, 2021-ci il üçün “İlin fəal gənci” nominasiyası üzrə təltif olundum. Əlbəttə, bu adlar digər gənclər üçün böyük motivasiyadır. Könüllülük layihəsi gəncliyimizin ən təcrübəli, ən əyləncəli, ən öyrədici fəaliyyətidir deyə bilərik. Belə layihələr biz gənclərə mənəvi zənginlik bəxş etməklə yanaşı, yeni dostlar, yeni tanışlar qazandırır”.

    1998-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan Fuad Babayev Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını bitirib. Təhsil aldığı dövrdə idmana böyük maraq göstərən Fuad üzgüçülük üzrə muxtar respublika birinciliyinin mükafatçısı olub. Hazırda Naxçıvan Dövlət Universitetinin 2-ci kurs magistrantı, Tələbə Elmi Cəmiyyətinin magistratura şurasının sədri və “Enactus” komandasının koordinatoru olaraq fəaliyyətini davam etdirən Fuad Babayev ilk dəfə 2017-ci ildə HUAWEI şirkətinin Çin Xalq Respublikasında təşkil etdiyi yay təcrübə proqramı düşərgəsinin seçim mərhələsinin qaliblərindən biri kimi HUAWEI şirkətinin baş qərargahında təcrübə qazanıb. Onunla da söhbətimiz maraqlı oldu. Fuad Babayev dedi ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun həyata keçirdikləri intellektual oyunların aparıcısı, o cümlədən də iştirakçısı qismində bir neçə dəfə qalibi olmuşam. 2018-ci ildə keçirilən IV Azərbaycan Gənclər Forumunun Naxçıvan konfransında fəal gənc kimi uğurlu çıxış edərək IV Azərbaycan Gənclər Forumunda iştirak etmişəm. Naxçıvan Dövlət Universitetində akademik fəaliyyət kimi ixtisaslaşmağı məqsəd tutaraq 2021-ci ildə həmin universitetin Magistratura Mərkəzinin İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisasına qəbul oldum. Ardıcıl olaraq fəaliyyətimi daha yüksək səviyyədə davam etdirməyi qərara aldım. Belə ki, Tələbə Elmi Cəmiyyətinin Magistratura şura sədri seçilərək elmi layihələr, müxtəlif proqramlar həyata keçirdim, tələbələrin professorlarla görüşlərini təşkil etdim. Bununla belə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının hazırlanması düşərgəsində də uğurlu çıxışım oldu.
    Qeyd etdiyim kimi, Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasına ümumi koordinator seçilərək komandanın uğurlu fəaliyyətinin təşkilində iştirak etdim. Cari ildə komanda 2 layihə ilə bu yarışda iştirak etdi və yarımfinal mərhələsində 177 xalla ən yüksək nəticəni göstərərək final mərhələsinə vəsiqə qazandı. Təqdim etdiyimiz layihələr BMT-nin 17 dayanıqlı inkişaf məqsədindən 8-ni özündə birləşdirib. Layihənin yekunu olaraq dövlət rəsmilərinin, o cümlədən şirkət rəhbərlərinin də iştirak etdiyi final mərhələsində komandamız ölkə üzrə 2-ci yerə layiq görüldü. 
    Fuad Babayevin fikrincə, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam gəncliyin, intellektli, bacarıqlı bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin siyasi ideologiyasının davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ideologiyanı uğurla davam etdirir. Uğurlu siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da gənclər siyasətinin həyata keçirilməsi ilə gənclərin vətənpərvər ruhda yetişməsi, beynəlxalq aləmdə muxtar respublikanın tanıdılmasında onlara yüksək səviyyədə dəstək olur. Göstərilən qayğı və diqqətin bariz nümunəsidir ki, gənclərimiz hər bir sahədə uğurla addımlayır.  

