AZ EN RU

Muxtar respublikada uşaq əhalisinin sağlamlığına xüsusi diqqət göstərilir

Sağlam uşaqlar sağlam cəmiyyətin təməlidir. Gələcəyimiz olan uşaqların sağlam böyümələri, onların düzgün formalaşaraq cəmiyyətdə xeyirli vətəndaş kimi yetişmələri dövlətimizin prioritet istiqamətlərindən biridir. Muxtar respublikada bütün sahələrdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən islahatlar Naxçıvanda tibbin sürətli inkişafı, əhalinin rifahının yüksəldilməsi və sağlam gələcəyimizin təmin olunması ilə nəticələnir ki, bu da insan sağlamlığına göstərilən diqqət və qayğının ən gözəl nümunəsidir. Səhiyyənin inkişafı üçün yaradılan hərtərəfli şərait muxtar respublikada bütün yaş təbəqələrindən olan əhalinin, eləcə də uşaqların sağlamlığının təmin olunmasına geniş imkanlar açır. Cəmiyyətimizin formalaşmasında əsas rol oynayan uşaqların istər təhsil aldıqları, istərsə də asudə vaxtlarında keçirdikləri zaman ərzində sağlam olmaları dövlətimizin xüsusi diqqətindədir. 
Göstərilən qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq uşaqların sağlamlığı istiqamətində əhəmiyyətli işlər görülür, sağlamlıq imkanları məhdud olan uşaqlar dispanser qeydiyyata alınaraq nəzarətə götürülür, uşaqların dərindən tibbi müayinəsi aparılır, daha dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilərək qeydiyyata alınır. Hamilələrin qeydiyyatı reyestrində mütəmadi olaraq həkim ambulatoriyalarında və Feldşer Mama məntəqələrində manitorinqlər keçirilir, rayon mərkəzi xəstəxanalarında və Perinatal Mərkəzdə həmin hamilələr reyestrə alınır, yenidoğulmuşlarda rast gəlinən anadangəlmə qüsurların vaxtında aşkar olunması məqsədilə müayinə və müalicələrin aparılması diqqətdə saxlanılır.
Muxtar respublika tibb müəssisələrində yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə edilərək əhalinin, eləcə də uşaqların tibbi müayinə və müalicələri yüksək səviyyədə aparılır, onların xəstəliklərinin vaxtında aşkar edilməsi məqsədilə dispanserizasiyası həyata keçirilir. Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında uşaqlar qeydiyyata alınaraq dərindən tibbi müayinlərə cəlb olunmuş, dispanser nəzarətə alınan uşaqların müvafiq ixtisas həkimləri tərəfindən müayinəsi aparılmışdır. 
Təkcə 2023-ci ilin ötən dövrü ərzində müayinə olunan uşaqlardan Naxçıvan şəhəri üzrə 13607 uşaqdan 7870-i, Babək rayonu üzrə 8865 uşaqdan 162-si, Şahbuz rayonu üzrə 1974 uşaqdan 145-i, Sədərək rayonu üzrə 1702 uşaqdan 58-i, Şərur rayonu üzrə 5498 uşaqdan 1150, Culfa rayonu üzrə 4076 uşaqdan 1236-sı, Ordubad rayonu üzrə 3987 uşaqdan 602-si, Kəngərli rayonu üzrə isə 3713 uşaqdan 438-i dispanser qeydiyyata alınmışdır. Beləliklə, muxtar respublika üzrə 51789 uşaqdan 43422-si müayinə olunmuşdur ki, onlardan da ümumilikdə 11661-i dispanser qeydiyyata alınmışdır.
Keçirilən tədbirlərin davamı olaraq “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə muxtar respublikanın tibb müəssisələrində müxtəlif aksiyalar keçirilir. Belə aksiyalardan biri də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində xalqımızın unudulmaz Lideri, Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Beynəlxalq Uşaqlar Günü”nə özəl tibbi aksiyanın keçirilməsidir. Belə ki, Bakıdan gələn yüksəkixtisaslı həkim briqadası tərəfindən azyaşlıların ödənişsiz tibbi müalicə və müayinəsi aparılmış, balaca fidanlara tibbi xidmət göstərilmişdir.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə böyük layihəyə - Naxçıvan Muxtar Respublikasında IX-XI sinif şagirdlərinin keratokonus xəstəliyinin skrininqinin keçirilməsinə start verilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən muxtar respublikada keratokonus xəstəliyinin skrininqinin aparılması ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq muxtar respublikada yaşayan uşaq əhalisinin (hər rayon və şəhər üzrə ayrı-ayrılıqda) qeydiyyatı  aparılıb, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə başlanılıb. Hazırda davam edən layihə Kəngərli, Culfa və Ordubad rayonlarında yekunlaşmış, digər rayonlarda isə davam etdirilir. Üç rayonun nəticələrinə görə, Kəngərli rayonu üzrə 707 şagirddən 701-i, Ordubad rayonu üzrə 1085 şagirddən 950-si, Culfa rayonu üzrə isə 1182 şagirddən 1165-i müayinə olunmuş, nəticədə, ümumilikdə, 279 şagird keratokonus və rəng duyğusuna şübhəli kimi, dərindən müayinə və müalicəyə cəlb olunmuşdur.
Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin təşkilatçılığı ilə  keçirilən humanitar tibbi aksiya zamanı Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim heyəti Ordubad şəhər tam orta internat məktəbində aksiya keçirmişdir ki, aksiya zamanı şagirdlərə Xəstəxananın terapevt, endokrinoloq, stomatoloq, uroloq, radioloq, nevropatoloq, lor, laboratoriya, travmatoloq, ginekoloq olmaqla 17 nəfərdən ibarət həkim briqadası tərəfindən tibbi xidmətlər göstərilmişdir. Həkim briqadası tərəfindən, ümumilikdə, 46 şagird üzərində 240 müayinə aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün muxtar respublikada da uğurla həyata keçirilir. Uşaqların sağlam və hərtərəfli inkişafı üçün əsas şərtlərdən biri də uşaqlar arasında yoluxucu xəstəliklərlə mübarizə işinin düzgün təşkil edilməsidir. Tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 24-29 aprel 2023-cü il tarixlərində “İmmunlaşdırma həftəsi”nə start verilmiş, əmrə əsaslanaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında aprel ayının 24-dən kütləvi profilaktik peyvəndlərin aparılmasına başlanılmışdır. Belə ki, bu müddət ərzində muxtar respublikada 383 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunmuşdur ki, onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı olmuşdur.
Bu gün muxtar respublikada uşaq əhalisinin sağlamlığı istiqamətində aparılan yeni islahatlar və tədbirlər gələcəyimiz olan uşaqlara göstərilə qayğının bariz bir nümunəsidir. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.05.2023 19:05