AZ EN RU

Muxtar respublikada torpaqların su təminatının yaxşılaşdırılması işləri davam edir

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə əsasən yanvar-mart ayları ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması nəzarətdə saxlanılmışdır. Belə ki, muxtar respublika ərazisində olan su anbarlarına 2023-cü ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilmiş və mart ayının sonuna sututarlara 121,93 milyon kubmetr su yığılmışdır.

    2023-cü ilin yanvar-mart ayları ərzində 1 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmiş, 51,4 kilometr beton və torpaq kanal, 62,68 kilometr ara arxlar, 5,7 kilometr kollektor lildən təmizlənmiş, 0,99 kilometr içməli su, 0,17 kilometr kanalizasiya xətti, 0,09 kilometr yeni kaptaj xətti çəkilmiş, 3,78 kilometr mövcud içməli su xətlərində, 0,43 kilometr kanalizasiya xətlərində, 5,02 kilometr suvarma boru xətlərində, 6,46 kilometr təzyiqli boru xətlərində, 0,44 kilometr kaptajlarda və 0,1 kilometr açıq drenajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Babək rayonunda Sirab Su Anbarına sugətirən kanalın 20 metr hissəsi beton plitələrlə üzlənmiş, Kəngərli rayonunda mövcud olan sututarlarda lildən təmizlənmə işləri başa çatdırılmışdır.
  Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 5,6 kilometr, Sədərək rayonunda Heydərabad-“Şirarxı” kollektorunda 0,1 kilometr lildən təmizlənmə işləri aparılmış, Ordubad rayonunun Dırnıs kəndi ərazisində isə 0,1 kilometr açıq drenaj xətti təmir olunmuşdur. Görülən işlər nəticəsində Şərur rayonunda 66 hektar, Sədərək rayonunda isə 0,5 hektar olmaqla, ümumilikdə, 66,5 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. 
     Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,91 kilometr, Şahbuz rayonunda isə 0,08 kilometr içməli su xətti çəkilmiş, Şərur rayonunda 0,61 kilometr, Babək rayonunda 0,82 kilometr, Culfa rayonunda 0,67 kilometr, Ordubad rayonunda 1,6 kilometr, Kəngərli rayonunda isə 0,09 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. 
    Şərur rayonunun Tənənəm kəndinin suvarma boru xətlərini qidalandıran, uzunluğu 86 metr yeni kaptaj tikilmiş, Babək rayonunda Gülşənabad, Xalxal, Payız, Kültəpə kəndlərinin və Nehrəm qəsəbəsinin kaptajlarında 290 metr, Culfa rayonunda Bənəniyar və Əbrəqunus kənd kaptajlarında 45 metr, Ordubad rayonu, Xanağa kənd kaptajında isə 100 metr təmir-bərpa işləri aparılmışdır. Suvarma mövsümünə hazırlıq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmış, həmçinin nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri davam etdirilmişdir.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularına və Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusuna, ümumilikdə, 8 ədədinə yeni nasos quraşdırılmaqla 116 ədədi təmir olunmuşdur. Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 5 ədəd nasos rotoru, 30 ədəd su sayğacı təmir edilmiş, 104 ədəd nasos hissəsi və 1 ədəd siyirtmənin başlıq hissəsi hazırlanmışdır.     

Naxçıvan Muxtar Respublikası
 Meliorasiya və Su Təsərrüfatı Açıq 
Səhmdar Cəmiyyətinin mətbuat xidməti 

Nəşr edilib : 13.04.2023 20:11