AZ EN RU

Muxtar respublikada torpaqların su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin oktyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin oktyabr ayının sonuna 71,96 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə oktyabr ayı ərzində 5,67 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 602 hektar torpaq sahəsi suvarılmışdır.
    2023-cü ilin oktyabr ayı ərzində 17,31 kilometr beton və torpaq kanallar, 16,39 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənmiş, 10,24 kilometr içməli su, 0,08 kilometr kanalizasiya xətləri çəkilmiş, 0,13 kilometr yeni kaptaj tikilmiş, 2,59 kilometr mövcud içməli su xətlərində, 0,41 kilometr suvarma boru xətlərində, 1,14 kilometr təzyiqli boru xətlərində, 0,45 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
    Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 1,8 kilometr, Muğanlı kollektorunda 0,4 kilometr, Qorçulu kollektorunda isə 0,7 kilometr olmaqla cəmi 2,9 kilometr kollektorlarda lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunun 34 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,33 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Nehrəm kənd”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,24 kilometr, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Mahmudoba” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,11 kilometr, Culfa rayonunda “Yaycı-1”, “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar Su Anbarının təzyiqli boru xətlərində 0,28 kilometr, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttində 0,13 kilometr, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,06 kilometr təmir-bərpa işləri aparılmışdır.
    2023-cü ilin oktyabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 410 metr kürə lildən təmizlənmiş, 6 metr saybənd hörülmüşdür.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 13 ədədinə yeni nasos quraşdırılmış, 57 ədədi isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Gülşənabad kəndində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir. Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 7 ədəd su sayğacı təmir olunmuşdur.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 146 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və 
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 
mətbuat xidməti

Nəşr edilib : 27.11.2023 18:09