AZ EN RU

Muxtar respublikamız “SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda uğurla təmsil olunub

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərdə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. Beynəlxalq səviyyədə təşkil olunan “SAF 2022”-də müxtəlif kateqoriyalar üzrə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstan və ölkəmizin müxtəlif regionlarından komandalar iştirak edib. 1300-ə yaxın iştirakçının qatıldığı festivalda 127 əcnəbi iştirak edib.Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər dəvət edilib. 9 dekabr tarixədək davam edən festival çərçivəsində müsabiqələr “VEX İQ”, və “VEX V5”, “Robotiks”, “Lego”, “Axtarış və xilasetmə” (10-14, 15-18 yaş), “Hakaton” (ali məktəb), “Hakaton” (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adı ilə, ümumilikdə, 10 kateqoriya üzrə müəyyənləşdirilib, “İnnovativ layihələr sərgisi” təşkil olunub. 

    Fərqli yaş qrupları və sahələrini əhatə edən müsabiqələrdə 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.
    Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalovun  rəhbərliyi ilə Elektroenergetika ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xaliq Həsənzadə və Təvəkkül Nəcəfov “Smart tipli otbiçən” layihəsi ilə festivalın sərgi hissəsində iştirak ediblər. Tələbələr innovativ sərgidə fəal iştiraklarına görə kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 

    Festivalda “Naxçıvan” Universiteti də uğurla təmsil olunub. Ali təhsil ocağının “Elgandor” komandasında Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr öz bacarıqlarını nümayiş etdiriblər. Festival çərçivəsində ali təhsil müəssisələrini əhatə edən “Hakaton” layihəsi üzrə komandamız final mərhələsində iştirak etmək hüququ qazanıb. Onlar seçim mərhələsində sahibkarlıq sahəsini əhatə edən 20 sualdan 19-na düzgün cavab verməklə bu uğura nail olublar.    
      Xatırladaq ki, hakaton tələbələrin yeni startap layihələrini inkişaf etdirə biləcəyi üçgünlük yaradıcılıq və birgə təlim tədbiridir. Bu layihənin final mərhələsində komandamız gümüş medala layiq görülüb.
  Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir. 
    Naxçıvan Muxtar Respublikasından isə bu festivalda 8 şagird və komanda rəhbərləri olmaqla, 4 komanda – “Əlincəqala”, “Naxçıvan”, “Qapıçıq”, “Mühəndislər” komandaları iştirak edib. “Qapıcıq” və “Naxçıvan” komandaları “Survivor”, “Əlincəqala” komandası “Edu drone” kateqoriyaları üzrə, “Mühəndislər” komandası isə “İnnovativ layihələr sərgisi”ndə mübarizə aparıb. “Naxçıvan” komandası “Survivor” kateqoriyasında ən yaxşı təqdimat nominasiyası üzrə II, “Qapıçıq” komandası ümumi qaydaları yerinə yetirdiyinə görə III yerə layiq görülüb. “Mühəndislər” komandası isə 200-ə yaxın komanda arasında ilk otuzluqda yüksək nəticə göstərmişdir. “SAF 2022” festivalını birinciliklə başa vuran “Əlincəqala” komandası isə 2 mərhələdə təşkil olunan yarışın I mərhələsində maksimum bal olan 330, ikinci mərhələdə də eyni qaydada maksimum 150 bal toplayaraq I yerə layiq görülüb. 
    Yekun nəticələrə əsasən “Naxçıvan” və “Mühəndislər” komandaları qiymətli hədiyyələrlə mükafatlandırılıb, “Qapıcıq” komandası 2 bürünc, “Əlincəqala” komandası isə 2 qızıl medala layiq görülüb. 
    Qeyd edək ki, ötən il keçirilən festivalda iştirak edən Naxçıvan məktəbliləri “Lego Sumo” kateqoriyası üzrə III yerə layiq görülüb. STEAM sahəsinə göstərilən diqqət və qayğı, bu sahədəki müəllimlərin mütəmadi olaraq kurslara göndərilməsi və şagirdlər arasında müsabiqələrin təşkili öz bəhrəsini verib, bir ildən sonra Beynəlxalq festivalda qalibiyyətlə nəticələnib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.12.2022 18:24