AZ EN RU

Muxtar respublikada xalq sənəti növlərinin qorunması və təbliği istiqamətində əvəzsiz işlər görülür

    Muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinin daim diqqət mərkəzində olması, dövlətin bu sahəyə göstərdiyi qayğı yerli sənətkarlara yeni yaradıcılıq imkanları verib.  Ötən dövrdə bu istiqamətdə bir çox işlər görülüb, o cümlədən muxtar respublikada xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib.

    Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə reklam və kommersiya fəaliyyətləri ilə əlaqədar köməklik göstərilməsi məqsədilə 2004-cü ildə İqtisadiyyat Nazirliyinin nəzdində “Əl işlərinin, sənət əsərlərinin Sərgi-Satışı və Sahibkarların İnformasiya Mərkəzi” yaradılıb. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirən müəssisədə xalq yaradıcılığının inkişaf etdirilməsi, el sənətkarlarının fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılıb. Ötən il mərkəz tərəfindən sərgi-satış məqsədilə ümumi dəyəri 18 min 879 manat olan 923 adda iş satışa çıxarılıb. Bu müddətdə 469 adda 8575 manat dəyərində əl işlərinin satışı həyata keçirilib. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən sənətkarlar tərəfindən hazırlanan 217 əl işi, rəsm əsərləri, xalçalar nümayiş olunur. Muxtar respublikada belə bir mərkəzin yaradılmasında məqsəd Naxçıvanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək onların əl işlərinin satışı və sərgilənməsi üçün vahid məkanın qurulmasıdır.

    Mərkəzin sərgi salonu ilə yanaşı, bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkili məqsədilə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Bu gün həmin mağazada naxçıvanlı sənətkarlar tərəfindən hazırlanmış müxtəlif misgərlik, dulusçuluq, ağacoyma, rəsm əsərləri, toxunma geyimlər, kiçikölçülü xalçaçılıq məmulatları və sair satılır. Naxçıvan şəhərinin müxtəlif yerlərində fəaliyyət göstərən bu mağazalardan hər bir kəs öz qonağı, yaxınları, əzizləri üçün hədiyyəlik kimi olduqca maraqlı sənət nümunələri tapa bilər.

    Bu əl işlərinin turistlərin ən çox maraq göstərdiyi obyektlərdə, o cümlədən Saat Meydanında yerləşən hədiyyəlik – “Naxçıvan məhsulları” satış mağazasında, Əshabi-kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzindəki satış məntəqələrinin yaradılması Naxçıvanımızın tanıdılmasında əvəzsiz rola malikdir.

    Bu gün Naxçıvan turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib. Hər bir turist istirahət etdiyi və ya səyahətdə olduğu məkandan gedərkən ailəsinə və yaxınlarına bu yurdun tarixinə, məişətinə, mədəniyyət və adət-ənənələrinə aid əl işlərindən ibarət bir yadigar aparmağa daha çox üstünlük verir. Bu da mühüm bir təbliğat nümunəsidir. Çünki ağac üzərində oyma işlərindən daşduz suvenirlərinə, misgərlik məmulatlarından kəlağayı və araqçına, türk-islam mədəniyyəti abidələrindən təbiət gözəlliklərinin təsvirinədək həkk olunmuş müxtəlif əl işlərində ölkəmizin tarixindən, mədəniyyətindən, məişətindən tutmuş milli dəyərlərinə, dünyaya baxış tərzinə, zövqünədək çox cizgilər yatır. Bununla bağlı xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan sənətkarlarımız belə fürsəti yetərincə dəyərləndirməlidirlər.

    Müxtəlif sənətkarlıq sahələrinin inkişaf etdirilməsi daxili bazarı təmin etməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlarda da özünə alıcı kütləsi qazana bilər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 19:33