AZ EN RU

Muxtar respublikamızda ekoloji tədbirlər uğurla reallaşdırılır

    Qədim diyarımızda ənənə halını almış kütləvi ekoloji tədbirlər ötən şənbə günü də yüksək səviyyədə həyata keçirilib. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayonlarda sakinlər, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirlərdə fəallıq göstəriblər. Həmin gün Uzunoba Su Anbarının yaxınlığındakı 2 hektarlıq ərazidə 850 akasya ağacı əkilib, 2 hektar ərazidə isə 900 meyvə və 150 meşə ağacı bərpa olunub, Naxçıvan-Sədərək magistral yolunun kənarlarında və müəssisələrin ərazilərində bərpa məqsədilə 380 meyvə, 220 meşə və 15 həmişəyaşıl ağac əkilib. Ahıl vətəndaşın evində təmizlik işləri görülüb.
    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda keçirilən ekoloji tədbirlərdə fəallıq nümayiş etdirilib. Şərur Sənaye Məhəlləsində yol kənarlarında 30 həmişəyaşıl ağac əkilib, Dizə kəndindəki yaşıllıq sahələrində 600 meyvə ağacı bərpa edilib.
    Şənbə günü Babək rayonunun ərazisində də bölgə sakinləri tərəfindən yaşıllıqların zənginləşdirilməsi diqqətdə saxlanılıb, Kültəpə, Yuxarı Buzqov və Gərməçataq kəndlərində 300 meyvə ağacı əkilib, Nehrəm-Culfa yolunun kənarlarında və Xalxal kəndində, ümumilikdə, 500 meyvə ağacı bərpa olunub.
    Bağlar diyarı Ordubad rayonunda da növbəti ekoloji tədbirlər uğurla reallaşdırılıb, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında 450 meşə, Dəstə və Aza kəndlərinə gedən yolların kənarlarında 850 meyvə tingi bərpa edilib, Əylis və Tivi kəndlərində yeni salınmış bələdiyyə bağlarında 60 meyvə ağacı əkilib.
    Dekabrın 3-də Culfa rayonu ərazisində bərpa məqsədilə 450 meyvə tingi əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun Böyükdüz və Xok kəndləri hissəsindəki badam bağlarında bərpa məqsədilə 650 badam tingi əkilib, rayonun digər sahələrində isə 3195 meyvə və 1865 meşə ağacı bərpa olunub. Şahbuz rayonunun Ağbulaq kəndindəki yeni salınmış 1 hektarlıq bələdiyyə bağında 400 meyvə ağacı, Sələsüz, Mərəlik və Ağbulaq kəndlərindəki yaşıllıq sahələrdə və yol kənarlarında bərpa məqsədilə 745 meyvə və 410 üzüm tingi əkilib. Sədərək rayonunun Heydərabad qəsəbəsi və Sədərək kəndindəki üzüm bağlarında bərpa məqsədilə 1270 üzüm tingi əkilib, qəsəbədə, Dəmirçi və Qaraağac kənd­lərindəki yaşıllıq sahələrində, ümumilikdə, 2430 meyvə ağacı bərpa olunub.
    Muxtar respublika üzrə keçirilən ekoloji tədbirlərdə 16 minə yaxın insan iştirak edib. Ümumilikdə, 17 min 360 olmaqla, 3535 meşə, 12 min 100 meyvə, 45 həmişəyaşıl ağaclar, 1680 üzüm kolu əkilib.

 Nail ƏSGƏROV

Nəşr edilib : 05.12.2022 21:03