AZ EN RU

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhatə dairəsi genişləndirilir

    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar rabitə və yeni texnologiyalar sahəsinin inkişafına da əsaslı zəmin yaratmış, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə yanvar ayının 14-də Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilmiş, 672 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılmışdır. 2022-ci ilin birinci rübündə muxtar respublikada əhaliyə rabitə və internet xidmətlərinin göstərilməsi uğurla davam etdirilmiş, 531 abonent yeni stasionar telefon xətti ilə, 1781 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunmuşdur. 

    Muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi uğurla davam etdirilmişdir. GPON (Giqabyte Passive Optical Network-Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən layihə çərçivəsində 3 ay ərzində 7 fərdi mənzilə fiber-optik xətlər çəkilmiş, zəruri avadanlıqlar quraşdırılmışdır. Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti də ilbəil artırılmışdır. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə genişzolaqlı və simsiz internet xidmətləri göstərilir. 

    Cari ilin birinci rübü ərzində muxtar respublikada 100 dövlət qurumu, 9 hüquqi şəxs, 19 sahibkar və 7-si vətəndaş olmaqla, ümumilikdə, 135 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilmişdir. 
    Qeyd olunanlarla yanaşı, nazirliyin aid mütəxəssislərinin iştirakı ilə rayon mərkəzlərində və kəndlərdə monitorinqlər aparılmış, istismar müddəti ərzində rabitə xətti və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılmışdır.
    Əhalinin genişzolaqlı internet xidmətləri ilə təmin olunması məqsədilə 2022-ci ilin birinci rübü ərzində Şərur, Şahbuz və Babək rayonlarının kəndlərində fəaliyyət göstərən avtomat telefon stansiyalarının internet tutumları artırılmışdır. Nəticə etibarilə, 1300-dən artıq istifadəçinin genişzolaqlı internet xidmətlərinə olan tələbatının ödənilməsinə imkan yaranmışdır. Gündəlik daxil olan müraciətlərə əsasən abonentlər yüksəksürətli ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) internetlə təmin olunurlar. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən Rabitə və Yeni Texnologiyalar Nazir­liyi tərəfindən bir sıra qurumlara elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.
    Həyata keçirilən tədbirlərin davamı olaraq nazirliyin proqramçıları tərəfindən hazırlanmış 8 qurumun rəsmi internet səhifələrinin 2022-ci ilin ötən dövrü ərzində təqdimatları keçirilmişdir.
    Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nazir­lerkabineti.nmr.az), Kənd Təsərrüfatı (ktn.nakhchivan.az) və Ekologiya və Təbii Sərvətlər (ekologiya.nakhchivan.az) nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (shxcdx.nakhchivan.az), Mərkəzi Seçki Komissiyasının (msk.nakhchivan.az), Rəssamlar Birliyinin (nrb.nakhchivan.az), Naxçıvan Biznes Mərkəzinin (nbm.nakhchivan.az) və “Şərq qapısı” qəzetinin (serqqapisi.az) rəsmi internet səhifələri dizayn, quruluş və məzmun cəhətdən təkmilləşdirilmiş, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni bölmələr əlavə edilmişdir. Yeni saytlar həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiyalar ilə müqayisədə daha da təkmilləşdirilmiş və yeni informasiyalarla zənginləşdirilmişdir. İstifadəçi rahatlığını təmin etmək üçün yeni saytlar müasir üslubda tərtib edilərək hər bir istifadəçinin kompüter, planşet və mobil telefonunun ekran ölçülərinə uyğun şəkildə hazırlanmışdır.
    Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılmış, 2022-ci ilin iş planına əsasən Ordubad, Şahbuz, Culfa və Kəngərli Rayon Rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşları ixtisas­artırma kurslarına cəlb edilmişlər.
    Bunlarla yanaşı, nazirliyin təşkilatçılığı ilə fevral ayı ərzində “Microsoft” Korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar Komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev və “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı məsul şəxsi Tural Zərbəliyev tərəfindən dünyanın qabaqcıl texnologiyaları, 5G texnologiyası, əşyaların interneti, süni intellekt haqqında “DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “INSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı tərəfindən isə “Proqramlaşdırma, irihəcmli verilənlər, maşın öyrənməsi və süni intellekt kimi sahələrdə biliklərin inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi üzrə maariflənmənin artırılması və kibertəhlükəsizlik risklərindən qorunma üsulları, banklarda informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və bank əməliyyatlarının aparılması zamanı zərərverici proqram təminatlarından müdafiə üsulları” mövzusunda təlimlər keçirilmişdir.
    “Buta Global Enerji” şirkətinin radioölçmələr üzrə mühəndisi Ramazan Əliyev tərəfindən nazirliyin və “Naxçıvan Muxtar Respublikasının Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin aid əməkdaşlarına yeni nəsil telekommunikasiya avadanlıqlarının texniki göstəriciləri haqqında seminar keçirilmişdir. 
    Həmçinin Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların  Tədrisi Mərkəzində təşkil olunan kurslara, ümumilikdə, 121 qrup olmaqla, 278 dinləyici cəlb edilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafını səciyyələndirərək demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
    Muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.04.2022 18:52