AZ EN RU

Muxtar respublikada torpaqların su təminatının yaxşılaşdırılması işləri davam edir

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş qrafikə uyğun olaraq fevral ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılmış, su anbarlarına suyun yığılması həyata keçirilmişdir. Belə ki, muxtar respublika ərazisində olan su anbarlarına 2023-cü ilin fevral ayı ərzində su ehtiyatının toplanılması işləri davam etdirilmiş və ayın sonuna sututarlara 95,11 milyon kubmetr su yığılmışdır.
    2023-cü ilin fevral ayı ərzində 0,3 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmiş, 16,2 kilometr beton və torpaq kanal, 23,62 kilometr ara arxlar, 1,9 kilometr kollektor lildən təmizlənmiş, 0,5 kilometr içməli su xətti çəkilmiş, 0,9 kilometr yeni kaptaj tikilmiş, 1,51 kilometr mövcud içməli su xətlərində, 0,11 kilometr kanalizasiya xətlərində, 0,05 kilometr suvarma boru xətlərində, 0,39 kilometr təzyiqli boru xətlərində, 0,16 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Kəngərli rayonunun ərazisində mövcud olan sututarlarda lildən təmizləmə işləri aparılmışdır. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunun Xələc kollektorunda 1,9 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 22 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
   Şərur rayonunun Tənənəm kəndinin suvarma boru xətlərini qidalandıran, uzunluğu 86 metr yeni kaptaj tikilmiş, Babək rayonunun kənd kaptajlarında 130 metr, Culfa rayonunun Bənəniyar kənd kaptajında isə 25 metr təmir-bərpa işləri həyata keçirilmişdir. Babək rayonunun Şəkərabad kəndində 12 metr, Ordubad şəhərində 100 metr kanalizasiya xətti təmir olunmuşdur. Suvarma mövsümünə hazırlıq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Babək rayonunda 26 metr, Culfa rayonunda isə 20 metr suvarma boru xətləri təmir edilmişdir.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri davam etdirilmişdir. Şahbuz rayonunda “Daylaqlı” nasos stansiyası və Kolanı kəndində subartezian quyusunun təzyiqli boru xətlərində 0,22 kilometr, Culfa rayonunda “Culfa-1” nasos stansiyası və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0,13 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Qaraçuq-1” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,04 kilometr  təmir-bərpa işləri aparılmışdır.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2-nə yeni nasos quraşdırılmaqla 36-sı təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusunun tikintisinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 
Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 27.03.2023 19:25