     Digər gəncimizin 14 yaşının olmasına baxmayaraq, rəqibləri onun uğurlarına həsəd aparır, tatamidə arzuolunmaz rəqib kimi qəbul edirlər. Onun idmana gəlişi də məhz bu nüansdan doğub,  hər zaman idmanla məşğul olan qızları gördükdə onda müəyyən fikir formalaşıb. İdmançı kimi ölkəmizi layiqincə təmsil etmək onun ən böyük arzusu olub. Nərgiz Həsənli prinsipiallığı ilə bu arzuların gerçəkləşməsinə qısa zamanda nail ola bilib. Aramsız və çətin məşqlər onu yorsa da, tutduğu yoldan geri dönməyib. İdmançılar üçün yaradılan şəraitdən maksimum yararlanan Nərgizin ilk məşqçisi Nəriman Quliyev olub. Nərgiz deyir ki, uzun müddət gərgin məşqlər nəticəsində bir çox uğurlar əldə etdim. Naxçıvanda keçirilən beynəlxalq turnirdə, Qara dəniz və Xəzər dənizi ətrafı ölkələr arasında karate çempionatında uğur qazandıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open”, Bakı Open-2019, “Batumi Open” və “Olimpiya ümidləri” adlı beynəlxalq turnirlərdə də bürünc medal qazandım. Bu yarışlarda həm də böyük təcrübə topladım. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” beynəlxalq turnirində isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bu mənim üçün ən böyük uğur idi. Doğma azarkeşlərin önündə belə bir uğura imza atmaq qürurvericidir.
    Qeyd edək ki, Nərgiz Həsənli muxtar respublikanı Avropada layiqincə təmsil edən qız idmançılarımızdan biridir. Azərbaycanın karate üzrə müəyyən yaş qruplarında mübarizə aparan idmançımız 2019-cu ildə ona göstərilən etimadı doğrultdu. Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə XI Avropa çempionatında kata və kumite yarışlarında mübarizə apardı və bürünc medala layiq görüldü. O deyir ki, bu, sözlə ifadə edilə bilməyəcək bir hissdir. Avropanın ən güclü idmançıları ilə eyni tatamidə mübarizə aparmaq və mükafat qazanmaq böyük uğurdur. Əvvəlcə qitə birinciliyində daha sonra çıxış etdiyim “V Arpaçay Open”, “Naxçıvan Open” və Türkiyə V Beynəlxalq Çanaqqala çempionatında qalib oldum və 2021-ci il Xorvatiyanın Porec şəhərində keçirilən dünya kuboku uğrunda yarışlarda iştirak etmək hüququ qazandım.
    2022-ci ili Nərgiz üçün uğurlu il hesab etmək olar. Belə ki, Bolqarıstanda təşkil edilən Dünya Şotokan Federasiyasının 12-ci Avropa çempionatında (13 yaş, 50 kiloqram) gümüş medal qazanan gənc idmançımız medal kolleksiyasını zənginləşdirdi. Ardınca “Arpaçay Open” (WKF üzrə Azərbaycan çempionu – 13 yaş, 50 kiloqram) beynəlxalq turnirinin qalibi olan idmançımız Milli Olimpiya Komitəsinin yaranmasının 50 illiyinə həsr olunmuş Azərbaycan çempionatında da (12-13 yaş, 50 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Naxçıvan Qızlar Liseyinin şagirdi olan gənc karateçimizin ən böyük arzusu böyüklərarası dünya çempionu olmaqdır. Onun dediklərindən: “Qazandığım uğurlarla arxayınlaşmayıb məşqlərimi davam etdirirəm. Qarşıma məqsəd qoymuşam ki, naxçıvanlı idmançı olaraq dünya kubokunu qazanım. Federasiyamız bizim yarışlarda iştirakımızı daim təmin edir. Karateçilər adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
    Bəli, bu gün Naxçıvan gəncliyi öz yerini tapmaq, muxtar diyarımızın inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Qarşıya qoyulan böyük məqsədi və məsuliyyəti dərk edən gənclərimiz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq salnaməsi yazaraq dünyaya nümunə oldular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Bu gün ölkənin hər bir regionunda dövlət müstəqilliyinin əbədi və əzəli olmasını qorumaq və saxlamaq üçün gənclər vətənpərvər ruhda tərbiyə alır, böyük məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayırlar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.08.2022 20:43