AZ EN RU

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq üstün mövqeyə malikdir

    Naxçıvan Muxtar Respublikası bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu inkişafın təməlində ötən dövrdə həyata keçirilən tədbirlər xüsusi rol oynamış, iqtisadiyyat şaxələndirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halı yaxşılaşdırılmış, ümumilikdə, bütün sahələrin dinamik inkişafı təmin edilmişdir.

    Muxtar respublikada sosial-iqtisadi tərəqqi baxımından qazanılan çoxsaylı uğurlar sırasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, bunun nəticəsində isə ixrac imkanlarının artırılması, xüsusilə qeyd olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə görülən mühüm tədbirlər kənd təsərrüfatının, xüsusilə strateji sahə olan taxılçılığın inkişafına geniş imkanlar açmışdır. Görülən işlərin nəticəsidir ki, 2021-ci ildə muxtar respublikanın taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilmişdir. Cari ilin məhsulu üçün isə ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 33 min 466 hektar sahədə taxıl əkini aparılmış, zəmilərdən 107 min 418 ton məhsul toplanmışdır. 

    İyulun 7-də Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə, əsasən, yerli istehsal hesabına ödənilir… Bu gün o ölkələr problem yaşayırlar ki, orada ərzaq və enerji təhlükəsizliyi, sabitlik təmin edilməyib. Lakin ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır”.
    Dünya əhalisinin sayının getdikcə artması, ərzağa olan tələbatın çoxalması, buna paralel olaraq əkin sahələrinin azalması, qlobal iqlim böhranı, suvarma suyuna olan tələbatın durmadan yüksəlməsi, su ehtiyatlarının tükənməsi təhlükəsi və sair amillər dünyada ərzaq təhlükəsizliyi məsələsini bir daha ön plana çıxarıb. Həmçinin dünyada baş verən ictimai-siyasi proseslər də ölkələrin ərzaq təhlükəsizliyi, xüsusilə taxıla olan tələbatına öz mənfi təsirini göstərməkdədir. Cari ilin aprel ayında Kəngərli rayonunun Böyükdüz kəndində istifadəyə verilən yeni nasos stansiyasının açılış mərasimində Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə, eyni zamanda muxtar respublikada kənd təsərrüfatı sahəsində mühüm işlər görülür. Torpaqların icarəyə verilməsi və əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması vacib məsələdir. Ölkəmizdə bu istiqamətdə xüsusi layihələr həyata keçirilir. Çünki torpaqların əkilməsi bol məhsul istehsalına, yeni iş yerlərinin yaradılmasına və idxaldan asılılığın azaldılmasına xidmət edir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, ölkələr bir-birinə təzyiq vasitəsi kimi ərzaq və enerji sahələrindən istifadə edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hər iki sahədə görülən işlərin nəticəsidir ki, həm ərzaq məhsulları və enerji ilə etibarlı təminat həyata keçirilir, həm də bu sahələr üzrə ixrac imkanları yaranır”. 
    Muxtar respublikada ərzaq təhlükəsizliyinə nail olunması bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mümkün olub. Ötən əsrin 90-cı illərində torpaqların əsl sahiblərinə qaytarılmasından başlanan proses sonrakı illərdə meliorativ tədbirlərin həyata keçirilməsinə, daha geniş ərazilərin əkin dövriyyəsinə qatılmasına, məhsuldar toxum sortlarının alınaraq gətirilməsinə, nəticədə, daha çox məhsul istehsalına imkan verib. Aqrar sahədə atılan bütün bu addımlar strateji kənd təsərrüfatı məhsullarının istehsalına da öz təsirini göstərib. Nəticədə, məhsul bolluğu ixrac potensialını yaradıb, əhalinin özünüməşğulluğu təmin edilib. Muxtar respublikanın ərzaq təhlükəsizliyində mühüm rol oynayan taxıl istehsalı da bu strateji yanaşmadan öz bəhrəsini alıb. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri sırasında taxıl istehsalı xüsusi yer tutur. Taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır, bu sahəyə dövlət dəstəyi ilbəil artırılır… Həmçinin daxili bazarın qorunması, texnika və toxum təminatı, mütərəqqi suvarma şəbəkələrinin qurulması, subsidiyaların və gübrələrin verilməsi taxılçılıqla məşğul olanlar üçün geniş imkanlar açmışdır” sözləri muxtar respublikada taxılçılığın inkişafına göstərilən qayğının ifadəsini göstərir.
     Göründüyü kimi, diyarımızda bütün strateji sahələr kimi, ərzaq təhlükəsizliyi məsələsi də ötən dövr ərzində diqqətdə saxlanılıb, bunun üçün kompleks işlər həyata keçirilib. Artıq əminliklə deyə bilirik ki, dünyanın hər bir ölkəsi üçün iki mühüm sahə olan ərzaq və enerji təhlükəsizliyi məsələsi muxtar respublikada öz həllini çoxdan tapıb. Taxılçılıqla bağlı qarşıya qoyulan məqsədə də ən qısa zamanda nail olunacağını görülən işlərlə birlikdə demək mümkündür.
    Son olaraq onu qeyd edək ki, bu gün muxtar respublikamızda ərzaq təhlükəsizliyi, xüsusilə taxılçılığın inkişafı ilə bağlı görülən işlər mühüm potensialın yaradılmasının göstəricisidir. Bu potensial isə qlobal təhdidlərə ən yaxşı cavab, əhalinin ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təminatıdır. 

Anar QASIMOV ​​​​​​​

Nəşr edilib : 23.08.2022 19:00